9 Avqust 16:50
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-ci ilin 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan əməkdar artist Elza Seyidcahan Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elza xanım, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizdəliyinizi irəli sürdünüz. Məqsədiniz barədə nə deyə bilərsiniz?

- Bundan öncə keçirilən parlament seçkilərində iki dəfə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd olmuşam. Artıq üçüncü dəfədir bu şərəfli yola qədəm qoymuşam. Bu dəfə fərqli... Bu, mənim üçüncü cəhdimdir. Hər dəfə təcrübə toplamışam. Ona görə inanıram ki, bu seçkilərdə yaxşı nəticə əldə edəcəm. Seçki şüarım budur: “Mən yenə gəldim”.

Seçkidən söz düşən kimi mənə zəng edirdilər ki, Elza xanım, siz yenə Şabran-Siyəzən seçki dairəsindən namizədliyinizi irəli sürmüsünüz? Namizədliyim qeydə alındıqdan sonra da zəng edib deyirlər ki, sizin namizədliyinizi Şabran-Siyəzən seçki dairəsindən gözləyirdik.

Seçicilərim məni səbrsizliklə Şabranda, Siyəzəndə gözləsələr də, Allah belə qismət etdi ki, namizədliyimi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürməli oldum.

- Elza xanım, seçki dairəsini niyə dəyişdiniz?

- Allahın seçimidir... Heç ağlıma da gəlməzdi ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyinizi irəli sürərəm. Mənim evim Şabrandadır. Seçki dairəsi evimin yaxınındadır. Bundan öncə iki dəfə seçkilərə qatılanda Şabran-Siyəzənə gedirdim, iki ay orada qaldım, təbliğat-təşviqat kampaniyası boyu seçicilərimlə görüşdüm.

23 saylı Nəsimi-Səbail seçki dairəsi də yaşadığım evə çox yaxındır. Bu dəfə imza toplayanda Nəsimi sakinlərinin qonaqpərvərliyini, zəhmətkeşliyini gördüm. Hər seçki ərəfəsində gözəl insanlar tanıyıram. Mən hər bir layiqli namizədə uğurlar arzu edirəm. Bu, hər bir insan üçün şərəfli bir yoldur, nə xoş ki, Allah bunu mənə üçüncü dəfə də nəsib etdi.

Jurnalistlər mənə sual verirdilər ki, bu il namizədliyinizi hansı rayondan irəli sürəcəksiniz? Onlara cavab verirdim ki, “göyün yeddinci qatından namizəd olacam”. Onsuz da hər birimiz Allah tərəfindən seçilmişik, Allah istəməsəydi, dünyaya gəlməzdik.

- Həmin dairədən rəqibiniz bəstəkar Aygün Səmədzadənin atası Ziyad Səmədzadədir. Onun fəaliyyətini necə dəyərləndirirsiniz? Ziyad Səmədzadəyə qalib gələ biləcəyinizi düşünürsünüz?

- Əslində, çox sevinirəm. Bu da təsadüfdən doğan zərurətdir. Mənim üçün böyük şərəfdir ki, akademik Ziyad Səmədzadə kimi insanla tərəf-müqabiləm, adım onunla yanaşı çəkilir. 23 saylı Nəsimi-Səbail seçki dairəsi mənim seçimim olmadı. Yenə də deyirəm, mən göyün yeddinci qatından gəlmişəm.

- YAP-dan isə rəqibiniz "Bakı Tikiş Evi"nin direktorunun oğlu Elnur Rəhimovdur. Bu rəqibiniz barədə nə düşünürsünüz?

- Hər kəsə uğurlar arzulayıram. Bütün layiq olanların yolu açıq olsun.

- Bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə aid şeir yazmısınız?

- Bəli, şeir yazmışam. Yaxın günlərdə ikinci şeirlər kitabım da nəşr ediləcək. Şeirin adı "Ölülərə mikrofon"dur.

Şeiri təqdim edirəm:

Xiyabana çatıram,

Pərişanla baxıram.

Niyə kədərlənməyim?

Səbəbindən qaçıram.

Yubiley gəlir, gün gəlir,

Güllü axınlar gəlir,

Anım gəlir, il gəlir.

Ölü addımlar gəlir,

Xiyabanı izləyir,

Dirilməyi istəyir.

"Ölüyə" mikrofon verin.

Fikrətin həyatını,

O bilir sətir-sətir.

Qaranın yollarını,

O çalır həzin-həzin.

Müslümun avazını,

Tofiqin mahnısını,

Niyazinin baxışını,

Sehirli çubuğunu,

Arif əfsanəsini,

Ölülərə çatdıran,

Mikrofonu qaldırın,

Qulaqları açdırın,

Gözlərə işıq verin,

Ürəkləri yandıran,

Musiqiyə səs verin.

Fəxri Xiyaban bizə,

Mikrofonlu söz desin.

"Ölülərimiz" dirilsin,

Musiqilər sevinsin.

Ətrafımız ayılsın.

Torpaqımız açılsın,

Fəxri Xiyaban əl çalsın.

Onu da deyim ki, parlament seçkilərində qalib gəlsəm, bir neçə təkliflə çıxış edəcəm. İnsanlar Fəxri Xiyabana gedir və oranı ziyarət edirlər. Mən arzu edirəm ki, hər zaman Fəxri Xiyabanda Cövdət Hacıyevin, Müslüm Maqomayevin, Fikrət Əmirovun, Arif Məlikovun simfonik əsərləri səsləndirilsin. Təkliflərimdən biri budur.

Eləcə də ləhcə ilə danışan aparıcı və müğənnilərin televiziyaya çıxmasına qadağa qoyulsun. Digər təklifim isə Bakının qədim məhəlləsi olan "Kubinka"da ayda bir dəfə evlərin, həyətlərin səliqəsi nəzarətə alınsın. Hollandiyada belədir.

Təkliflərimdən biri də evdar xanımlara gələcəkdə maaş verilməsiylə bağlıdır. Qızlarımız daha çox karyera qurmağa yox, ailə qurmağa can atsınlar.

- Millət vəkili seçilsəniz, müğənnilik fəaliyyətinizdən uzaqlaşacaqsınız?

- Mən bəstəkar-müğənniyəm, millət vəkili olsam da sənətimdən uzaqlaşmaram. Mən elə mahnılar oxumuram ki, sənətdən uzaqlaşım. Çünki mənim musiqilərim elə əsərlərdir ki, onlar sənət baxımından əhəmiyyətlidir.

Musiqi ruha qidadır. Hərbi vətənpərvərlik mövzusunda 46 mahnım var. Ona görə düşünmürəm ki, müğənnilikdən uzaqlaşacam. Sadəcə şou-proqramlara getməyəcəm. Deputatlıqdan aldığım maaşın yarısını seçicilərimə paylayacam. Çünki öz sənətimdən pul qazanmağı bacarıram. Mən bu günə qədər xeyriyyə işləri də görmüşəm. Bir neçə insanı ödənişsiz əməliyyat elətdirmişəm.

- Seçki kampaniyası üçün maliyyə məsələsini necə həll edəcəksiniz? Bunun üçün maddi imkanınız varmı?

- Allahın köməyi həll edəcəm. Yenə deyirəm, bu yola özüm gəlməmişəm. Bəzən elə bir şey olur ki, istəsən də həyata keçmir. Mən seçkilərə çox gec qatıldım. Hətta dairə seçki komissiyasına gələndə komissiya sədri dedi ki, artıq gecdir, çatdıra bilməyəcəksiniz... Sanki Allah mənə güc verdi. Bir gün ərzində sənəd məsələsini həll edib, müraciət elədim. Heç ağlıma da gəlməzdi ki, öz yaşadığım ərazidən namizədliyimi verərəm.

- Siyasətlə nə dərəcədə maraqlanırsınız? Müğənnilik sənəti və siyasət fərqli sahələrdir.

- Ən böyük siyasət düzlük deməkdir. Bəzən siyasətin deyə bilmədiyi bir sözü incəsənət çox asanlıqla deyir. Mən sözümü yetərincə musiqi sahəsində demişəm, hərbi-vətənpərvərlik mahnılarımla, layihələrimlə və sair.

Uzun illərdir, hörmətli millət vəkillərimizlə tədbirlərdə çıxış edirik, hərbi hissələrə gedirik. Mərhum millət vəkili Qənirə Paşayeva və digər deputatlarla xoş münasibətlərimiz olub. Yəni mənim siyasət sahəsiylə bağlı təcrübəm var.

- Seçkidə uduzsanız nə edəcəksiniz?

- Növbədənkənar parlement seçkilərində uduzmamışam, artıq qalibəm. Mənim qudam Akif bəy mənə deyir ki, "Elza xanım, sizin namizədliyiniz təsdiqləndi. Qeydiyyatdan da keçmisiniz. Siz ən böyük uğuru qazanmısınız. Artıq qalibsiniz. Qeydiyyatdan keçmək hər insana nəsib olmur".

Məni ruhlandıran qudama təşəkkürümü bildirirəm. Bu, doğrudan da, böyük uğurdur. Mən imza toplayan zaman evlərə gedəndə bir az çəkinirdim. Mənə deyirdilər ki, Elza xanım, niyə siz gəlmisiniz, siz ulduzsunuz, əməkdar artistsiniz, köməkçiləriniz gəlsinlər... Əgər mən millət vəkiliyəmsə, həyətlərə də gedəcəm, evləri də gəzəcəm. İnsan öz işinin həm xadimi, həm də xadiməsi olmalıdır.

İmza toplayarkən bir daha gördüm ki, sadəlik gözəl xüsusiyyətdir. İnsanlar ünsiyyəti sevirlər. Çox qonaqpərvərdirlər. Mən imza toplayarkən şəhid ailələrinin də evinə getdim. Hər kəs mənə dəstək oldu. Bilirəm ki, mənim üçün nə qədər sevinirlər...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər