12 İyul 2015 17:34
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilərin də, qadınların da həsəd apardığı məşhur xanımlar yaxşı bilir ki, təbiətin onlara bəxş etdiyi gözəlliyi qoruyub saxlamaq heç də asan başa gəlmir. Formada qalmaq üçün ulduzların hər birinin öz orijinal resepti var. Gənc qalmaq üçün öz üzərində daima işləməlisən... Lakin gözəl görünməyin digər bir şərti də həyatın hər anından zövq almağı bacarmaqdır. İnsanlarda müsbət təəssürat oyatmaq üçün yaxşı əhval-ruhiyyədə qalmaq da əsas şərtdir. Publika.azməşhur xanımların gözəlliklə bağlı verdiyi dəyərli məsləhətləri araşdırıb.

Sofi Loren: “Gözəllik onun uğrunda mübarizə aparmağa dəyər. Gözəllik sizi kütlədən ayıracaq, intellekt və hazırcavablıq nüfuzunuzu artıracaq, cazibəniz isə sizi heyranedici edəcək.”

Bu unikal qadının indi 80 yaşı var. Amma o, indiyə qədər mükəmməl görünür, hətta özünə dərin dekolteli paltarlar geyinməyi də rəva görür. Onun gözəllik sirləri haqqında çox şey danışmaq olar. Sofi saat 9 olmadan yatır və artıq uzun illərdir ki, alkoqol və səs-küylü əyləncə gecələrindən uzaq gəzir.

Ulduz deyir ki, "Əgər tənbəlsənsə, valehedici olmaq çətindir". Loren gözəlliyinin qeydinə qalmaq üçün səy göstərir. Aktrisa üzünü və bədənini hər gün zeytun yağı ilə silir. O, səhər saat 5 radələrində qalxır və məşq edir. Qidalanmaya gəldikdə isə ulduz yeməyi çox xoşlayır! Amma hamıya məsləhət verir ki, tez-tez, amma kiçik porsiyalarla yeyin.

Monika Belluççi: “Qadınların çoxları yaşa dolduqca gözəlliyi itirməkdən qorxurlar, amma mən bu barədə narahat olmamağa çalışıram”.

İtalyan gözəli Monika Belluççini siyahımıza daxil etməsək, böyük qəbahət olardı. Ulduz deyir ki, o, yalnız çəkiliş və çıxışlar vaxtı makiyaj edir. Dərisinə istirahət vermək üçün kosmetikadan istifadə etməməyə çalışır.

Klaudiya Şiffer: “Mənim əsas məqsədim yalnız gözəl olmaq deyil! Həm də sağlam olmaqdır!”

Dünyanın ən tanınmış sarışınlarından biri Klaudiya Şifferdir. O, sağlam həyat tərzi yaşayır, qidalanmasına ciddi nəzarət edir. Hətta şirniyyatlardan tamamilə imtina edib. O, müsahibələrinin birində "Mən səhər yeməyində yaşıl çay və portağal şirəsi içirəm. Bir də meyvə yeyirəm. Nahara toyuq, suda bişmiş yumurta və tərəvəz salatı yeyirəm. Günorta yeməyi üçün tomat şirəsi, qara üzüm və bitki çaylarına üstünlük verirəm. Şam yeməyində salat və tərəvəzlə kifayətlənirəm” - deyib.

Elizabet Teylor: “Cavanlıqda xarici görünüşünüz daxili "mən"inizdir. 40 yaşından sonra isə xarici görünüşünüz daxilinizə təsir göstərir”.

Gözəl Elizabet Teylorun sağlam həyat tərzinə üstünlük verdiyini deyə bilmərik. Gurultulu romanlar isə çətin ki, onu sağlam və rahat yuxuya getməyə imkan verirdi. Amma Liz öz üzərində daim işləyirdi. Aktrisa üzünü kosmetoloqun köməyi olmadan hər gün özü masaj edirdi.

Şeron Stoun: "Bəli, mən qocalmaqdan çox qorxuram. Mən hərdən güzgü qarşısında oturub özümü bunu deməyə məcbur edirəm: "Sən qocalırsan və tamamilə fərqli görünürsən".

Buna baxmayaraq, Şeron Stoun 57 yaşında əvvəlki kimi çox gözəldir. O, qırmızı xalı mərasimlərinin əsas ulduzlarından biri olaraq qalır. Maraqlıdır ki, Şeron xalq təbabətinə inanır. O, mütəmadi olaraq süd və bal vannası qəbul edir. Aktrisa inandırır ki, onun dərisi məhz bu resept sayəsində ideal vəziyyətdə qalır. Süd və bal vannası faydalı elementlərlə zəngin olduğu üçün dərini təbii şəkildə nəmləndirir.

Şeronun həvəslə bölüşdüyü ikinci gözəllik sirri pivədir. O, xoş niyyətlə bir stəkan pivə içmək əleyhinə deyil. Aktrisa bildirir ki, pivənin tərkibində tük və dırnaq üçün çox faydalı vitaminlər var.

Katrin Denev: “Əsl qadın - bu, ağıl, yumor hissi, xeyirxahlıq və cazibənin vəhdətidir. Eyni xüsusiyyətləri kişidən də gözləyirəm".

Katrin Denev hələ gənclik illərində öz dərisinin qeydinə qalırdı və günəş şüalarından həmişə qorxurdu. Aktrisa hesab edir ki, günəş dərinin ən böyük düşmənidir. Ona görə də ulduz çimərliyə enli şlyapası, eynəyi və qoruyucu kremi olmadan getmir. Lakin Katrinin zəif tərəfləri də var. Dəfələrlə tərgitməyə çalışsa da, siqaretdən heç cürə imtina edə bilmir.

Sindi Krouford: “Hətta mən səhərlər Sindi Krouford kimi görünmürəm!

Dünya şöhrətli model hələ uşaqlıqdan artıq çəkiyə doğru meyllidir və bütün həyatı boyu bununla ciddi şəkildə mübarizə aparır. O, hər səhər hovuzda üzür.

Üz dərisinin qulluğuna gəldikdə isə Sindi mütəmadi olaraq özü hazırladığı süd maskadan istifadə edir. Süd dərini gün ərzində nəmləndirir.

Cennifer Lopez: “Əgər sən özünü gənc hiss edirsənsə, 40 və 50 yaşında da gəncsən. 20-də isə özünü hətta qoca qarı hiss edə bilərsən".

Cennifer Lopezin gözəllik sirləri haqqında dəfələrlə danışmışıq. Amma diva maraqlı və qeyri-adi üsullar bölüşməkdə davam edir. Sən demə, Cey Lo efir yağları və qreypfrutun köməyi ilə öz iştahasına nəzarət edir! Müğənni deyir ki, yemək istədikdə, amma imkanı olmadıqda efir yağı iyləyir və iştahası dərhal kəsilir.

Marlen Ditrix: “Əsl qadın narahat olmur, narahat edir!”

Marlen Ditrix ömür boyu ağır pəhrizlər saxlayıb. Hansı ki, bu gün istənilən həkim bizi buna görə danlayardı. Bəzən aktrisa bütün günü yalnız qəhvə və su ilə qidalanırdı. Buna baxmayaraq, onun dərisi inanılmaz dərəcədə gözəl idi. Bu necə ola bilər? Buna səbəb isə ancaq genetika deyil. Belə ki, aktrisa dərisinin gözəl görünməsi üçün özü krem hazırlayırdı. Bu kremin hazırlanması çox sadədir. Çox kiçik limonun şirəsi, bir stəkan yağlı xama, yumurta ağı, 50 qram araq və 1 xörək qaşığı qliserin.


Müəllif:

Oxşar xəbərlər