20 May 2015 18:49
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcılar Bədii Şuralardan danışdılar

“Bu gün Azərbaycan televiziyası üçün kadrlar hazırlayan, yaxşı tənqidçilərin, müəllimlərin dərs verəcəyi, məlumatlandıracağı bir institut, bir məktəb yoxdur. Hanı Bədii Şuralar?”

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış aparıcı Könül Arifqızı deyib. Onun sözlərinə görə, televiziya öz funksiyasını bu gün yavaş-yavaş itirir: “Bəlkə də Bədii Şuralar var. Amma mən bilmirəm və görməmişəm. Əsas nəticədir. Ola bilər o şuralar fəaliyyət göstərir, amma nəticə yoxdur. Biz bu gün efirlərə baxanda tənqid etdiyimiz nüansların azaldığının yaxud tamamilə aradan qalxdığının şahidi oluruqmu? Yox. Və bu proses hələ də davam edir. Mən bir aparıcı, veriliş müəllifi kimi qabiliyyətli bir iş ortalığa çıxarmağa çalışıram. Bununla mən kiməsə məlumat, zövq vermək istəyirəm. Amma mən o fikirlə də razı deyiləm ki, televiziya tamaşaçı zövqünü korlayır. Murad Arifin bir sözü var: əgər insan siqaret çəkirsə, o, Miri Yusifin klipinə baxıb, o, çəkir deyə siqaret çəkmir. Yaxud əgər siqaret çəkmirsə, kumiri çəkir deyənə də çəkməyəcək. İnsan bir ailədə dünyaya gəlir, atası, anası, qohumları, müəyyən mühiti olur. O insan böyüdükcə öz mühitində formalaşır. Formalaşmış insanı televiziya necə korlaya bilər? Əgər tamaşaçı zövqlüdürsə, o zövqsüz verilişə ümumiyyətlə baxmayacaq. Bu gün televiziya öz funksiyasını bu gün yavaş-yavaş itirir. Qlobal mənada götürsək, televiziya, radio da bəşəriyyətin tarixində olan müəyyən etaplardır. Televiziyanın dövrü ötən əsrin 40-50-ci illər başlayıb və bu gün artıq onun dövrü başa çatır. Bu gün internet dövrüdür”.

“Proqramlaşdırma səhvdir”

Aparıcı Səxavət Nurun fikrincə, bizim efir məkanımız heç də ürəkaçan mənzərə sərgiləmir: “Azərbaycan efirlərində daha çox reytinq gətirən verilişlər kriminal, qalmaqallı mövzulardan bəhs edir. Bu nə camaatın, nə də televiziyaların problemi deyil. Bu, televiziyalara nəzarət edən qurumun problemidir. Bunu bütün ciddiyyətimlə deyəcəm, Azərbaycanda televiziya proqramlaşdırılması tamamilə səhvdir. Heç uzağa getməyib, buna Türkiyənin misalında nümunə gətirəcəm. Onlar şənbə-bazar günləri efirlərdə komediya serialı, musiqili-əyləncəli verilişlər nümayiş etdirib, insanları pozitiv əhvali-ruhiyyəyə kökləyərək yeni iş həftəsinə hazırlayırlar. Amma bizim efirlərə baxın: kriminal, qırğın, dava, aqressiya ilə bol sosial tok-şoular, ardınca da boevik, qorxulu filmlər. Axşam bunlara baxan insanlar yeni iş həftəsinə hansı vəziyyətdə oyanacaqlar? Buna görə də insanlarımız çox aqressivdir. Əslində, Kanal D-nin özünə qalsa, reytinq xatirinə o da siyasətini bizimkilər kimi qurar. Sadəcə, o, çox yaxşı bilir ki, bunu etsə RTÜK (Radio və Televiziya Qurumu) kanala cəza kəsəcək. Bu da böyük məbləğlərin itirilməsi deməkdir. Bilirsiniz, televiziya xalqı düşünməyə bilər, amma bu, ona nəzarət edən qurumun birbaşa vəzifəsi və borcudur”.

Nərmin


Müəllif: