16 May 2014 18:14
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Natəvan Həbibi Heydər Əliyev Sarayında verəcəyi “Dinlə” adlı solo konsetlə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Natəvan Həbibi ilə yanaşı, konsertin musiqili direktoru, bəstəkar İsmayıl Əsədov və prodüseri Roland Bayramov iştirak edib.

N.Həbibi verəcəyi ilk solo konsertinin yüksək səviyyədə hazırlandığını deyib. Çıxışına yeni və köhnə mahnıları ilə yanaşı, həmçinin ilk dəfə ifa edəcəyi sinqllarını daxil etdiyini bildirib.
O, əlavə edib ki, həmin gecə sürprizlərlə yadda qalacaq.

“Tamaşaçılar məni fərqli ampluada görəcəklər. Onu da deyim ki, bundan sonra məni həmin ampluada tez-tez dinləyəcəksiniz. Səhnədə özümü heç bir dünya ulduzuna bənzətməyəcəyəm. Geyim və ifamda özüm kimi olacağam. Səhnədə 4 obrazda olmağı düşünürəm. Hələ ki, 8 obraz var, hansı ki, arasında seçim edirəm. Bu da o deməkdir ki, səhnədə tamaşaçılar qarşısında 4 geyimdə olacağam”.

Natəvan Həbibi onun“Sənin oldum” adlı klipində tərəf müqabili olmuş amerikalı rəqqas Çarlz Lourensin də Çikakodan Bakıya gələcəyini, konsertdə iştirak edəcəyini deyib:

“Bundan başqa, konsertdə səhnəyə mənim 1,5 il ərzində hazırladığım tanınmamış, amma çox istedadlı müğənnilər çıxacaqlar. Onların ifaları çox gözəldir, özünüz şahidi olacaqsınız. Onları mənim tələbələrim də adlandırmaq olar. Onu da deyim ki, yerli şou-biznesin bir çox tanınmış simalarını konsertimə dəvət etmişəm. Onların arasında vaxtilə qrup halında birgə oxuduğum Röya ilə Elnarə də var. Bəzi müğənnilər var ki, onları konsertimə çağırmadım. Məndən buna görə inciməsinlər”.

Xatırladaq ki, bu müğənninin ilk solo konsertidir. Bəstəkar İsmayıl Əsədovun rəhbərliyi ilə keçirilən “Dinlə” konsert proqramına Natəvan Həbibinin hit mahnıları ilə yanaşı yeni kompozisiyalar da daxil olacaq.

Aytən Həsənova

FOTO: Xəyal Hüseynov


Müəllif: