20 Mart 2015 22:58
3 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarderob” layihəsində bu həftə “Milk and Kisses” qrupundan tanıdığımız, Azərbaycanı “Eurovison” mahnı müsabiqəsində təmsil edən gənc və istedadlı ifaçı Dilarə Kazımovanın geyim tərzini təhlil edəcəyəm.

Dilarə Kazımova həyatdan zövq alaraq yaşamağa çalışır. Elə buna görə də efirdə çox az-az görünür. İstedadlı xanım şəxsi həyatı və qalmaqalları ilə deyil, yaradıcılığı ilə gündəmdə qalmağa çalışır.

"Qarderob" layihəsində geyiminitəhlil etdiyim digər məşhurlardan fərqli olaraq efirdə çox az göründüyü üçün düzü, haqqında yazmağa çətinlik çəkirəm. Qrup təzə yarananda gənc ifaçı dəlisov mahnılarının ruhuna uyğun geyinirdi. Əlbəttə ki, burada ölməz klassikadan və zəriflikdən söz gedə bilməzdi. Hətta deyərdim ki, dələduz qızcığaz üslubunda geyinirdi. Lakin böyüdükcə Dilarə Kazımova stilində də dəyişiklik etməyə başladı. Onu daha çəkici göstərən geyim modellərinə meyil edir. Dilarə Kazımovanın stili əslində olduqca sadədir. Başa düşülməz heç nə yoxdur.

Dilarə Kazımovanın stilində ən çox diqqətimi çəkən məqam qara rəngə və cinslərə olan ehtirasıdır. O, çox az qızın cəsarət edib geyinə bilmədiyi cins şalvar modellərini geyinir. Dilarənin tez-tez istifadə etdiyi rənglər ağ, qırmızı, bej çalarlarıdır. Çox nadir hallarda naxışlı, qaşlı, bərbəzəkli libaslar geyinir. Əsasən klassik, amma müasir, sadə kəsimlərə üstünlük verir. Belinin incəliyini vurğulayan, uzun, midi və eleqant modellər seçir. Əyninə kip oturan sadə paltarlarda çox zərif görünür.

Parlaq rənglərə müraciət etdiyi zaman modelin kəsiminin sadə, düz olmasına diqqət edir. Sarı, qırmızı və çəhrayı rəngin müxtəlif çalarlarına da müraciət edir. Kürək dekoltesini sevdiyi üçün kürəyini açıqda qoyan geyimlərə üstünlük verir. Qısa libaslar da onun qarderobunda yer alır. İdeal və zərif bədən quruluşu da müğənniyə istənilən paltarı geyinməyə icazə verir.

Dilarə Kazımovanın paltarları kimi aksessuarları da sahibinin incə zövqündən xəbər verir. İfaçı sadə, amma bahalı aksessuar taxmağa daha çox üstünlük verir. Təbii gözəlliyə sahib olan gənc müğənni kiçik və sadə aksessuarları xoşlayır. Kiçik sırğalar və zövqlə seçilmiş saç aksessuarları onun kübar obrazını tamamlamağa kömək edir.

Dilarə Kazımovanın ötən il ən çox yaddaqalan obrazı gəlinlik libası oldu. O, toy günü də dalğalı saçlarını açıq qoyaraq öz tərzinə sadiqliyini qoruyub saxlamışdı.

Dilarənin gündəlik stili də diqqətəlayiqdir. Rahatlığını heç nə ilə əvəz etməyən ifaçı gündəlik stilində idman üslubunda geyimlərə üstünlük verir. Yaz aylarında onu adətən qısa şortik və idman ayaqqabılarında görmək olar. Maykalarla qısa cins şortları birləşdirməyi çox xoşlayır. Qış geyimləri arasında isə uzun pencəklər, bürüncəklər, uzunboğaz çəkmələr xüsusi yer tutur. Hündür bel şalvarlar da ifaçının sevimli geyimləri arasında nümunə göstərmək olar.

Boynuna və başına fərqli üsullarla bağladığı yaylıq, kəlağayı və şərflər onun zərifliyini vurğulayan əsas detallardan biridir. Dilarə zərif boynunu rəngli yaylıqlarla vurğulamağı çox xoşlayır.

Gənc ifaçı həm də geniş və rəngarəng qarderob sahibidir. Onun qarderobunda bahalı geyimlərdən başqa, demokratik brendlərə də rast gəlmək olar. Lakin modapərəst xanımın şkafında bir dənə də olsun xəz geyimlərə rast gələ bilmərsiniz. Belə ki, Dilarə heyvanları sevdiyi üçün prinsipial olaraq xəz geyinmədiyini etiraf edir. Ayaqqabı və çanta tandemi də hər zaman uğurlu alınır. Libaslarında naxış, çiçək, krujeva detalları daha çox diqqət çəkir.

Dilarə Kazımovanın yerli həmkarlarından həm ifa, həm də geyim tərzi ilə kəskin sürətdə fərqlənir. Məsələn, nə saç rəngini, nə saç stilini dəyişdirməyi sevmir. Təbii qıvırcıq saçlarını çox zaman yana daramaqla kifayətlənir. Hətta son zamanlar dəbdə olan ombre dəbinə də əməl etməyə cürət etmir. Ancaq tünd qəhvəyi və qara rəng üzərində dayanır.

Makiyaja gəldikdə isə ifaçı maksimum dərəcədə sadəliyini qoruyub saxlayır. Gözlərinin üstünə neytral göz kölgələri, incə layner çəkib, kirpiklərini tuşla vurğulayır. Geyimdə öz minimalist tərzinə sadiq qalan ifaçı makiyajda da ağır rənglərdən qaçır. Yanaqlarını çox xəfif şəkildə ənliklə vurğulayır.

Daha çox qırmızı dodaq boyasına üstünlük verir. Bu dodaq boyasını dumanlı göz makiyajı ilə tamamlayır. Gözləri xırda olduğu üçün dumanlı göz makiyajı gözlərini böyük göstərir, həm də baxışlarını daha nüfuzedici edir.

Sonda Dilarə Kazımovanın ümumi stili haqqında onu deyə bilərəm ki, o, nə istədiyini bilən xanımdır. Üzünü və bədən quruluşunu, ona nəyin yaraşıb-yaraşmadığını çox yaxşı tanıyır. Qüsurlarını da bilir. Bu xüsusiyyətləri isə ulduzun stilinin mükəmməl olmasına gətirib çıxarır.

Publika.az

Aytən


Müəllif:

Oxşar xəbərlər