4 Mart 2015 16:11
2 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, fevralın 24-dən dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayıb.

Teleqraf.com buro247-ə istinadən xəbər verir ki, müəllifi Qurban Səid olan "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar.

Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ərgənç kimi sevilən aktyorları da görəcəklər. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Teleqraf.com filmində çəkiləcək aktyorların yaradıcılığı ilə sizi daha yaxından tanış edir.

Adam Bakri rejissor Hani Əbu-Əssadın "Ömər" filmində oynadığı baş rola görə tanınır. Həmin film 86-cı Oskar mükafatının "Xarici dildə ən yaxşı film" nominasiyasında qısa siyahısına düşmüşdü. Adam Bakri kinematoqrafiyaya bağlı olan ailədəndir. Atası Məhəmməd Bakri aktyor və film rejissoru, böyük qardaşı Saleh Bakri teatr və film aktyoru, kiçik qardaşı Ziad Bakri da aktyor və rejissor ikimi fəaliyyət göstərir. Bakri Tel-Əviv universitetində İngilis ədəbiyyatı və teatr incəsənəti bakalavr dərəcəsini qazandıqdan sonra Nyu-York Li Strasberq Teatrı və Film İnstitutunda təlim keçib. Buradan ayrıldıqdan az sonra o, Hani Əbu-Əssadın "Ömər" filmində baş rola dəvət alıb.

Mariya Valverde Rodriqer "Melissa: intim gündəlik", "Borcia", "Deşik", Bolşevikin zəifliyi", "Səma səviyyəsindən 3 metr yüksəkdə" və "Səma səviyyəsindən 3 metr yüksəkdə. Mən səni istəyirəm" filmlərindən tanınan ispaniyalı aktrisadır. Mariya da yaradıcı ailədə anadan olub. Demək olar ki, bütün yaxınları və doğmaları incəsənətlə bağlıdırlar. Atası rəssam, anası ixtisasca heykəltəraşdır, ancaq tibb bacısı çalışır, babası isə teatr direktorudur.

O, 2003-cü ildə 16 yaşında debüt edib və ilk dəfə olaraq rejissor Manuel Martin Kuentsin "Bolşevikin zəifliyi" filminə görə tanınıb. Luis Tosarla birlikdə çəkildiyi bu filmə görə, o, ən yaxşı gənc aktrisa olaraq "Qoya" mükafatını qazanıb. "Səma səviyyəsindən 3 metr yüksəkdə" filmlərində tərəf müqabili olan Mario Kasasla sevgili olsa da, 2014-cü ildə cütlük münasibətlərinə son qoyub.

Mendi Patinkin "Toni" (1980) və "Emmi" (1995) mükafatları laureatı, eləcə də üç qat "Qızıl qlobus" nominantı (1984, 1995, 2013) olan amerikalı müğənni və aktyordur. Patinkin hazırda çalışdığı Brodveydə məşhurluq qazanıb. O, 1980-ci ildə "Evita" myuziklında ifa etdiyi Ernesto Çe Qevara roluna görə ən yaxşı myuzikl aktyoru olaraq, "Toni" mükafatını qazanıb. 1983-cü ildə isə Mendi Barbara Streyzandın "Yentl" filmində baş rolu ifa edib. 2011-ci ildən Showtime kanalının "Vətən" teleserialında əsas rollardan birini ifa edir. Burada o, MKİ-nin avtoritetli əməkdaşı Soul Berenson obrazını canlandırır.

Konni Nilsen danimarkalı aktrisa və modeldir. Aktrisa 2000-ci ildə Ridli Skottun "Qladiator" filmindəki Lutsilla və rejissor Brayan De Palmanın "Marsa missiya" elmi-fantastik filmində Terri Fişer roluna görə tanınıb. O zamandan bəri Nilsen "Bir saata foto" (2002), "Qovulmuş" (2003) və "Kleyton bazası" (2003) Amerika filmlərində baş rollarda çəkilib. Eləcə də, fransalı rejissor Olivye Assayasın "Demonlover" (2002) filmində əsas rolu ifa edib.

2004-cü ildə Nilsen "Qardaşlar" filmində rol almaqla Danimarka kinosunda debüt edib. Bu rola görə o, ən yaxşı Danimarkalı aktrisa olaraq "Bodil" kino mükafatını, eləcə də San-Sebastyan kinofestivalında ən yaxşı aktrisa mükafatını qazanıb. Bundan əlavə, Koni Avropa Film mükafatının nominantı olub. 2006-cı ildə Nilsen "Qanun və qayda: Xüsusi korpus" serialının bir neçə epizodunda çəkilib. "Boss" serialında mərkəzi rollardan birini ifa edir.

2000-ci ildə "Entertainment Weekly" Amerika jurnalının keçirdiyi sorğuda "seks-simvol" adlandırılıb. Konni Nilsen ispan və dat, ingilis, alman, fransız, italyan, İsveç və Norveç dillərində sərbəst danışır.

"Əli və Nino" filmində Azərbaycanın xalq artisti Fəxrəddin Manafov da çəkilir. Görkəmli aktyor 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. Rejissor Rasim Ocaqovun filmlərində çəkilməsi Fəxrəddin Manafova böyük tamaşaçı sevgisi qazandırmışdır. Onun çəkildiyi son filmlər arasında "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran əsərləri var.

Rikkardo Skamarço italiyalı aktyordur. 16 yaşında dostunun məsləhəti ilə 90-cı illərin sonunda Milli kino məktəbində təhsil almaq üçün Romaya köçür. Burada o, indi məşhur olan bir çox kinematoqrafçılarla birgə təhsil alır. Rikkardonun aktyor debütü "Məktəb dostları" (2001) serialı ilə baş tutur. Bədii filmdə isə ilk dəfə olaraq Marko Tullio Cordanın "Gənclərdən ən yaxşıları" (2004) filmində çəkilib. İtaliyanın kinojurnalistika mərkəzi həmkarlar ittifaqının"Gümüş film" və İtaliya kinematoqraf Akademiyasının "Davi di Donatello" mükafatlarına layiq görülüb, bir neçə nüfuzlu mükafatlara nominat olub. Sonuncu dəfə 2010-cu ildə "Qara insan", "İlk xətt" və "İtalyansayağı arzu" filmlərindəki rollarına görə ən yaxşı kişi rolu kateqoriyasında Can Mariya Volonte adına mükafatı qazanıb.

Humayun Ərşadi iranlı aktyordur. O, İtaliyada memarlıq təhsili alıb və bu sahə üzrə çalışıb. İranın yeni dalğa rejissoru olan Abbas Kirostaminin "Albalı dadı" filmindəki baş roluna görə tanınıb. Orta yaşlarında kinoda çəkilməyə başlayan qeyri-peşəkar aktyor olaraq, o, həm kinoda, həm də televiziyada ifadəliliyinə, rahat üz ifadəsinə və oynadığı obrazlara ziyalı görünüşü verən monoton səsinə görə tezliklə uğur qazandı. 2007-ci ildə çəkilmiş "Çərpələng uçuran" filmində oynadığı Baba rolu ilə gündəmə qayıdıb. Hazırda İranın Kərəc şəhərində yaşayır.

Əsad Bub 1980-ci ildə Fransanın Oriyak şəhərində anadan olan mərakeşli aktyordur. İlk dəfə rejissor Nabil Ayukun "Lolanın istədiyi hər şey" filmində Lora Remsi ilə birlikdə çəkilib. Filmin premyerası 2007-ci ildə Dubayda Beynəlxalq Film festivalında baş tutub. 2006-cı ildə CNSAD-nin (Conservatoire national supérieur d'art dramatique de Paris) məzunu olub.

Numan Acar türk aktyoru və film rejissorudur. Türkiyənin məşhur "Menekşe ilə Halil" serialında rejissor qismində çalışıb. Lakin kino sənayesində daha çox türk-alman ortaq filmlərinin rejissoru olaraq tanınır. Peşəkar aktyor fəaliyyətinə 2002-ci ildə başlamışdır. 2012-ci ildə rejissoru Ata Demirerin olduğu "Berlin pələngi" filmində çəkilib. Ötən il isə Amerika istehsalı olan "Vətən" serialının 4-cü mövsümündə Pakistandakı Taliban lideri Haissam Hakkani rolu ilə populyarlıq qazanıb.

Berlində yaşayan Numan Acar almanca, türkcə, ispanca, ingiliscə, habelə kürtcə, azərbaycanca və ərəbcə danışa bilir. Son zamanlar mediada aktrisa Məryəm Üzərli ilə olan səmimi fotoları ilə gündəmdədir.

Halit Ərgənç türk serial, film və teatr aktyorudur. Uzun illər teatr səhnəsində fəaliyyət göstərsə də, daha sonra "Hiç yoktan aşk", "Ölümün el yazısı" televiziya filmləri, "Böyle mi olacaktı", "Kara Melek", "Dedem Golfret ve Ben", "Esir şehrin insanları", "Zerda", "Aliye" kimi seriallarla həm Türkiyədə, həm də Azərbaycanda populyarlıq qazanmışdır.

"Binbir gece" serialındakı roluna görə 2006-cı ildə "Altın Kelebek" mükafatına layiq görülüb. 2011-ci ildə Osmanlı padşahı Sultan Süleyman Qanuninin həyatından bəhs edən "Muhteşem yüzyıl" serialında yaratdığı Sultan Süleyman obrazı isə Halit Ergençi bütün dünyada məşhurlaşdırıb. Sözügedən serial Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunur.


Müəllif:

Oxşar xəbərlər