Məşhur britaniyalı müğənni və bəstəkar Elton Con "Dolce & Gabbana" brendini boykot etməyə çağırır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, italyan modelyerlər eyni cinsdən olan insanlar arasındakı nikahları və süni mayalanma vasitəsilə valideyn olmaq istəyini sərt tənqid edərək, bunları deyiblər: "Biz homoseksual kişilərin övladlığa uşaq götürmələrini, surroqat analığı qətiyyətlə pisləyirik. Övlad ata və ananın sevgisindən, əlaqəsindən doğulmalıdır. Kimyəvi, süni yolla doğulmuş uşaqları süni, sintetik sayıram. Ana kirayə, ata da kataloqdan..."
İki surroqat övladı olan Elton Con bu sözlərdən sinirlənərək, “Instagram” hesabında bunları yazıb: "Axı siz kimsiniz ki, mənim gözəl övladlarımı "sintetik" adlandırırsınız?! Bundan sonra əsla "Dolce & Gabbana" paltarlarını geyinən deyiləm".
Elton Con bu yazısını "#BoycottDolceGabbana" heşteqi ilə yayıb. Tanınmış sənətçinin boykotuna artıq yüz minlərlə təqibçisi və pərəstişkarı qatılıb.
Qeyd edək ki, Elton Con və onun nikahda olduğu Devid Fernişin iki oğulları var. 2010-cu ildə Zakariya, 2013-cü ildə isə İliya surroqat ana tərəfindən dünyaya gətirilib. Ad və soyadı gizli saxlanılan surroqat ana ABŞ-ın Kaliforniya ştatında yaşayır.
Rüstəm