14 May 2015 11:42
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün hallarda o, qalib mövqeyindədir"

"Eurovision 2015" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynovun böyük səhnədə çıxışına sayılı günlər qalıb.

"Eurovison 2015"in I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. Təmsilçimiz ikinci yarımfinalda 11-ci nömrə altında çıxış edəcək. Müsabiqəyə son hazırlıqlar davam edərkən "Gündəlik Teleqraf" mövzunu gündəmdə saxlayır, təmsilçimizin mahnısı, ifası, yarışmadakı şansı barədə mütəxəssislərin rəylərini təqdim edirik: Bu dəfə əməkdar artist Gövhər Həsənzadə Elnur Hüseynovun "Eurovision" şansını dəyərləndirir.

Qeyd edək ki, Elnur ilk dəfə "Eurovision" səhnəsində məhz Gövhər Həsənzadənin "Day after day" mahnısını ifa edib.

- Mən Elnurun da, başqa yarışma iştirakçılarının da ifalarını dinləmişəm. Sözün açığı, Elnurun mahnısı builki standartlara uyğun bir mahnıdır. Onun ifası yüksək səviyyədədir. Düşünürəm ki, Elnurun ifası və mahnı ilk beşlikdə özünə yer edəcək. Hətta Elnur Azərbaycan ifaçısı olmasaydı belə, mən yenə də bu sözü deyərdim. Çünki ümumi göstəricələrə baxıb belə nəticəyə gəlmişəm. Ümidvaram ki, proqnozum düz çıxacaq. Mən Elnurun ifasına çox arxayınam. Onun səhnədə büdrəmək problemi yoxdur. Elnur bu səhnəni çox gözəl bilir. Çünki o, artıq bu təcrübənin sahibidir. Onun keyfiyyətli çıxış edəcəyinə əminəm.

- Elnur səs imkanlarını bu mahnıda göstərə bilirmi?

- Mahnı Elnurun texnikasını göstərə bilir. Ki, bu da çox vacib amildir. Vokal yarışması olanda üstünlüyü əsas səsə, ifaçının vokal imkanlarına verirlər. Sözün açığı, mən də öncə düşündüm ki, Elnur üçün daha mürəkkəb mahnı seçilə bilərdi. Amma "Eurovision"ı ümumi dinləyəndə və bu fonda Elnurun mahnısını qiymətləndirəndə başa düşdüm ki, mahnı Avropa tamaşaçısının zövqünə uyğun mahnıdır. Nəzərə alsaq ki, səs verən tamaşaçı avropalı tamaşaçıdır. Ona görə mahnı ilk növbədə onları qane etməlidir. Mahnının çox peşəkar texniki keçidləri, planları var ki, Elnur da bunu çox gözəl səsləndirib. Üstəlik, mahnıda Elnur da öz versiyasını təqdim edir. Mahnının üzərində neçə nəfərin çalışdığını düşünməsək, bəli, deyə bilərəm ki, Elnur çox peşəkar formada Avropa tamaşaçısının önünə çıxacaq və o tamaşaçının zövqünü oxşayacaq. Amma deyim ki, mahnı dörd bəstəkar üçün o qədər də möhtəşəm səslənmir.

- Elnura dünya türklərinin dəstəyini necə qiymətləndirirsiniz?
- Biz buna ümid edirik ki, dəstək çox olacaq. Elnur səhnədə büdrəməyəcək, və artıq onun titulu da var. Ən azından indi onu Türkiyədə tanıyır, sevirlər. Buna görə də səsvermədə o, dünyada yaşayan türklər tərəfindən də dəstək alacaq. Bunların hamısını nəzərə alaraq deyirəm ki, Elnur rahatlıqla ilk beşlikdə öz yerini tutacaq.

- Gövhər xanım, bu ərəfələrdə Elnurla görüşmüsünüzmü?
- Türkiyədəki çıxışından sonra Elnurla əlaqəm olmayıb. "Eurovision"la əlaqədar olaraq onun işləri həddindən artıq çoxdur. Ona görə heç bir görüşümüz olmayıb. Mən onunla "O Səs Türkiyə" yarışması zamanı danışmışam. Elnur həmin Elnurdur, çox yüksək əhval-ruhiyyədədir. Qışda xəstəlikləri var idi, indi şükürlər olsun ki, onlar da yoxdur. Yəni bir sözlə, hər şey yüksək səviyyədədir.

- Elnurun "Eurovision"dan sonrakı musiqi karyerasını necə görürsünüz? Əgər bu yarışma olmasaydı, Elnur Türkiyədə qalacaqdı, çünki müqaviləsi var idi.
- Mən düşünürəm və ümidvaram ki, Elnur "Eurovision"dan sonra Avropa şirkətlərindən möhtəşəm təkliflər alacaq. Ondan başqa Türkiyədə geniş auditoriya toplayan Elnur oradakı nailiyyətlərinin üstünə nailiyyətlər əlavə edəcək. Bütün hallarda Elnur udmuş sayılır. O, qalib mövqeyindədir və karyerasında önəmli yerdədir. Onun sonrakı taleyi şans məsələsidir. Və bundan sonrası daha çox özündən asılıdır. Hansı seçimləri edəcək, necə işləyəcək, onu zaman göstərəcək.

- Bəzilərini çıxmaq şərtilə "Eurovision"dakı gənc ifaçılarımız sonra uğurlu karyera qura bilmirlər. Sizcə, bunun səbəbi nədir?
- Təkliflərə bağlıdır hər şey. "Eurovision"dan sonra kimsə ailə qurdu, kimsə Avropa şirkətlərinin təklifini qəbul etdi. Birinci, seçim insanın özündən asılıdır. İkinci, hər insana da təklif gəlmir. Üçüncü, "Eurovision"dan sonra Azərbaycan hansı səhnə ilə o ifaçıların tələbatı ödəyə bilər, bunu düşünmək lazımdır. Tamaşaçı auditoriyasının sayına baxın, çox böyük fərq var. "Eurovision"dan gələn ifaçı hansı tamaşaçı auditoriyası üçün işləməlidir? Ona görə həmin ifaçıların burda özünü göstərməyi, işləməyi çox çətindir. Bilirsiniz ki, Bakıda Avropa musiqisinin tələbatı, məkanı, səhnəsi yoxdur. Amma nə vaxtsa olacaq, biz də daha böyük şirkətlərlə müqavilələr bağlayacağıq. O zaman "Eurovision"dan gələn ifaçılar üçün də özlərini göstərmək imkanı və məkanı olacaq.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər