"Hamı fikirləşir ki, ildə 700 min pul qazanıram”
Müğənni Röya Ayxan avqustun 21-22-də Yaşıl Teatrda solo konsert verəcək.
Teleqraf.com xəbər verir ki, bu gün konsertlə bağlı mətbuat konfransı keçirən müğənni Röya reperturaında yeni mahnıların yer alacağını bildirib. O, həmçinin köhnə mahnılarını da yeni versiyada təqdim edəcək: “Konsertdə rəqqaslar da iştirak edəcək. Bu dəfə rahat geyinmək və fərqli görünmək istəyirəm. Açıq havada baş tutacaq konsert üçün hələ ki, iki kostyum nəzərdə tutmuşuq. Konsertimdə duet ortaqlarımdan Ceyhun Zeynalov iştirak edəcək. Onunla “Zəhləm getmiş” adlı duet ifa etmişəm. Hələ ki, heç bir həmkarıma dəvətnamə verməmişəm”.
Tez-tez konsert verdiyinə görə həmkarları tərəfindən qısqanclıqla qarşılanması barədə suala cavab verən Röya Ayxan dedi ki, artıq bu kimi hallara əhəmiyyət vermir: “Sadəcə, dayanmadan, ağılla işimi görürəm. Düzünü desəm, bir il konsert verməsəm, artıq gələn il konsert verə, o publikanı toplaya bilməyəcəm. Bu sənət özünü sevən sənətdir, deyir ancaq həyatını mənə həsr et. Sənin sevgilin, həyatın və uşağın da mənəm. Həyatımı elə cəmləşdirmişəm ki, şəxsi həyatım da, sənətim də yerində olsun. Çünki yaradıcılığımda bir il dayansam, yenidən dönməyim çox ağır olacaq. Həmkarlarıma gəlincə, düşünmürəm ki, kimisə qıcıqlandırmıram. Hamı maşallah pul qazanır, konsert verə bilər. Mən heç vaxt sponsordan istifadə etməmişəm. Hər şeyi özüm edirəm. Amma elələri var ki, sponsorları da ola bilər. Hamı fikirləşir ki, mən ildə 700 min pul qazanıram. Tutaq ki, onun cəmi 100 mini ailəmin, qohumlarımındır. Qalanı isə klip, arenjiman, mahnıya və s. həsr edilir. Mən qıcıq üçün konsert vermirəm. Sadəcə olaraq öz sevənlərimi itirmək istəmirəm”.
Müğənni dedi ki, iki aydır Bakıda olmamasının səbəbi Türkiyədə həyata keçirəcəyi yaradıcılıq planları ilə bağlıdır: “Hazırda Türkiyədə ciddi fəaliyyətə başlayıram. Bir neçə şirkətə müraciət etmişəm. Mən artıq iki dəfə Tükiyədə özümüzü göstərdim ki, səsim var, mənə türk kişisi-filan lazım deyil. Buraya bir Azərbaycan müğənnisi kimi gəlmişəm. Türkiyədə sənətlə bağlı hər şey rol oynayır, hətta saçın rənginə qədər. Keçən ay saçımın rəngini açıq rəngə boyatdırıb İstanbula getdim. Orada dedilər ki, səni açıq rəngli saçla qəbul edə bilmərik. Çünki Türkiyədə açıq saçla çıxsan, səsin ikinci plana düşəcək. Deyəcəklər ki, bu kimdi, kiminkidi?”.
Rəqsanə Həsənova