İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev baş rejissor Sərvər Əliyev ilə arasında yaşanan qalmaqala münasibət bildirib.
İftixar Piriyev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Mənim teatrda imza toplayaraq Sərvər Əliyevi işdən uzaqlaşdırmaq məsələsinə aidiyyatım yoxdur. Sərvər müəllimin yaradıcı heyətlə arasında nə problemi var, onu özləri həll etsinlər. Mənə dəfələrlə kollektiv üzvləri Sərvər Əliyev ilə işləmək istəmədiklərini, onun yaradıcılığından, iş prosesindən narazı olduqlarını bildiriblər. Mən yaradıcı heyətlə, baş rejissor arasındakı söhbətə qarışmıram. Sərvər müəllimlə heç bir problemim yoxdur. Kollektivin onunla problemi var. Bu mövzuda yaradıcı kollektivimizlə danışsanız daha yaxşı olar. Teatrımızda əməyi olan insanlar var. Yaradıcı heyət Sərvər müəllimlə görüşüb və ona bildiriblər ki, biz sizinlə işləmək istəmirik. Yəni ki, sən peşəkar rejissor deyilsən, rejissor sənətini bacarmırsan, baş rejissor sənətinin öhdəsindən gələ bilmirsən. Kollektivi ətrafına toplayıb, onlarla yaradıcılıq işləri apara bilmirsən. Onlar müraciət edərək imza da çəkiblər. Amma bu məsələ nə rolum, nə də əlim var. Birmənalı şəkildə baş rejissorla yaradıcı heyət arasında məsələyə müdaxilə etmirəm. Baş rejissor və yaradıcı heyət öz aralarında məsələni həll edib, qaydasına salsınlar. Mənim Sərvər Əliyevlə normal münasibətim var".