Elnur tar hədiyyə etdi
Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision 2015” Mahnı Müsabiqəsi çərçivəsində sözügedən şəhərdə Azərbaycan gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 19 may tarixində Bakıda 16 mərtəbəli binada baş vermiş yanğında həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova “Eurovision 2015” Mahnı Müsabiqəsi çərçivəsində keçirilən bu gecənin təşkilindən qürur duyduqlarını bildirib. Mərkəz rəhbəri mədəniyyətimizin təbliği və iki ölkə arasındakı əlaqələrin inkişafında mərkəzin oynadığı roldan da danışıb. Qeyd olunub ki, mərkəz milli mədəni dəyərlərimizi layiqincə tanıdan özünəməxsus məkandır.
Azərbaycanın “Eurovision 2015” təmsilçisi Elnur Hüseynov dəstəyə görə təşəkkürünü bildirib. Sənətçi Azərbaycanın milli musiqi aləti olan tarı Vyanaya hədiyyə edib.
Vyana şəhəri mədəniyyət idarəsinin, şəhər mədəniyyəti interkulturalizm və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Heydər Sari Azərbaycan musiqisi, incəsənətinin vurğunu olduğunu bildirib. Ona hədiyyə edilən qədim milli musiqi aləti olan tarın onda dərin hisslər yaratdığını, uşaqlıq xatirələrini canlandırdığını söyləyib.
Tədbirə müxtəlif ölkələrdən nümayəndələr, həmçinin bu ilki şounun iştirakçıları – Latviya təmsilçisi Aminata, Litva təmsilçisi Monika Linkytė və Vaidas Baumila, İsveç təmsilçisi Mans Zelmerlöv, Malta təmsilçisi Amber da qatılıblar.
Tədbirdə qonaqlara ölkəmizin idman və mədəni həyatında mühüm hadisələri əks etdirən jurnal, broşürlər paylanılıb, milli mətbəximizdən nümunələr təqdim edilib. Möntrö Caz Festivalının qalibi, əməkdar artist İsfar Sarabskinin ifası xüsusi maraqla qarşılanıb. Həmin gün Azərbaycanı bu il “Eurovision” müsabiqəsində təmdil edən Elnur Hüseynov Bakıda baş vermiş faciəyə görə proqramda dəyişiklik edib.
Təmsilçi ritmik mahnıları proqramdan çıxararaq, yalnız həzin musiqilərə yer verib. “Eurovision” Mahnı Müsabiqəsi çərçivəsində təşkil edilən Azərbaycan gecəsi hər bir iştirakçıda xoş təəssürat yaradaraq, gərgin məşqlər arası ölkə təmsilçilərinin yorğunluğunu unutdurub.
Nərmin