Bu gün əməkdar artist Tünzalə Ağayeva yeni “Get” adlı mahnısına çəkilən klipini media nümayəndələrinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnının sözləri Rəşad Məcidə, musiqisi Tünzalə Ağayevaya məxsusdur. Klipin rejissoru isə Fərhad Əlidir.
Təqdimatda mahnının yaranması prosesindən danışan Tünzalə Ağayeva bəstənin beş il ərzində yazıldığını bildirib: “Beş il bundan öncə Rəşad Məcid mənə şeirlərindən ibarət kitab hədiyyə etdi. Kitabda daha çox “Get” şeirini bəyəndim. Bu gün sevinirəm ki, şeirə bəstələnmiş mahnımı və klipini sizlərə təqdim edirəm. Rəşad Məcidlin çox duyğulu bir şeir yazıb və bu duyğulardan ilhamlanıb mahnı yazmışam. Soyuq qış günündə ifa olunsa da, inanıram ki, bu mahnım ürəklərinizə bir istilik gətirəcək”.
Rəşad Məcid mahnı və klipin onun yazdığı sözlərlə həmahənglik təşkil etdiyini bildirib: “Tünzalə xanımla tanışlığımızdan öncə də mən onun yaradıcılığını diqqətlə izləyirdim. Tünzalə xanımda çox gözəl şeir seçmək zövqü var. O xanım hər zaman klassiklərin şeirlərinə mahnılar bəstələyib. Bu gün mahnını eşidəndə bir qədər də olsa reallıqdan ayrılıb yuxarı qatlara yüksələ bildik. Tünzalə xanım mənim ürəyimdən keçirdiyim duyğuları bu mahnı vasitəsi ilə reallaşdıra bilib”.
Qeyd edək ki, həzin mahnıya çəkilən klip sadə süjet xəttinə malikdir.
Nərmin
Foto:Elçin Murad