15 Noyabr 2023 14:45
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktyor, ixtisasca həkim olan Ercan Kesal Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ercan bəy, Yunus Emre İnstitutu Bakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq kitab sərgisində imza gününüz baş tutdu. Təəssüratlarınızı eşitmək istərdik.

- Bəli, 9-cu Beynəlxalq kitab sərgisində imza günü oldu, kitablarımı oxuclara təqdim etdim. Bakıda məni daha çox aktyor kimi tanıyırlar. Amma kitab sərgisi vasitəsi ilə ədəbiyyat istiqamətimi də tanıyacaqlar, inşallah. Hər iki sahənin bir-birini istiqamətləndirəcəyini düşünürəm. Burada olmaqdan çox məmnunam. Azərbaycana üçüncü dəfədir gəlirəm. Bakını çox sevirəm.

- Bakıda hər hansı bir layihə ilə bağlı təklif olarsa, qəbul edərsinizmi?

- Dəvət olsa, qəbul edə bilərəm.

- Bildiyiniz kimi Azərbaycan torpaqları erməni işğalından azad edildi. Maraqlıdır, Şuşanı görmək istərdinizmi?

- İlk növbədə Azərbaycan xalqını Qarabağın azad olunması münasibətilə təbrik edirəm. Əlbəttə, Azərbaycanın hər guşəsini görmək istəyərəm.

- Siz aktyor, yazıçı və ssenari müəllifi kimi fəaliyyət göstərirsiniz. İxtisasca həkimsiniz, Kırıkkaledə bir müddət həkim kimi çalışmısınız. “Bir zamanlar Anadoluda” filmindəki doktor Cemal öz prototipinizdir? Ümumiyyətlə, Anadolu insanını necə xarakterizə edərsiniz?

- Bəli, “Bir zamanlar Anadolu” filmindəki doktor Cemal obrazı xəstəxanada işlədiyim zaman ssenarisini yazdığım bir xarakterdir. Yaşadığım bir hekayənin ssenarisini qələmə almışam. Anadolu insanı Azərbaycan insanına çox bənzəyir. Eyni qonaqpərvərlik, sevgi, eyni xoş münasibət... Ona görə özümü Bakıda yaxşı və rahat hiss edirəm.

- “Bir zamanlar Anadoluda” filminin şəxsi həyatınıza dəxli var. Ekran əsərində duyğulandığınız hər hansı səhnə varmı?

- Yaşadığım hadisə filmə çevrildiyi üçün və bu dəfə 25 il sonra orada olduğum üçün çox duyğulandım. Orada üç aya yaxın işlədim və hər an xoş hisslər keçirdim.

- “Çukur” serialında İdris Koçovalı obrazına həyat vermisiniz. Ercan Kesal İdris Koçovalıya həyat dərsi verdi, yoxsa əksinə?..

- İdris Koçovalı Ersan Kesaldan çox şey öyrəndi. Mən hansısa obraz canlandırarkən özümdən başqası ola bilmirəm.

- Müsahibələrinizin birində “Mən ən çox özümə üzüldüm. Bu hərəkəti hər kəsdən gözləyirdim, özümdən yox” fikrini bildirmisiniz. Bu ifadənin səbəbi nədir?

- Bu ifadə filmlə əlaqədar idi. Bir vaxtlar siyasətlə məşğul olmuşam. Siyasət yolculuğunda özümə çox təəccüblənmişdim. Özümə üzüldüm deyərkən, etməməli olduğum hərəkəti elədiyimi görəndə özümə üzülmüşdüm. Həmin ifadə bununla bağlıdır.

- Hazırda tanınmış aktrisa Vahidə Perçinlə “Aldatmak” serialında tərəf-müqabilisiniz. Bu layihədə rol almaq necə bir hissdir? Vahidə Perçinlə tanışlıq nə zamandan başlayıb?

- Vahidə Perçin xanımımın sinif yoldaşıdır. Çox köhnə dostumuzdur və ona hörmət edirəm. Çox peşəkar aktrisadır. Onunla tərəf-müqabili olmaq, belə bir layihədə çəkilmək çox gözəldir.

- Nuri Bilge Ceylanın bir sıra filmlərinin ssenari müəllifisiniz. Sonra işbirliyiniz davam etmədi. Gələcəkdə yenidən bir araya gələ bilərsiniz?

- Nuri Bilge Ceylanla işbirliyimiz yenidən davam edə bilər. Çox dəyərli rejissor və ssenaristdir. Onunla “Üç meymun”, “Bir zamanlar Anadoluda” filmlərində birlikdə çalışmışıq. Sonra özü film çəkdiyi üçün yollarımız ayrıldı, amma qəlblərimiz birdir.

- “Peri Gazozu”, “Velhasıl”, “Hekimlik sanatları”, “Evvel zaman”, “Cin aynası” və sair kitablarının müəllifisiniz. Yeni kitab üzərində çalışırsınız?

- Gələn il yeni kitabım nəşr olunacaq.

- Yeni layihələriniz gözlənilirmi?

- 2024-cü ilin sonuna qədər inşallah yeni ekran əsərlərində rol alacam.

- Kitablarnızın Azərbaycan dilində çap olunmasını istərdinizmi?

- Bir kitabım Azərbaycan dilində nəşr olunub. Digər kitablarım da nəşr edilər, inşallah.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər