3 Mart 2015 17:59
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elza Seyidcahanın çəkildiyi film təqdim olundu

Bu gün sürreal janrda Azərbaycanda ilk dəfə çəkilmiş “Aşiqlər bağçası” silsiləsindən “Cəhd” qısametrajlı filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda filmin rejissoru Mahir Dərviş, ekran əsərində rol almış Elza Seyidcahan, yazıçı- publisist Orxan Fikrətoğlu və başqaları iştirak edib.

Filmin rejissoru Mahir Dərviş bildirib ki, 24 dəqiqəlik film bədii-sürreal üslübda çəkilmiş azsözlü, sadəsüjetli, amma çoxmətləbli ekran işidir: “Film bütün süjet xətti boyunca tamaşaçıdan hislərini deyil, ağlını, diqqətini tələb edir. Bir neçə kövrək Kərbala səhnələri istisna olmaqla, film bütünlüklə tamaşaçı təfəkkürünə hesablanıb. Kadrda görünən hər şey danışır. Sürreal səhnələr isə filmin mövzusunu bir başqa aspektdən izah etməyə yardımçı olur”.

Rejissor ana roluna bəstəkar- müğənni Elza Seyidcahanı çəkməyinə aydınlıq gətirib: “Elza məni çox yaxın dostumdur. Özünə, sənətinə çox böyük hörmətim var. Bu rol üçün xanım- xatın bir qadın aktrisa gərək idi. Azərbaycan simasında o xanımlığı daşıyan çox az aktrisa var. Filmin ssenari yazılandan bəri mən bu rolu Elza Seyidcahan üçün nəzərdə tutmuşdum. Başa düşürəm, tamaşaçılar, jurnalistlər, hər kəs onu hər zaman avanqard stilində görüb. Bu obrazdan onu kənarlaşdırıb, filmdəki ana obrazı ilə tamaşaçıların diqqətini cəlb etmək – bu artıq rejissorun öhdəsinə düşür. Mənim fikrimcə, bu alındı. Onu da deyim ki, Elza ilə işləmək rahat idi. Aktrisalıq bacarığından da razı qaldım”.

Elza Seyidcahan belə filmlərin vacibliyini qeyd edib: “Bu mövzularda filmlər çox olmalıdır. Rejissor mövzunu maraqlı biçimdə təqdim edib. Bu rola dəvət alanda düşünmədən razılıq verdim. Çünki Mahir Dərvişi çoxdan tanıyıram, onun işlərinə bələdəm. Peşəkar bir insandır. Ona görə razılıq verdim, filmə çəkildim və qətiyyən peşman deyiləm. Çünki bu film tarixdə qalacaq. Mənim sadəcə bir sualım var: Mahir, niyə mən çəkildiyim səhnələri az vermisən filmdə? Amma həqiqətən rejissorda da günah yox idi, çünki tez-tez kameraya baxırdım”.

Qeyd edək ki, film 7-8 aylıq gərgin iş rejiminin nəticəsində ərsəyə gəlib. Filmdə 50-dən yaradıcı insanın əməyi var. Filmin maliyyəsi barədə konkret cavab verməyən Mahir Dərviş çox maraqlı fikirlər səsləndirdi: “Mənə dedilər ki, səni Həcc ziyarətinə göndərək. Mən də dedim ki, özümü buna hazır hiss etmirəm, gəlin o pula dini dəyərləri xatırladan film çəkək. Filmin çəkilişləri prosesində maliyyənin azlığını da hiss etdik, başqa çatışmamazlıqlarımız da oldu. Amma nəticədə bu filmi ortaya qoya bildik”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər