Tanınmış aparıcı-şoumen Kamran Həsənli Teleqraf.com- a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Kamran bəy, bu yaxınlarda gözlənilməz bir xəbərə rast gəldim: "Kamran Həsənliyə vəzifə verildi". Ona görə gözlənilməz ki, son vaxtlar sizinlə bağlı sevindirici xəbərlərə rast gəlmirik.
- Vəzifə-filan verilməyib, sensasiya xatirinə yazılmış xəbər idi. Partiya başqanının müşaviri nə vaxtdan vəzifə sayılır?
- Bir çox jurnalistlərə vəzifələr verilir, amma Kamran Həsənli bu təyinatlardan kənarda qalır. Heç ürəyinizdən keçirmi hansısa bir vəzifə tutmaq?
- Əgər işimlə bağlı bir vəzifə olarsa, niyə də yox? Xalq dilində desək, hələ canımızda su var, bacarığımızı göstərə bilərik.
- Yəqin ki, televiziyanı nəzərdə tutursunuz.
- Hə, mənim 30 illik televiziya təcrübəm var. Televiziyaların indiki halı göz qabağındadır. Mən ölkə televiziyasının mənzərəsini dəyişmək istərdim. Daha doğrusu, "mən" yox, "biz". Bir çox peşəkarlar var ki, kənarda qalıb.
- Bir qədər iddialı fikir kimi səsləndi. Televiziyanın mənzərəsini dəyişmək bu qədər asandır?
- Çox asandır. Sadəcə, gərək istək olsun.
- Siz İctimai televiziyada bu mövzu ilə bağlı tənqidi fikirlər səsləndirmişdiniz. Çıxışınız böyük əks-səda doğurdu. Televiziya sahəsində tədbirlər görüldümü?
- Mənim çıxışımdan sonra məsələ böyüdü. Əlbəttə, tədbir görmək lazım idi. Tədbir "görüldü", hər şey necə vardı, elə də qaldı.
- Televiziyaları çoxları tənqid edir və hamı susur. Amma siz tənqid etdiniz və heç kim susmaq istəmədi. Niyə sizin çıxışınızı məlum aparıcılar qəzəblə qarşıladı?
- Əvvəla ona görə ki, tənqidi fikirləri elə televiziyanın özündən səsləndirmişdim. Mən əslində master-klass göstərdim. Göstərdim ki, televiziyada reytinq necə qazanılır.
- Hətta müsahibə verdiyiniz zaman da reytinqin qayğısına qaldınız?
- Əlbəttə. Reytinq budur. Sən bir söz deyirsən və sabah bütün ölkə bundan danışır.
- Sosial proqramın məşhur aparıcılarından biri sizi "xeyirsiz insan" adlandırıb özünün böyük işlər gördüyünü söylədi.
- Yəqin onun "xeyirli işləri" böyük klinikaların həkimlərini çağırıb onlardan pul qamarlamaqdır. Onlar xeyri - ciblərinə gələn pulda görürlər. Bütün ölkə onların əleyhinə danışır, tənqid, hətta təhqir edir. Bu təhqirlərə qarşı onların bircə arqumentləri var - "əsas odur bizə baxırlar".
- Televiziyada ara müğənnilərinin meydan sulaması ilə bağlı fikirlərə isə belə cavab verildi: toy müğənnilərini ən əvvəl Kamran Həsənli efirə gətirib. Bəlkə "Toylar kralı" layihəsini açmaqla səhvə yol vermişdiniz?
- Mən bu barədə danışmaqdan yorulmuşam. "Toylar kralı" kommersiya proyekti idi - Azərbaycan televiziya tarixinin ən uğurlu kommersiya layihəsi! Layihənin finalı 1 milyon 300 min SMS gətirdi. Bu bilirsiz nə deməkdir? 1 milyon 300 min dollar! İndiki aparıcılar televiziyaya o pulun on faizini gətirə bilməzlər. Onların öz platformasında mən onlara dərs demişəm, göstərmişəm ki, kommersiya layihəsi necə olmalıdır.
- Layihənin məqsədi yalnız televiziyaya pul gətirmək idi?
- Yox, orda iki janr üz- üzə idi. Biz ara mahnıların insanlara təsirinin acı nəticəsini göstərdik. Bu həmin aparıcıların "əməyinin" nəticəsi idi. Həmin proqramın qalibi nə Qismət oldu, nə Elton, nə "Şeron" qrupu. Yaxşı müğənnilər səsvermədə uduzdular. Azərbaycanda bir həftə mesaj göndərmək əməliyyatı dayandı. Çünki bütün SMS-lər mənim verilişimə göndərilmişdi. Bütün ölkə mənim layihəmə baxırdı.
- Müsabiqənin nəticəsinin qeyri-obyektiv olduğu haqqında da şayiələr gəzdi...
- Hə, deyirdilər guya Manaf pul verib. Söhbətin absurdluğuna baxın: belə çıxır ki, Manaf toylar kralı olması üçün iki milyon pul xərcləyib? Manafın iki milyonu olsaydı, daha niyə oxuyurdu?
- Ümumiyyətlə, televiziyada şoumenin işi nədən ibarətdir?
- Şoumenin işi cəmiyyətdəki əyər-əksikləri sarkazmla tənqid etməkdir. Onun tarix, fəlsəfə, musiqi bilgisi olmalıdır. Yəni bütün parametrlər onda cəmlənməlidir. Ona görə dünyada ən bahalı, ən çox pul qazanan aparıcı şoumendir.
- Adətən, belə düşünürlər ki, əgər işin içində şou varsa, hökmən bayağı olmalıdır.
- Bizdə şou sözünün özünü hörmətdən salıblar. Şoumen obrazı bizim cəmiyyətdə həmişə mənfi reaksiya doğurub. Çünki hamı fultlyar qara kostyuma, zəhmli üzə, kitab cümlələrinə alışdığından şoumen qeyri-ciddi obraz kimi görünüb.
Ona görə mən 2000-ci ildə televiziyaya gələndə şoumen yox idi. İlk olaraq şoumenliyi televiziyaya mən gətirdim. Mənim verilişim tok- şou ilə şou janrının birləşməsi idi. İstedadlı, amma tanınmayan müğənniləri də dəvət edib populyarlaşdırırdıq.
- Hüseyn Dəryanı da birinci dəfə siz efirə çıxardınız. O da canlı efirdə əsl qalmaqal yaratdı, ən güclü repçi olduğunu, Elşad Xose kimi reperlərin onun kölgəsindən belə keçə bilməyəcəyini iddia edib Xoseni meydana çağırdı. Deyilənə görə, Xosenin bu məsələdən xəbəri vardı və o da bu ssenarinin bir iştirakçısı idi.
- Bəli, o mənim ssenarim idi, amma Xosenin bu məsələdən xəbəri yox idi. Xose həmin vaxt populyar idi, sevilirdi, amma Hüseyn heç kim idi, mən onu küçədən gətirmişəm. Mənim istəyim repi inkişaf etdirmək idi.
Bundan başqa, istəyirdim verilişim baxılsın və hər yerdə müzakirə edilsin. Nəinki Xosenin, heç Hüseynin gedişatdan xəbəri yox idi. Mən canlı efirdə Hüseynə dedim ki, əgər sən özünə arxayınsansa, bu gün ən populyar repçini - Xoseni meydana çağır və orda deyişin.
- Ondan sonra "Dərya, yoxsa Xose?" deyə yerli-yersiz mübahisələr başladı. Gənclər iki cəbhəyə bölünmüşdü - Dəryaçılar və Xoseçilər. Etiraf edək ki, rep həqiqətən də yüksəldi.
- Həm rep yüksəldi, həm də biz televiziyanın gücünü göstərdik.
- Televiziyanın gücünü azaldan məqamlardan birinin də Yutub- la bağlı olduğunu deyirlər.
- Bu sadəcə bəhanədir. Yutub- da elə yarışlar olmur axı. İndi televiziyalarda hər gün yarışlar gedir; böyuk pullar sərf edirlər, dekorasiyalar qururlar, dünyanın ən məşhur proyektlərinin eynisini gətirirlər. O yarışlardan birinin qalibinin adı yadınızdadır? Çünki o verilişi hazırlayanların televiziyadan xəbəri yoxdur.
- Televiziyadan uzaq düşən bəzi aparıcılar "Tik- tok"a üz tutub. Siz "Tik- tok"da hansısa bir layihə ilə çıxış etmək istəmirsiniz?
- Mən "Tik- tok" profilimdə qısa videolar paylaşıram, amma aktiv deyiləm. O başqa janrdır. Sosial şəbəkələrin bir çoxu - Facebook, İnstagram, Yutub Amerikaya aiddir. Amerikanın sosial şəbəkəsində bir çərçivə, ədəb-ərkan var. Ədəbsiz adamlar Amerikanı heç vaxt anlamazlar - bunu kəskin və məsuliyyətlə deyirəm. Yutub-da söyüş söymək, ədəbsiz ifadə işlətmək olmaz.
"Tik- tok" Çinindir. Orda istədiyini etmək olar. Ona görə də intellektual təbəqənin gözündə "Tik- tok" aşağı statusdadır. "Tik tok"u açsanız görərsiniz ki, bizə millət olaraq xələl gətirən bütün qara mənzərələr ordadır.
- Siz türkçülüklə bağlı fikirlərinizlə də yadda qalmısız. Bu söhbətləri efirə gətirmək də sizin fikriniz idi?
- Bəli, mənim fikrim idi. Türkçülüklə bağlı fikirləri şou proqramda ilk dəfə səsləndirən mən olmuşam. Hər verilişin sonunda "Tanrı sizi qorusun" deməyim də bir ilk idi. Əvvəllər ancaq "Allah saxlasın" deyən azərbaycanlılar ondan sonra bu frazanı işlətdilər. Mən də sevindim ki, bu ifadə bizim leksikonumuza daxil oldu.
"Bəy" müraciətinə bir ara yasaq qoyulmuşdu. İlk dəfə efirdə bu sözü biz bərpa etdik.
- Verilişlərinizin rejissoru bacınız Gülər xanım indi hardadır?
- Evdə. Biz öz sənətimizlə məşğul deyilik, bizi televiziyaya yaxın buraxmırlar. Orda bizə qarşı koalisiya yaradıblar.
- Axı səbəb nədir?
- Çünki bilirlər ki, biz gəlsək, televiziya dəyişəcək. Yadınızdadır, 2000- ci ildə axşam hamı evə qaçıb "Sizin saat"a baxırdı, televiziya böyük önəm kəsb eləmişdi, nüfuz qazanmışdı. Bilirlər ki, indi də Gülərlə televiziyaya gəlsək, televiziyaya həmin nüfuz qayıdacaq, camaat Yutub kanallarından çox televizora baxacaq.
Yutub kanallarında bizim verilişlərə niyə çox baxırlar? Çünki biz televiziyadakı dramaturgiyanı, enerjini Yutub-a gətirdik. Baxmayaraq ki, burda nə işıq var, nə rəqs var, nə şou var. Arxa fonda sadəcə bir dekorasiyadır və 1 saat boyunca sadəcə danışırsan. Amma 40 min, 50 min, 100 min baxış sayı var. Hansı televiziya proqramına bu qədər baxış var?
Ona görə mən də, Gülər də bu mənada işsizik. Düzdür, başqa sahədə işləyə, özümüzü realizə edə bilərik, amma televiziyada deyilik.
- Hazırda televiziyada bəyəndiyiniz hansısa layihə varmı?
- Mən sizə populyar deyimi deyəcəyəm: mən televizora baxmıram. Baxılası bir şey də yoxdur.
Amma sizə bir şey də deyim. Bu günlərdə olimpiadaya baxıram, bu mötəbər tədbirin şərhçiləri çox yaxşıdır. Həm onların dinamikası, həm ordakı mənzərələrin şərhi xoşuma gəlir. Tarixi bilgiləri var. Hiss olunur ki, efirə hazırlaşıb çıxıblar. Səs tembrlərini qoyuram bir kənara - bunun üzərində işləmək olar. Görürəm ki, idman oyunlarının şərhində irəliləyiş var.
- Siz şoumenliyə siyasətdən gəlmisiz. Əslində bu keçid çox maraqlıdır.
- Əslində mən siyasətə musiqi aləmindən gəlmişəm. Mən professional musiqiçiyəm. Bülbül adına məktəbi, sonra konservatoriyanı bitirmişəm. Düzdür, indi adını dəyişib Bakı Musiqi Akademiyası qoyublar. Üzeyir bəyin ruhunu yaşadan bu adı niyə dəyişiblər, indiyə kimi bilinmir.
"Konservatoriya" sözünün özünün tarixi mənası var. Konservatoriya Bakıda yarananda nə Seulda vardı, nə Pekində. Heç İstanbulda da yox idi. Biz 100 il əvvəl yaratdığımız konservatoriyanın üzərindən öz əlimizlə xətt çəkdik... Mətləbdən uzaq düşməyək, o dövrdə konservatoriyanı bitirib siyasətə gəldim.
- Elə isə musiqi aləmindən siyasətə gəlişiniz daha çox maraq kəsb edir.
- Necə oldu ki, siyasətə gəldim? Mən millətçi ailədə doğulmuşam. 90-cı illərdə azadlıq uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda milli hərəkata qoşuldum və siyasətə gəldim. Mən Əbülfəz Elçibəyin millətlərarası münasibətlər üzrə müşaviri olmuşam.
- Şoumenlikdən sonra isə təkrar siyasətə qayıtdınız.
- Mən siyasi fəaliyyətlə məşğul olmuram, mən yalnız siyasi verilişlər aparıram. Necə ki, televiziyaçı idim, elə də qalmışam.
- Şou biznes nümayəndələri daha etibarlıdır, yoxsa siyasətçilər?
-Hər ikisi etibarlıdır, çünki həm şou əhli, həm də siyasətçilərlə ancaq uzaqdan-uzağa münasibət saxlayıram. Açığını deyim ki, mən nə şou- biznes əhli, nə də siyasətçilərlə heç vaxt oturub- durmamışam. Mənim dostlarımın çoxu uşaqlıq illərindən qazandıqlarımdır. Müğənnilər, siyasətçilər arasında da dostlarım var, amma çox deyillər. Məsələn, müğənni Qismətlə əqidə dostuyuq. İzzət Bağırovla da dostluğumuz var.
İzzət elə adamdır ki, onunla yola da çıxa bilərsən, davaya da gedə bilərsən. Gecə saat 4-də desən ki, çətin vəziyyətə düşmüşəm, durub gələcək.
- Kamran bəy, sizin ailənizlə bağlı paylaşımlarınızı demək olar ki, görmürük. Yəqin, çox qısqancsınız.
- Yox, qətiyyən. Mənim dünyada ən çox etibar etdiyim insan həyat yoldaşımdır. Ona görə də qısqanc deyiləm.
- Canlı efirdə bir dəfə dediniz ki, kişilərə xəyanət xasdır, amma həyat yoldaşına deyilən iki kəlmə söz bütün günahları əfv etdirir: "Səni sevirəm". Yenə belə düşünürsünüz?
- Mən həmişə gerçəyin tərəfdarıyam. Yalana nifrət edirəm. Elmi tərəfini qoyuram bir kənara: "Kişilər poliqamdır, qadınlar monoqam". Kişinin qadın gözəlliyinə laqeydliyi yalandır. Mən buna inanmıram. Bəlkə öz temperamentimə, öz təcrübəmə görədir - deyə bilmərəm. Mən həyatda belə görmüşəm.
Ancaq türkçülük təkcə qəhrəmanlıqdan ibarət deyil ki. Biz yurtdan- alaçıqdan çıxmış bir toplumuq. Bu, bir sivilizasiyadır. 15 dəqiqəyə yığılıb- sökülən bu evin öz konstitusiyası var. Müqəddəs olan yurtun, alaçığın içidir. Mən yurtu yaşatmaq üçün atıma minib getdikdə, yurtu qoruyan mənim yarımdır. Biz niyə öz həyat yoldaşımıza "yarım" deyirik? Yəni o mənim yarımdır, o, ocağı qoruyur, mənim arxamdır, mənim qürurumdur. Mənim qüdrətim ora bağlıdır.
Sadə türk kişisini arxadan vura biləcək yalnız odur. Heç kimi bizi qıraqdan vura bilməz. Bizə zərbə ancaq ordan dəyə bilər. Ona görə biz onu sevməliyik, ona etibarımız var, ona arxayınıq. Yarımızın da yurtun içində ona münasibətə görə bizə adekvat münasibəti var.
-Səhv etmirəmsə, iki oğlunuz var.
- Ərtoğrul və Turan. Biri Amerikadadır. Öz başlarını dolandırırlar, belə deyək.
- Sizin fəaliyyətiniz keçidlərdən ibarətdir, biz də sondan əvvələ belə bir keçid edib soruşmaq istərdik: televiziyaya qayıtmalı olsanız, hansı layihənizi gerçəkləşdirmək istərdiniz?
- Mənim onlarla layihəm var. Bu gün Azərbaycan üçün ən aktual proqram tok-şoudur. Çünki bütün ölkələrdə gözəl cəmiyyətləri danışaraq, müzakirə edərək qurublar. Başqa cür yaxşı cəmiyyət qurmaq mümkün deyil. Bizim danışan kişilərimiz olub - Mirzə Cəlil, Sabir, Seyid Əzim, Mirzə Fətəli… Amma bu gün televiziyalarda gördüklərimiz onların adına layiq deyil.