Deyilənlərə görə, yaqut sevgi və ehtiras daşıdır. Yaqutun enerjisi sevgini alovlandırır. Hindistanda ilk evlilikdə qadına hökmən yaqutdan zinət əşyası alırlar. Ən bahalı şərablarda yaqut daşının tozundan istifadə edilir.
Publika.az-ın “Mücrü” layihəsində bu dəfə sehrli güc, hakimiyyət, uğur, sınaqlar və enerji daşı olan yaqutdan söhbət açacağıq.
Yaqut insana güc verir
Yaqut – Günəşə həsr edilib. Riskli fəaliyyətlə məşğul olan insanların - döyüşçülər, yanğınsöndürənlər, polislər, xilasedicilərin - talismanıdır. Yaqut insanlara cəsarət, enerji verir və travmalardan qoruyur. Amulet kimi yaqut qaşlı üzük də sahibinə sevinc bəxş edir, həyat eşqini artırır, yaddaşı yaxşılaşdırır, ömrü uzadır. Qaranlıq güclərin öhdəsindən gəlməkdə, qorxuyla mübarizə aparmaqda insanlara kömək edir. Onun verdiyi güc sayəsində insanda özünəinam güclənir, adam daha cəsarətli olur. İnsan hisslərinə güclü təsir qüvvəsi olan yaqut nəinki sevgini, cinsi istəyi də artırır, cinsi zəifliyi isə aradan qaldırır. Evli cütlüklər və sevgililər arasındakı davanı soyudur, sonsuz sevgi verir. Ancaq daşı daim üzərində gəzdirmək də doğru hesab edilmir. Çünki o, həm də enerjini çəkir.
Yaqutu tanımaq üçün baxış bucağını dəyişin
Zərgərlikdə işlədilən ən bahalı daşlardan biri də yaqutdur. Daşın tərkibində olan alüminium – oksid korundun bir formasıdır. Qırmızı korunda “yaqut”, cəhrayi-narıncı olanına isə “padparaca” deyilir. Başqa rənglərdə olan daşlar isə sapfirdir. Yaquta qırmızı rəng verən tərkibində xromun olmamasıdır. Odur ki, onu sirkonla, müxtəlif daha zəif sərtliyi olan daşlarla, şpinel və qranatla səhv salmaq olur. Lakin onu tanımağın ən asan yolu baxış bucağını dəyişəndə üzə çıxır. Belə ki, yaqut bir küncdən tünd qırmızı, əks küncdən isə açıq qırmızı rəngdə görünür. Əsl yaqutda çat nəzərə çarpmır. Əslində ziqzaq şəkilli olan yaqutun oxşatmasında (təqlid) çatlar düz olur, dərhal diqqəti çəkir və parıldayır.
Göz qapağına yerləşdirilmiş əsl yaqut öz yığcam molekulyar strukturuna görə daha uzun müddət sərin qalır. Saxta, sintetik yaqut tez qızır, isinir.
Əgər saxta yaqutu ultrabənövşəyi lampanın altında yerləşdirsəniz, narıncı rəng olacaq.
Dünyanın müxtəlif yerlərində əldə olunan yaqut qırmızı rəngin müxtəlif çalarlarını daşıyır. Ən bahalısı mavi çalarları olan tünd qırmızı rəngli birmansk yaqutu, bənövşəyi rəngə çalan vyetnam yaqutu, narıncıya çalan siam yaqutu; qəhvəyi – qırmızı rəngli tayland yaqutu, moruğu rəngli seylon yaqutu hesab olunur.
Yaqutda min dərdin çarəsi var
Qan dövranı və immunitet sisteminə müsbət təsir edir. Yüksək qızdırmanı salır. Bədəni sakitləşdirir. Infeksiyon xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Təzyiqi sabitləşdirir. Sümükləri sağlam saxlayır, qırıqların asan bitişməsini təmin edir. Doğumu asanlaşdırır və ağrıları dindirir.
Şərq təbiblərinin fikrincə, özü ilə yaqut gəzdirən insanlar gecələr yatarkən qorxulu və pis yuxular görmürlər. Baş ağrısını sakitləşdirmək üçün başa yaqut daşı sürtmək məsləhət görülür. Yaqut ağrıkəsici xüsusiyyətə malikdir və bədənin hər hansı hissəsində olan ağrını maqnit kimi özünə çəkir.
Hind alimlərinə görə, özü ilə yaqut gəzdirən şəxs taun və vəba xəstəliklərinə tutulmur. Yaqutu ağızda saxladıqda ürəyi qüvvətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, susuzluğu dəf edir. Onu əzib tozunu şərbətə qatıb içdikdə qanı təmizləyir, saflaşdırır, zəhərlənmənin qarşısını alır, gözü xəstəliklərdən qoruyur.
Xalq təbabətində yaqutun müalicəvi xüsusiyyətləri qədim vaxtlardan məlumdur. Hindistanda hesab edirdilər ki, yaqut epilepsiyanı və iflici sağaldır, depressiyadan çıxarır. Avropa ölkələrində xəstə mədə və impotensiyanı toza sürtülmüş suyla qarışdırılmış daşlarla müalicə edirdilər.
Maddələr mübadiləsini yaxşılaşdıran yaqut ürəyin və beynin fəaliyyətini tənzimləyir.
Qədim zamanlarda hesab edilirdi ki, yaqut ağır naxoşluqlardan qoruya, eşq ehtiraslarını oyada (həyəcanlandıra) bilər. Aterial təziqi olanlara yaqut daşımağı məsləhət görürlər. Daşı üzərində gəzdirən adamın yuxusu normal olur, iştahı yaxşılaşır, yorğunluğu azalır. Yaqut daşı xərçəngin qarşısını alır, xərçəng yaraları yaqutla müalicə edilirdi.
Yaqut zərgər əlində
Azərbaycan ustaları zərgərlik məmulatlarını hazırlayarkən metalla yanaşı, qiymətli və yarımqiymətli daşlardan da istifadə edib. Azərbaycan ərazisindən tapılan arxeoloji abidələrdə rast gəlinən zərgərlik məmulatları zərgərlik ənənələri barədə rəy yaradır. Belə görünür ki, zərgərlik nümunələrinin hazırlanmasında əsasən firuzə, əqiq, yaqut və digər daşlardan istifadə olunub. Məsələn, Qalagahdakı küp qəbrindən tapılmış təbərzin formalı sırğanın üzərinə yaqutdan hazırlanmış dairəvi, üçbucaq, kvadrat formalı qaşlar bərkidilib. Xatırladım ki, sırğaların birinin yuxarı hissəsində yerləşən qaş yaqut deyil, adi şüşədir. Qalagah sırğalar istər üz, istərsə də içəri tərəfdən çox incəliklə və zövqlə hazırlanıb. Bəhsedilən sırğalardan biri nal formasında olub, yüksək əyarlı qızıldan hazırlanıb. Zərgərlik baxımından çox incə və zövqlə işlənib. Onların hər iki üzünə qızıl lövhələr bərkidilib. Sırğalara müxtəlif forma və ölçülü üç qırmızı yaqut qaşı bərkidilib. Qaş yerinin ətrafı kiçik ölçülü dənəciklərlə bəzədilib.
Bakıda Şirvanşahlar sarayının həyətindəki qəbirdən tapılan qızıl sancağın bəzədilməsində də yaqut daşlarından istifadə olunub. Altıləçəkli gül formasında olan cilalanmış yaqut daşlarla bəzədilmiş və üzərinə firuzə qaş bərkidilib.
Xınıslıda ( Şamaxı rayonu ) 70 №-li daş qutu qəbrindən aşkar olunan baş bəzəyinin üzəri də yaqut daşlarla bəzədilib. Bunun üçün usta yarımdairəvi, dairəvi, romb və üskünc formalı daşlardan istifadə edib. Yan lövhəyə 67, o birinə isə 72 qaş qoyub. Usta nazik təbəqədə lehimləmə yolu ilə qaşların ölçüsünə uyğun yerlər düzəldərək onları bərkidib. Orta lövhəyə də bu üsulla 56 ədəd qaş yerləşdirib ki, bunlardan 54-ü yaqut, 2-si isə şüşədəndir.
Yaqut sənətkar dilində
Bəzək elementi olmaqla yanaşı, həm də ilahi qüvvəyə malik hesab edilən daşlara müalicəvi əhəmiyyətinə görə inam bəslənilirdi. Bunu bir sıra orta əsr müəlliflərinin əsərlərində də görmək mümkündür. Əl-Biruni yazırdı ki, qiymətli daşların ən yaraşıqlısı və dəyərli olanı yaqut daşıdır. O, yaqutun ağ, göy, sarı və qırmızı rəngli növlərini sadalayaraq, ayrı-ayrılıqda hər birinin xüsusiyyətlərindən danışır.
Nəsirəddin Tusi «Cəvahirnamə» əsərində qiymətli minerallardan qırmızı yaqut (rubin), göy yaqut (sapfir), almaz (briliyant), ləl və firuzə kimi daşların təsvirini verib, yarımqiymətli daşlardan isə Süleymandaşı (qranat), mirvari, ametist, malaxit və s-nin xüsusiyyətlərindən bəhs edib. O, qiymətli mineralların və yarımqiymətli daşların müalicəvi əhəmiyyətini də göstərib.Yaqutun xüsusiyyəti və ondan istifadə haqqında isə belə yazıb: “Hind alimlərinə görə yaqutu özü ilə gəzdirən şəxs taun xəstəliyindən qorunar və vəba xəstəliyinə tutulmaz. Yaqutu ağıza saldıqda ürəyə qüvvət verər, qüssə və kədəri unutdurar, susuzluğu söndürər.Başqa cəvahirlərdən fərqli olaraq, ağızda ikən soyuqluğunu itirməz. Yaqutu gəzdirənlər başqalarının gözündə heybətli və əzəmətli görünər. Bir dərman kimi o gözün işığını artırar və sağlamlığını qoruyar”.
Nəsirəddin Tusi yaqutun yoxlanılması haqqında aşağıdakıları göstərib:
1. «Qırmızı yaqut qiymətli daşların hamısını cızır. Almaz da yaqutu cızır.
2. Qırmızı yaqutda olan parıltı ləldən başqa ayrı qiymətli daşlarda yoxdur.
3. Çəkisi bütün gövhərlərdən ağırdır.
4. Oda daha çox davamlıdır.
5. Odun təsirindən ağarır. Oddan çıxarıb, suya saldıqda yenə də öz əvvəlki rəngini alır. Bu iki xüsusiyyət qırmızı yaquta məxsusdur. Yaqutdan dərman və təbiətdə istifadə etmək üçün onu bir neçə dəfə odda qızdırıb suda soyudurlar ki, ovulsun və həvəngdəstədə döyülməsi mümkün olsun».
Kral ailəsinin yaqut sevgisi
Onu da qeyd edək ki, kral ailələri də yaquta qarşı biganə deyillər. Məsələn, II Yelizavetta yaqut qaşlı tacını çox sevir. Bu zinət əşyası II Yelizavettanın kolleksiyasında ən "gənclərdən" biridir. Bu tac "Garrard&Co" zərgərlik şirkəti tərəfindən hazırlanıb. Kraliçanın sifarişi ilə hazırlanan tacın daşları ona toy hədiyyəsi olub.
Uzun müddət bu, kraliçanın kolleksiyasında yeganə yaqut qaşlı bəzək əşyası olub, lakin kraliçanın anasının ölümündən sonra ona yaqutlarla bəzədilmiş Şərq Çələngi tacı miras qaldı. Bu tac 1853-ci ildə Albert tərəfindən Viktoriyaya hədiyyə edilmişdi.
Diademanı 96 yaqut bəzəyir. Bu yaqutlar Birma xalqı tərəfindən hədiyyə olunduğu üçün adı da buradan götürülüb. Onlar qızılın üzərinə yerləşdirilib, mərkəzdə gül düzəldilib, tacın hazırlanmasında həmçinin gümüşdən və brilyantdan da istifadə edilib. Brilyantlar hazırda Hindistanın ərasizində olan Heydərabad və Berar knyazlığı tərəfindən hədiyyə olunub, onun hökmdarının qiymətli daşlar kolleksiyası vardı.
Yeri gəlmişkən, tacda yaqutların sayı təsadüfi deyil. Birmalıların etiqadlara görə, insanların ən çox məruz qaldığı xəstəliklərin sayı 96-dır. İnanclara görə, yaqutlar kraliçanın sağlamlığını qoruyur. Bu tac kralıça Yelizavetanın sevimli əşyalarından biridir, onun bu tacla rəsmi qəbullarda kifayət qədər tez-tez görmək olar.
Danimarka krallığının vəliəhdi Federikin həyat yoldaşı, qrafinya Monpeza da yaqut vurğudur.
O, yaqut tacı, boyunbağısı, sırğaları, üzüklər, qolbağı və yaxa sancağını mərasimlərdə də tez-tez taxır.
Hersoginya Keyt Middleton da kral ailəsinin gəlini olduqdan sonra yaqutlara rəğbəti ilə seçilməyə başlayıb.