İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevlə teatrın direktoru İftixar Piriyev arasında qalmaqal baş verib.
Sərvər Əliyev Teleqraf.com-a açıqlamasında qalmaqalın təfərrüatını açıqlayıb:
"İftixar Piriyevin teatrda aktyorlardan imza toplayıb, məni işdən çıxarmasının dəqiq səbəbini bilmirəm. Özü səbəb göstərir və deyir ki, guya mən işləyə bilmirəm, aktyorların əleyhinəyəm, Mədəniyyət Nazirliyinə şikayət etmişəm və sair. Aktyorlardan imza toplamağa çalışıb. Əslinə qalsa İrəvan teatrının binası yoxdur, təmirdədir. 25-30 kvadratmetrlik otaqda yerləşir. Məkanın məşq imkanları aşağıdır. Məşq üçün hansısa məkan götürmək isə mənim səlahiyyətimdə deyil.
Aktyorlar məndən tələb edirlər ki, niyə məşq etmirik, tamaşada oynamırıq. Halbuki bunlar mənim yox, teatr direktorunun səlahiyyətindədir. Mən aktyorlarla görüşdüm, onların dərdlərini dinlədim. Onların bildirdikləri heç biri mənə aid deyil.
Bilmirəm, teatr direktoru məndən nə istəyir? Mənim işdən çıxarılmağım üçün imza toplayanda dörd-beş nəfər imtina edib. Sonra isə o, qərara gəlib ki, bütün kollektiv qol çəkməlidir. Kimsə qol çəkməsə işdən azaddır.
Bəzi gənclər qol çəkməyiblər ki, Sərvər müəllimlə aranızda mübahisəniz varsa, özünüz həll edin.
Teatrda adını çəkilməsini istəməyən dörd nəfər də var, onlar məndən üzr istədilər. Çünki açıq şəkildə onlara deyilib ki, qol çəkməsəniz işdən qovulacaqsınız. Bilirəm ki, kimsə qol çəkməzsə cəzası böyük olacaq. İşdən çıxan aktyorlarımız Fərid Vəliyev və Anar Bulud üçün də təəssüf edirəm, gərək onlar işdən ayrılmazdılar".
Baş rejissor Sərvər Əliyev teatrın direktoru İftixar Piriyevlə münasibətinin pisləşməsinin tarixçəsini də açıqlayıb: "Teatr direktoru ilə mart ayında Səmərqənddə tamaşa hazırlamışam, münasibətimiz orada pisləşməyə başladı. Halbuki hazırladığım pyes onun əsəri idi. Gəlib tamaşaya baxdı. Sadəcə işimə qarışmaq istədi, mən ona şərait yaratmadım".