Türkiyənin tanınmış aktyoru Volkan Girgin Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Volkan bəy, Yunus Əmrə İnstitutunun təşkilati dəstəyi ilə 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına qatılmısınız. Təəssüratlarınızı eşitmək istərdik.
- Bakıda keçirilən 14-cü Beynəlxalq Qısa Filmlər Festivalına “Umud” adlı qısametrajlı filmlə qatıldım. Bu mənim ikinci qısametrajlı filmimdir, tamaşaçı qarşısında ilk dəfə nümayiş etdirildi. Filmin belə bir səviyyəli festivalda nümayiş edilməsindən çox məmnun olduq.
Bakıya gəlməyimdən də çox xoşbəxtəm. Neçə illərdi buraya gəlmək istəyirdim, festival bir vəsilə oldu. Bakıya ilk dəfə gəldim, hələ şəhəri yaxşı gəzə bilməmişəm. Amma gördüklərim çox xoşuma gəldi. Binaları, evləri, şəhərin arxitekturasını bəyəndim. Bakını gəzmək üçün 15 gün vaxt lazımdır. Muzeyləriniz çoxdur.
Şəhərinizə 15 günlük gəlmək istəyərəm. Düzdür, iş səbəbindən boş vaxt olmur. Hava limanından gələrkən geniş yollar, təmiz küçələr, möhtəşəm binalar diqqətimi çəkdi.
- Azərbaycan tamaşaçısı sizi illər əvvəl TRT kanalında yayımlanan “Yedi numara” serialında Rəcəb obrazı ilə tanıdı. Bu tipli seriallar daha çəkilmir. Hazırda çəkilən bütün seriallar sanki bir-birinin təkrarıdır. Həmin serialın davamının çəkilməməsi səbəbi nədir?
- “Yedi numara” serialına 2000-ci ilin iyulunda başladıq, noyabrda TRT kanalında yayımlanmağa başladı. 2003-cü ildə serial bitdi. Niyə serialın davamı çəkilmədi? Bitirdiyin bir işi niyə davam edəsən ki?
Niyə “Yedi numara” formatında serial çəkilmir? Niyə seriallar bir- birinin təkrarıdır? Bunun film sənayesi baxımından bir cavabı var. Hazırda Türkiyədə serialların yayım vaxtı 140 dəqiqədir. Çünki reklam gəlirlərinin qarşılanması üçün vaxt bu qədər olmalıdır.
İkinci səbəb isə serialların xarici ölkələrə satılmasıdır. Türkiyənin dram janrında çəkilən filmləri yaxşı satılır və bizim kinomuz bütün dünyaya film satan sahəyə çevrildi. Xarici ölkələr isə bənzər hekayələr istəyirlər. Bu səbəbdən bir-birinə bənzəyən layihələr ortaya çıxır.
- Aktyor olmaqla yanaşı ssenari müəllifi və rejissor kimi də fəaliyyət göstərirsiniz. Bu üç sahədən daha çox hansını özünüzə yaxın hesab edirsiniz?
- Çox çətin sualdır. 1988-ci ildən teatrda aktyorluğa, 1998-ci ildən ssenari yazmağa, 2020-ci ildən isə rejissorluğa başladım. Bunların hər birinin başqa avantajı və dezavantajı var, iş yükü və yaratdığı stress baxımından. İş yükü və stress baxımından ssenari yazmaq çox çətindir, yorucudur. Digər tərəfdən bütün işin cavabdehliyi səndə olur. Hekayəyə, obraza sən qərar verirsən.
Aktyorluğun, xüsusilə teatrda oynamağın da başqa unikal tərəfi var. Tamaşaçı ilə canlı ünsiyyətdə olursan. Bunun yaşatdığı xoş hiss digərlərində yoxdur.
Rejissorluq və prodüserlik tərəfinə gəlincə, belə bir azadlıq olur, hər şeyə özün qərar verirsən. Kimsə fəaliyyətinə müdaxilə edə bilmir. “Umud”un rejissoru və prodüseri mən və həyat yoldaşım Sədəf Pəhlivanoğludur.
- Yeri gəlmişkən siz “Yedi numara” serialında oynayan aktrisa ilə evlisiniz. Evli olduğunuzu bir çoxları bilmir və təəccüblənir. Sədəf xanımın kino sahəsində görsənməməsinin səbəbi nədir?
- Əslində, yaxın günlərdə Show TV-də “Sandıq qoxusu” adlı bir seriala çəkiləcək. Bakıya gələ bilməməsinin səbəbi də bununla bağlıdır. Öncə qeyd etdiyim kimi, filmləri birgə çəkirik.
- İş prosesində Sədəf xanımla hər hansı gərginlik, hansısa mövzuda fikir ayrılığı yaşanmır ki?
- İş prosesində çox ağıllı davranmağa çalışırıq. Təbii ki, gərginlik də olur. Mübahisə etdiyimiz məsələləri şəxsiyə istiqamətləndirmirik. Məsələn, “Umud” filminin çəkilişi zamanı fikir ayrılığı ortaya çıxdı. İşlə bağlı probem olanda həll etməyə çalışırıq. Bir nöqtədə dayanırıq və ağılla ortaq məxrəcə gəlirik. Ona görə də məsələ böyümür. Rejissoru olduğum filmlərdə isə kimsənin işə qarışmasına icazə vermirəm.
- “Yedi numara”da birlikdə çəkildiyiniz həmkarınız Olgun Şimşək “Tərzi” serialına çəkilir. Serialı izləmisinizmi? Olgun Şimşək ilə münasibətiniz davam edirmi?
- Serialı izləməmişəm. Birlikdə fəaliyyət göstərərkən təbii ki, tez-tez görüşməli olursan. Layihə bitəndən sonra isə hərə öz yoluyla gedir. Amma dostluq münasibətimiz davam edir.
- Bir çox həmkarlarınız seriallarda, televiziya proqramlarında, “Güldür-güldür” şouda və sairdə iştirak edir. Amma “Yedi numara” serialının kollektivi teatrda və sanki arxa planda fəaliyyətlərinə davam etdilər. Bunun səbəbi nədir?
- Başqa həmkarlarım haqqında fikir bildirə bilmərəm, amma mənim tərcihim budur. Mən daha çox ssenari yazmağı, teatrda oynamağı, filmlərdə kiçik obrazlarla çıxış etməyi seçdim. Ən son “Möhtəşəm yüzil”də oynadım.
- Hələ də “Yedi numara” Azərbaycanda sevilir və izlənilir. Maraqlıdır ki, Türkiyədə də aktuallığını saxlayırmı?
- Bəli, Türkiyədə də “Yedi numara” çox sevilir.
- Bəzi seriallar reytinq qurbanı olurlar. Bunda səbəb hekayə, yoxsa aktyor heyəti önəmlidirmi? Tanınmış aktyorların baş rolunu canlandırdığı seriallar da reytinq qurbanı olurlar.
- Serial və film üçün hekayə önəmlidir. Biz “Yedi numara”nın çəkilişlərinə başlayanda TRT-də on film çəkilirdi. Onların içində ən tanınmayan serial “Yedi numara” idi. Doqquz serialın çəkilişi dayandırıldı, orada tanınmışlar oynayırdı. Amma bizim serialımız davam etdi.
- Siz Konyadansız. Konyanın mədəniyyətinin, mühitinin sizin peşənizdə nə kimi təsiri oldu?
- İstanbulda doğulmuşam, amma uşaqlıqda məni həmişə kəndə aparırdılar. “Yedi numara”nın hekayə yaradıcısıyam. Orada məmləkət hekayələrini təqdim edirdim. Kəndə tez-tez getdiyim üçün ssenarinin yazılmasında işim asan oldu, bələd olduğum mövzu idi. Şəhərdə doğulub, böyüyüb, amma kənd həyatını bilən bir uşaq idim.
- Azərbaycanda hər hansı filmdə çəkilmək istərdinizmi?
- Təbii ki, istərdim. Təkliflərə açığam. Azərbaycanla bağlı bütün layihələrdə yer almaq arzumdu. Amma layihənin nədən bəhs etməsi də önəmlidir.
- Azərbaycanlı aktyorlardan kimisə tanıyırsınızmı? Eləcə hansısa filmimizi izləmisinizmi?
- Aktyorları tanımıram. Amma Azərbaycan musiqisini çox dinləyirəm. Rəşid Behbudovun mahnılarını bəlkə milyon dəfə dinləmişəm. Onun bütün mahnılarına qulaq asmışam, xüsusilə “Ay qız”a.
Mənim qaynım Qarslı idi. Onun sayəsində Azərbaycan musiqisini 8-9 yaşımdan dinlədim. Məsələn, uşaqlıq illərimdə Azərbaycanı heç vaxt Sovet İttifaqının tərkibində sanmamışam. Mərkəzi Asiyanın tarixi Türküstan ərazisini, eləcə də Ermənistanı, Gürcüstanı tanımırdım. Başqa respublikaların heç birindən xəbərim yox idi. Amma Azərbaycan haqqında məlumatlı idim və tanıyırdım.