ABŞ-da yaşayan tele-aparıcı Qənirə Ataşova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Qənirə xanım, Azərbaycandan uzaqda, ABŞ-da yaşayırsınız. Tibb təhsili olmayan "həkim"lərin siyahısını necə əldə etdiniz, bu işdə sizə kömək edənlər varmı?
- Öncə onu deyim ki, İnstaqramda aktiv şəbəkə istifadəçisiyəm. İnstaqram və Feysbukda bir ginekoloqun pasiyentlərilə təhqiramiz formada davrandığını görürdüm. Bu paylaşım mənim diqqətimi çəkdi. Əvvəllər də belə paylaşımlar görmüşdüm. Amma keçib gedirdim və düşünürdüm ki, kimsə reklam xarakterli video və ya komediya çəkir.
Zaman-zaman bu kimi paylaşımlar qarşıma çıxanda diqqətlə izləməyə başladım. Həmin səhifəyə diqqət yetirdim və gördüm ki, doktor-bloger Günel Əzizova yazılıb. Onu araşdırmağa başladım, düşündüm ki, bu xanım həkimdirsə, insanları necə təhqir edə bilər?! Onun fəaliyyət göstərdiyi xəstəxanaya sorğu göndərdim. Həmin xəstəxanada işləyən həkimləri tapdım, ayrı-ayrı pasiyentlərin İnstaqram səhifəsinə bir-bir yazdım və məlum oldu ki, bu xanım həkim deyil, amma ginekoloji əməliyyatlar edir.
Bu barədə Günel Əzizovanın özünə mesaj yazdım. Amma o, mesajları görməzdən gəldi. Mən sosial media hesabımda kiçik bir post paylaşdım və qeyd etdim ki, Azərbaycanda belə hadisə yaşanır. Bu insanın tibbi savadı yoxdur, amma ginekoloji əməliyyatlar edir. Postu paylaşandan sonra mənə müğənni Xatirə İslam "Whatsapp"da səsli qeyd göndərdi. Dedi ki, Günel Əzizova mənim bacımdır və xahiş edirəm ki, ona toxunma. Onun kurslarının pulunu mən özüm vermişəm.
Mən də Xatirə İslama cavab verdim ki, kurs bitirməklə həkim olmaq mümkün deyil. Tibb sahəsində təhsil almaq üçün Azərbaycan Tibb Universiteti var. Bununla yanaşı tibbi tədris müəssisələri mövcuddur. Onlar məni anlamadılar, Xatirə İslamın anası, qardaşı mənə qarşı şər-qarğış yağdırmağa, hücum etməyə başladı.
Mən sosial media hesabımdan bu mövzuda paylaşımlar edirdim. İnstaqramda şəbəkə istifadəçiləri yazmağa başladılar ki, o həkim tək deyil ki, başqaları da var. Mənə siyahı izləyiclərimdən gəldi. Əslində, tibbi təhsili olmayan həkimlərin siyahısında 108 nəfərin adı var. Onların pasiyentləri arasında ölənlər də var. Mən 50 nəfəri siyahıdan ayırdım. Çünki onlar bu sahədə daha aktiv fəaliyyət göstərirdilər.
Biri var ki, ayda-ildə bir dəfə gizlincə əməliyyat edib, sonra kənara çəkiləsən. Məsələn, əvvəl ginekoloq olub, sonra bədən şəkilləndirmə əməliyyatı edib. Nəticədə kənara çəkilib və öz sahəsi ilə məşğul olub. Adlarını paylaşdığım aktiv 50 nəfər isə inyeksiyalar edir, dodaq və bədən genişləndirmə işləri ilə məşğul olur, bədən-sinə, üz, boyun, göz, burun-boğaz əməliyyatları aparırlar.
Onların ixtisaslarına baxanda gördüm ki, bir çoxları onkoloq (mammoloq), endokrinoloq, nevropatoloq, ümumi cərrah və ya sadəcə lor həkimidirlər. Belələrinin ixtiyarı yoxdur ki, bədəndə, üzdə plastik əməliyyatlar aparsınlar.
Azərbaycanın müvafiq qanunları var. Rezidentura təhsili ilə bağlı 2011-ci il qərarı var. Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməzlər. Mənim oğlum da Amerikada tibb sahəsində təhsil alır, bu sahəni daim izləmişəm. Tibb fəaliyyəti xalqın gələcəyi üçün mühüm fələblər qoyur. Bir fərd, vətəndaş, keçmiş televiziya işçisi olaraq bu sahəyə biganə ola bilmərəm.
Beləliklə, məlum siyahı mənim əlimə gəldi, onu dərc etdim və bildirdim ki, əgər kiminsə haqqında məlumatlar düzgün deyil, şər-böhtandırsa, rezidentura təhsili haqqında sənədlərini təqdim etsin, mən də siyahıdan həmin həkimin adını çıxarım. Bir aydan yuxarıdır, dəfələrlə vurğulayıram. Təəssüf ki, həmin həkimlərdən təxminən üç-dörd nəfər rezidentura təhsili haqqında sənədlərini təqdim etdi. İnstaqram hesabımda həmin həkimlərin adını qeyd etdim və bildirdim ki, bu həkimlər rezidentura təhsili alıblar. Bəzi həkimlər isə səhlənkarlıq etmişdilər, Təhsil Nazirilindən nostrifikasiya (xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi - red.) etməmişdilər. Təhsil Nazirliyinin nostrifikasiya sistemində də problemlər var.
Plastik-estetik cərrah kimi təqdim edilən Sevinc Heydərova əvvəl endokrinoloq olub. O, sonra ixtisasını dəyişib və nevropatoloq olub. Nevropatoloq kimi fəaliyyət göstərə-göstərə "İnternational Medical Center"də işləyir. Bu hospital bataqlıqdır. Bu hospitalın missiyası odur ki, ixtisasca həkim olmayanları işə götürür, onları əmək kitabçasında həkim kimi təqdim edərək, diplomlu həkim edir... Həmin şəxslər də saxta sənədlə özlərini başqa xəstəxanalara həkim kimi təqdim edirlər.
Bu barədə araşdırmam da var. "İnternational Medical Center" ciddi yoxlamaya məruz qalmalıdır. Çünki onun bazasından keçən insanların əksəriyyəti diplomsuzdurlar. Məsələn, Sevinc Heydərova. 2022-ci ildə "İnternational Medical Center”dən onun haqqında Səhiyyə Nazirliyinə məktub göndərilib ki, Sevinc Heydərova 2017-2021-ci illərdə uğurlu əməliyyat edib, ona cərrah statusu verək. Sual verilir ki, Sevinc Heydərova o xəstəxanada hansı qanunla əməliyyat edib?! Cərrah olmaya-olmaya necə əməliyyat edib? Bunu araşdırıb üzə çıxarmaq lazımdır, bu tək mənim işim deyil. Bunun üçün dövlətin və bütün jurnalistlərin dəstəyi lazımdır.
Siyahıda Sevinc Heydərova ilə yanaşı Günəş Piriyevanın da adı var. Türkiyəyə gedirlər, guya klinikalarda kurslar keçirlər. Sevinc Heydərovanın haqqında Türkiyənin Səhiyyə Nazirliyindən sorğuya cavab var. Məsələn, Sevinc Heydərova Azərbaycan Səhiyyə Nazirliyinə müvafiq sənəd verib. Səhiyyə Nazirliyi də tənqidə layiqdir. Qurumun səhvi odur ki, Sevinc Heydərovaya inanıb və sənədi yoxlamayıb. Halbuki yoxlamalı idi.
Sevinc Heydərova Səhiyyə Nazirliyinə sənəd təqdim edib ki, filan tarixdə Türkiyədə cərrahi əməliyyatlar edib, rekonstruktiv cərrahi əməliyyatlar haqqında altı ay kurs keçib.
Türkiyə Səhiyyə Nazirliyinə Xalq artisti Flora Kərimovanın vəkili sorğu ünvanlayıb. Türkiyə Səhiyyə Nazirliyi rəsmən cavab məktubu göndərib ki, filan tarixlərdə Türkiyə səhiyyə institutlarının, səhiyyə məktəblərinin heç birində Sevinc Heydərova adlı şəxs kurs keçməyib. Amma o, sənədi necə gətirib? Sənədi verən həkimin hospitalının koordinatları və nömrəsi də var.
Həmin həkim deyir ki, Sevinc Heydərova hansısa tibb işçisi vasitəsilə bizim sənədimizi oğurlayıb, ora öz adını yazdırıb. Yəni sənəddə saxtalıq var. O da Azərbaycanda özünü plastik cərrah kimi təqdim edib.
Məsələn, Günəş Piriyeva ixtisasca ümumi cərrah olub. Uzun illərdir xəstəxanalarda USM həkimi işləyir. USM həkimi bir gün çevrilib plastik cərrah olur. Hansı üsulla? Niyə? Bəs rezidentura təhsili nə üçündür? Qoy rezidentura təhsilini ləğv etsinlər, Səhiyyə Nazirliyi belə bir sertifikat verirsə, hamı sertifikat alsın.
- Siyahını açıqladınız, müzakirələr başladı və davam edir. Nəticə varmı, olacaqmı?
- Öncə onu vurğulayım ki, Azərbaycanda saxta, diplomsuz həkimlər çoxalıb. Azərbaycan Səhiyyə Nazirliyinin tibb reyestrində Səma Qasımova, Ülviyyə İlyasova, Mətanət Eyvazova kimi şəxslərin adı yoxdur. Amma bu şəxslər hər gün əməliyyat edirlər.
Əməliyyadan sonra vəziyyəti ağırlaşan Bəsti Hacıyevanı kim əməliyyat edib? Onu əməliyyat edən həkim qəflətən niyə yoxa çıxır? Ölkədən necə qaça bilər? Bəsti Hacıyevanı ilahi qüvvələr əməliyyat etməyib ki?.. Onu Ülviyyə İlyasova əməliyyat edib.
- Bəsti Hacıyeva adlı pasiyentin başına gələnlərlə bağlı son paylaşımınız televiziyalarda da müzakirə olunur. Ülviyyə İlyasova deyir ki, xəstəni o, əməliyyat etməyib. Qohumları bildirir ki, Ülviyyə İlyasovanı tanımırlar. Bəs, onda Bəsti Hacıyevanı kim, hansı cərrah əməliyyat edib, niyə pasiyentin vəziyyəti ağırlaşıb və reanimasiyadadır? Sizcə, müzakirələrdə bu suallara niyə cavab istənilmir?
- Çünki pul qarşılığında səslərini çıxarmırlar. Bəsti Hacıyevanı Ülviyyə İlyasovanın əməliyyat etdiyi bəllidir. Xəstəxanaya girəndə onun ilk ağzından çıxanı həkimlər yazıblar. Amma sonra pul qarşılığında susmalı olublar. Yəni əməliyyat edən Ülviyyə İlyasova deyilsə, onda xəstəni kim əməliyyat edib?! Adını açıqlasınlar...
Ülviyyə İlyasovanın məhkəmə prosesi gedir. Əgər məhkəmə prosesi davam edə-edə əməliyyat edibsə, deməli, cəzası daha ağır ola bilər. O, cəzadan özünü qorumaq üçün əməliyyatı üzərindən atmağa çalışır.
Araşdırmanın nəticəsinə gəlincə, mən sadə vətəndaş və jurnalistəm. Mənim borcum problemi göstərməkdir. Nəticəyə uyğun qərarı rəsmi qurumlar verəcək. Əminəm ki, rəsmilər məsləni nəzarətdən qaçırmayacaqlar. Necə olur ki, saxta diplomlarla, saxta yollarla insanları “podval”larda, evlərdə əməliyyat edib, insan həyatına təhlükə yaradırlar, üstəlik, külli miqdarda dövlətin vergisindən yayınırlar?
Vüsal Abdullayev və Pərviz Əhmədov bədən şəkilləndirmə əməliyyatını minimum 7 min manata edirlər. 1300 manatı kassaya köçürürlər, 5700 manatı isə ciblərinə qoyurlar. Yalnız 1300 manatdan vergi ödəyirlər. Azərbaycanda fəaliyyət göstərən plastik cərrahların insanlardan aldığı pul nəyə görə kassadan keçmədən onların cibinə getməlidir? Bunlar nəyə görə dövlətin büdcəsindən vergini yayındırırlar? Bu insanlar çoxlu sayda əməliyyatlar edirlər.
Təbii ki, qadınlarımızın bu qədər əməliyyatlara meyl etməsi düzgün deyil. Qadınlarımız pulunu verir və əməliyyat elətdirirlər. Amma onlar nədən pulu vergidən yayındırırlar? Niyə bu pullar qeyri-peşəkarlara ödənilir? Bunların heç biri dövlət müəssisələrində baş vermir. Düzdür, TƏBİB-in bəzi məsələlərə görə iş prinsipini sevmirəm, amma onların da günahına girmişəm. TƏBİB-in nəzarətində olan tibb müəssisələrində bu kimi hallar baş vermir. TƏBİB-in də xəstəxanalara yerləşdirdiyi çox qəddar, savadsız insanlar var ki, həkimləri incidirlər. Bu butik tipli kiçik klinikalarda baş verir. Çirkab ocağı kimi klinikalar açırlar, kimi gəldi əməliyyat edirlər və pullar ciblərinə gedir.
- Ümumiyyətlə, saxta həkimlərlə əməkdaşlıq edən, onlara xəstə üzərində əməliyyat aparmağa imkan verən klinikalarla necə davranılmalıdır? Bildiyimiz qədər, sizin açıqlamalardan sonra məsuliyyətə cəlb olunan həkim və ya klinika yoxdur.
- Mənim əlimdə adlarını qeyd etdiyim bu xəstəxanalarda baş verənlərlə bağlı sübutlarım var, "İnternational Medical Center", "Vımay Medical Center", “Kəpəz Hospital” və “Badam Medical Center". Məqsədim insanlara kömək etməkdir. Bu çirkabın qarşısı alınmalıdır. Hamı qanuna riayət etməlidir.
- Maraqlıdır ki, öz qaynı arvadının da "cərrahi əməliyyat"la ölümünə səbəb olan Ülviyyə İlyasova heç bir məsuliyyətə cəlb olunmayıb, estetik klinika sahibi və "estetik cərrah" kimi fəaliyyətini davam etdirir. Kimdir günahkar?
- Ortada qanunsuzluq var…Kiminsə arxasında kiminsə durması faktı var. Məsələn, kiminsə adamı var, o, həmin adamı ruhlandırır. Ona deyir ki, qorxma! Adam yəqin güc strukturundadır ki, o qədər güc ortaya qoya bilir.
Ülviyyə İlyasova qaynı arvadı Səbirə Vəliyevanı liposaksiya edib, ölümünə bais olub. Səbirə Vəliyevanın atası Fərhad Vəliyev və anası Sara Vəliyeva çox mədəni, ziyalı insanlardır. Fərhad Vəliyev Azərbaycanın ən məşhur balet ustasıdır. Onlardan hələ heç kim bu haqda heç nə soruşmayıb. Onlar bütün günü qapı-qapı hüquq-mühafizə orqanlarını gəzirlər, amma heç kəsin qəbuluna düşə bilmirlər. Halbuki Ülviyyə İlyasova onların qızını öldürüb və efirə çıxb deyir ki, olub-olub da...
- Siz hədə və şantaj mesajları aldığınızı bildirmisiniz. Sizi nə ilə hədələyirlər? Və şantaj edənlər konkret kimlərdir?
- Bəli, mənə hədə və şantaj edirlər. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Nazirliyin ədalətli qərarına çox güvənirəm. Bilirəm ki, Daxili İşlər Nazirliyi bu problemi həll edəcək. İki gündən bir İnstaqram hesabıma hücum edilir. Nəyə görə? Çünki orada mən həqiqəti deyirəm. Sosial media hesabımda onların çirkabını faş edir, aldadılan insanları göstərirəm.
Əmiraslan Əmiraslanov adlı həkim var, təqdim etdiyim siyahıda onun da adı yer alır. O, "İnternational Medical Center"də çalışır və Azərbaycan Tibb Universitetində beş il təhsil alıb. Diplomu var, amma o diplomla əməliyyat etmək ixtiyarına sahib deyil. Rezidentura təhsili yoxdur. Heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Bu həkimlərin əksəriyyəti bu mərhələni keçmədən cərrah kimi fəaliyyət göstərirlər.
Mən həm rezidentura təhsili olmayanlarla, həm də diplomsuz, saxta həkimlərlər mübarizə aparıram. Tibb sahəsi o qədər genişdir ki, bu problemin öhdəsindən tək gələ bilmərəm. Bunun üçün Səhiyyə Nazirliyi var. Mən ən əsası dövlətimə həkimlər haqqında data bazanın yaradılmasını təklif edirəm. Bu sahədə Səhiyyə Nazirliyinə kömək də edə bilərəm.
Eləcə də sosial mediada monitorinq aparılmalıdır. Hər adam sosial media hesabında adının qarşısına doktor yazıb, insanları aldada bilməz. Bunun inzibati məsuliyyəti olmalıdır. İnzibati məsuliyyətə əməl edilmədikdə cinayət məsuliyyətinə cəlb edilməlidir.Vətəndaş həkim axtarmalı deyil. Hökümət bu işi elə qurmalıdır ki, vətəndaş aldadılmasın.
- Daxili İşlər Nazirliyindən şikayət ərizənizlə müraciət etdiyinizi vurğuladınız. Müraciətiniz qəbul edilibmi?
- Bəli, müraciətim qəbul edilib. Mən hüquq-mühafizə orqanlarının ədalətinə inanıram.
- Tibb təhsili olmayanların həkimlik-cərrahlıq iddiası... Əslində absurddur və nəyə görəsə Azərbaycanda çoxuna elə gəlir ki, bir qədər "təcrübə"dən sonra bunu edə bilər.
- Bu, cahil bir cəsarətdir. Dövlətin uyğun strukturları var. Məsələn, Səhiyyə Nazirliyi bu kimi hallara nəzarət etməlidir. Nazirlik vahid baza sistemi yaratmalıdır. Bu praktika dünyada mövcuddur, Türkiyədə də, Amerikada da var. Hazırda Amerikada həmin data baza üzərində işləyirik. Layihə yaşlıların həkimləri düzgün seçməsi ilə bağlıdır. Azərbaycan hökuməti qanununu qorumalıdır, Səhiyyə Nazirliyi də işin icrasını yoxlamalıdır.
Təbii ki, bu məsələdə Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları məsuliyyət daşıyır. Adını qeyd etdiyim saxta həkimlər "Badam Medical Center" kimi klinikalarda həkimlərdən təcrübə keçirlər. Mənim adını çəkdiyin insanların əksəriyyəti bununla məşğuldurlar. Onlar həm də qanunsuz həkim yetişdirməklə məşğuldurlar. Bunu artıq polis araşdırmalıdır.
Səhiyyə Nazirliyindən bildirilir ki, Səma Qasımovanın tibbi təhsili yoxdur. Amma Səma Qasımova əməliyyat edir. Mətanət Eyvazovanın da əməliyyatı zamanı iyul ayında ölüm hadisəsi baş verib. Bu məsələdə televiziyaların, şou-biznes nümayəndələrinin də rolu çoxdur. Bu həkimləri saxta yollarla ekrana gətirir, onları tərifləyib, insanları aldadırlar.