21 Yanvar 2015 16:14
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış bəstəkar-müğənni EMIN “Nargis” jurnalına müsahibəsində yaradıcılıq axtarışları, həyat prioritetləri və əsl kişi tərbiyə etmənin nüansları barədə danışıb.

Teleqraf.com müsahibəni təqdim edir :

- Emin, yeni "Начистоту" albomunuzun çıxması münasibətilə sizi təbrik edirik! Uzun illər ingilis dilində oxuduqdan sonra necə oldu ki, rus dilində albom yazdırmaq qərarı verdiniz?

- Çox sağ olun! Düz bir il öncə rus dilində "На краю" adlı debüt albomum çıxmışdı, "Начистоту" isə artıq sayca ikincidir. Uzun illər ingiliscə oxudum, ancaq vaxtımı daha çox Moskvada keçirdiyimə görə özümü rus dilində yoxlamaq qərarı verdim. Yekunda demək olar ki, yeni bir albom ərsəyə gəldi.

- Albomla bağlı heç də az əhəmiyyətli olmayan strateji qərar duetlər idi...

- Bəli, bu alboma daxil olan bütün duetlər mənim ilk növbədə dostluq etdiyim və ünsiyyət saxladığım, yaradıcılığı mənə yaxın olan ifaçılarla yazılıb. Svetlana Lobodo ilə "eksperimentlərin" nəticəsi "Cмотришь в небо" mahnısı oldu. Trek hazırda ən böyük radiostansiyaların dövriyyəsində əsas mahnılardandır. Daha sonra Qriqoriy Leps və Britaniya saundu ilə qeyri-adi, mən hətta deyərdim ki, formatdan kənar bir mahnı (Я лучше всех живу) yazdırdıq. Stas Mixaylov "Берега" mahnısını yazdı və duet oxumağı təklif etdi. Ani Lorakla üç birgə treki müzakirə etdik və ilk olaraq, "Зови меня" mahnısını, ardınca isə digər iki treki yazdırdıq.

- Bir çoxlarını sizin Zülfiyyə Xanbabayeva ilə "Azərbaycan" mahnısını duet ifa etməniz sözün yaxşı mənasında təəccüblənmişdi.

- Bir dəfə yaxın dostum Murad Babayev mənə dedi ki, "sənin Bakıda konsertlərin olub, rusiyalı ifaçılarla birlikdə yazılmış çoxlu treklərin var, amma azərbaycanlı ifaçı ilə oxumamısan!". Mən isə ona dedim ki, Azərbaycan dilində məmnuniyyətlə mahnı yazdırardım, ancaq bir "amma" var. Mənim dil ilə bağlı problemim var və istəməzdim ki, bu, səhnədə hiss olunsun. Yekunda bir qərar verdim və seçim Zülfiyyə Xanbabayevanın üzərinə düşdü. O, mənim musiqi fantaziyama azadlıq verdi, ilk dəfə olaraq, milli Azərbaycan alətləri ilə eksperiment etdim.

- Emin, sizin konsertləriniz həmişə anşlaqla keçir və tamaşaçılar özünüzü səhnəyə necə həsr etdiyinizi hiss edirlər. Bəs konsertdən sonra vəziyyətiniz necə olur?

- Konsertdən sonrakı hislər həmişə qarışıq olur. Bir tərəfdən hər şeyin düşünüldüyü kimi keçdiyinə görə sevinirsən, digər tərəfdən isə izləyicinin fikir vermədiyi, ancaq sənin özünün xoşuna gəlməyən hansısa texniki nüansları yada salırsan. Hər halda konsertdən sonra gərginlik hiss edirsən və evdə də yuxuya gedə bilmirsən. Adrenalin buraxmır, sanki çoxlu enerji sərf etmisən, ancaq əvəzində də az qazanmamısan. Buna baxmayaraq, bu hiss mənə xoşdur.

- Əgər qarşınızda səhnə və ya biznes kimi ciddi seçim olsaydı, nəyi seçərdiniz?

- Mənim üçün ilk növbədə, uşaqlarım vacibdir və buna görə də belə seçim qarşısında qalsaydım, biznesi seçərdim. Yalnız bizneslə məşğul olmaqla uşaqlarımı istədiyim səviyyədə həyatla təmin edə bilərəm. Digər tərəfdən isə musiqi də həyatımın bir hissəsidir və onunla məşğul olmadan özümü tamamilə xoşbəxt hiss etmirəm.

- "Начистоту" - uğursuz sevgi barədə mahnıdır. Siz bu mahnını elə oxuyursunuz ki, hiss edə bilən hər kəsin sanki ürəyinə xəncər vurulur. Bəs siz bu mahnını oxuyarkən nə hiss edirsiniz? Heç vaxt inanmaram ki, sizin üçün bu, sadəcə növbəti bir hitdir...

- Mənim bütün mahnılarım bu və ya digər səviyyədə taleyimin hansısa anlarını əks etdirir. Açıq və səmimi insan olduğumdan, həyatımda baş verən hər şey göz qabağındadır. Mahnı emosionaldır, mətnində olan hər bir söz mənim üçün çox əhəmiyyətlidir. Eyniadlı "Начистоту" albomu da buraxdım və bu, mənim həyatımda demək olar ki, bütöv bir dövrdür.

- Instagram hesabınızda sizin aktiv ata olduğunuzu görürük: boks, leqo, musiqi, balıq tutma...

- Əslində, uşaqlarla istədiyim qədər vaxt keçirə bilmirəm. Çünki onlar mənim üçün bütöv xoşbəxtlik deməkdilər. Özüm üçün belə bir vaxt təyin etmişəm: harada olmağımdan asılı olmayaraq həftədə bir dəfə onlarla görüşməliyəm. Oğlanlarımla ünsiyyətdən böyük xoşbəxtlik duyuram. Bilirəm ki, qarşılıqlıdır, mənim kimi səbirsizliklə görüşü gözləyirlər. Yuxudan oyandıqları andan gecə yatdıqları vaxta qədər onlardan aralanmıram, bütün günü bir yerdə keçiririk.

- Bəs ayrılıqda onlar necədir, oxşaqlıqları və fərqlilikləri nədədir? Hansı birində siz daha çox özünüzü görürsünüz?

- Əli məncə xarakter olaraq daha çox Leylaya bənzəyir. Onda yaradıcı tərəf daha çox qabarıqdır. Hiyləgərdir, hansı fəndlərlə əlavə şokolad ala biləcəyini bilir. Mikayıl isə daha çox mənə bənzəyir, mənim kimi küsəyəndir. O, çox inadkar və məqsədyönlüdür, istədiyini əldə etməyənə kimi sakitləşmir. Onun daha bir xüsusi bacarığı var, çox asanlıqla böyük rəqəmləri toplaya bilir. Riyazi zehni güclüdür. Əli isə əksinə humanitardır, şeiri yaxşı yadında saxlayıb oxuya bilir. Hər biri özünə görə istedadlıdır və bunda Leylanın rolu böyükdür. Onlar atalarından fərqli olaraq azərbaycanca danışırlar, ingiliscə bilirlər və hazırda fransız dilini öyrənirlər".

- Bir ata kimi onları gələcəkdə necə görmək istəməyirsiniz?

- İlk növbədə onların əsl kişi kimi böyüməklərini istəyirəm. Onlar ailə qurarkən, başa düşməlidirlər ki, kişi öz yaxınlarının dirəyi olmalıdır.

- "Atalar və oğullar" mövzusuna geri qayıdaq. Öz atanıza ad və soyadla müraciət edirsiniz. Bu vəziyyətdən asılı olaraq baş verir?

- Atam mənim üçün nümunə və yolgöstərəndir. Bir zamanlar onunla çoxlu mübahisə edirdim və mənə elə gəlirdi ki, nədəsə ondan yaxşı baş çıxarıram və öz bildiyim kimi etməliyəm. Bəzən ola bilər ki, mən haqlı idim. Atamın müdrikliyi ondadır ki, məhz o zaman o, mənə özümü təsdiq etməyim üçün imkan verirdi. O düşünürdü ki, himayə etmək və səhvlərini düzəltməkdənsə, qoy oğlum bir neçə dəfə yıxılsın və nəyin doğru, nəyin səhv olduğunu anlasın. O deyirdi ki, biznes həmişə riskdir, heç nə ilə risk etmirsənsə, onun nəyi riskdir?

- Şəxsi münasibətlərinizdə atanızla nə qədər yaxın və açıqsınız?

- Çox yaxınıq və tez-tez bir-birimizlə fikirlərimizi, ideyalarımızı bölüşürük. Şəxsi məsələyə gəlincə isə o deyir ki, bu sənin şəxsi həyatındır, mən sənə heç nə məsləhət görməyəcəm. Ailəmin böyük üstünlüyü ondadır ki, biz hamımız çox yaxınıq. Tez-tez görüşürük, bir-birimizi qonaq çağırırıq. Mənim valideynlərim gəncdirlər və onların yanında olan hər kəs özünü rahat hiss edir. Düşünürəm ki, belə münasibətlər xoşbəxtliyin əsas səbəblərindəndir.

- Emin, söhbətimizi yekunlaşdıraraq, mən sizə bu il böyük yaradıcılıq uğurları və bütün arzularınızın çin olmasını arzulayıram!

- Çox sağ olun! Mən də öz növbəmdə, "NARGIS" jurnalının bütün oxucularına sağlamlıq və sevgi arzu edirəm. Sağlam olanlara bu sağlamlığı qorumağı, olmayanlara isə mütləq öz sevgilərini tapmağı arzu edirəm! Çünki ancaq sevgi insanı qanadlandırır və dünyanı parlaq boyalarla rəngləyir.


Müəllif:

Oxşar xəbərlər