Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə məhkəmə prosesindən şikayət edib.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova bu haqda İnstaqram hesabında məlumat verib: "Abbas Rzayev, sizin hakimlik üslubunuzu artıq millət şərh edir. Əhval-ruhiyyənizdən sezirəm ki, Afətin “mən ad çəkmədim” cümləsindən istifadə edib onu da Ülviyyəsayağı xilas etmək niyyətindəsiz. Görünür, öncəkini cəzasız qoyduğunuzu bu dəfə də təkrarlamaq istəyirsiz. Verdiyiniz arxayınlığın davamıdır ki, Ülviyyəyə ikinci cinayət işi Yasamal məhkəməsinə təqdim olunub. Bunu deyim, bilməyənlər də bilsin.
Yoxsa Ülviyyənin cəzasızlığından ilham alan Afət də 2019-cu ildən dayanmadan ünvanıma dediklərindən sonra, 2024-cü ilin martından susaraq “məsumə”, “böyük-kiçik dəyəri bilən” rolu oynaması sizin xilasetmə işinizə yarayacaq? Beş il dayanmadan ünvanıma söylədiyi nalayiq təhqir və böhtanlarla Afət cəzasızmı qalacaq?
Abbas Rzayev, əmin olun, “barışdırmaq vəzifə borcumdur” deyib, o pərdə altında “yaxşılıq” niyyətiniz Afətə baha başa gələcək. Sizin hakim olaraq ən böyük vəzifə borcunuz zərərçəkmişin – yəni mənim haqlarımı bərpa etməkdir!
Haqqımı çeynəyə bilən, yolumdan çəkindirə bilən, insan yoxdur və olmayacaq. Bu dünyanın məhşərini axirətə saxlayan deyiləm, bundan varlığım qədər əmin olun.
Sabah (bu gün - red.) Afət Fərmanqızının Binəqədi rayon məhkəməsində 17:00-da son dinləməsi olacaq".
Qeyd edək ki, Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.