18 Avqust 2015 18:19
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, gözəlliyi və səsi ilə hamını özünə heyran qoysa da, heç vaxt reklam xarakterli qalmaqallara qarışmır. Bəlkə də elə buna görə, şöhrət pilləkənlərində ən yüksək zirvəyə qalxa bilməyib. Buna baxmayaraq, mahnıları sevilir, dinlənilir, sevənlərinin sayı günü-gündən artır. Söhbət türkiyəli müğənni Şəvval Samdan gedir. Bu günə kimi, arabesk, klassik, caz kimi musiqi növlərində mahnılar oxuyan Şəvval Sam bu il çıxardığı yeni albomunda türkülərə üstünlük verib. “Hürriyət” qəzeti “Torpaq qoxusu” adlı albom münasibətilə müğənnidən maraqlı müsahibə alıb.

Publika.az “Şirin söhbət” layihəsi çərçivəsində həmin müsahibəni təqdim edir:

- Yeni albomunuzun adı “Torpaq qoxusu”dur. Bu qoxunu bizə necə izah edə bilərsiniz?

- İnsan vətənindən uzaqlaşanda, ilk növbədə aid olduğu torpağın qoxusu üçün darıxır. Mən də darıxıram. Mənim üçün torpaq qoxusu doğulduğum ölkənin suyu, iqlimi, mədəniyyəti, dilidir.

- Bu gün torpaq qan qoxur. Ölkədə qütbləşmə var, gərginlik hökm sürür. Bununla bağlı nə deyə bilərsiniz?

- Məncə, hamı sülh şəraitində yaşaya bilər. Amma buna mane olurlar. Türkiyə çoxmillətli bir ölkədir. Təəssüf ki, məhz bu səbəbdən həmişə belə problemlər yaşamışıq. Ancaq şiddət heç nəyin həll yolu deyil. Boş yerə can itiririk.

- Sizcə, bu problemləri necə həll etmək olar?

- Sevərək, əmək sərf edərək. Siyasətçilərdən tutmuş işçilərə, sənətçilərdən biznesmenlərə kimi hamı eyni məqsəd üçün çalışsa, ölkədə belə hallar yaşanmaz.

- Siz daha yaxşı bir gələcək üçün nə isə edirsiniz?

- Mən öhdəmə düşən vəzifəni yerinə yetirdiyimə inanıram. Döyüşərək sülh əldə ediləcəyinə şübhə edirəm. Ona görə də, sülh mahnıları oxuyuram. İstəyirəm ki, mahnılar qəlbimizi yumşaltsın və birləşib bir yerdə yaşamağımız mümkün olsun. Fərqli xüsusiyyətlərimiz düşmənçilik səbəbi olmasın, əksinə, mədəni zənginliyimizə çevrilsin. Hamının yaşamağa haqqı olduğunu xatırlayaq. “Torpaq qoxusu”nda bu arzularımı ifadə etmişəm, içimdəkiləri hayqırmışam.

- Albomunuzdakı mahnıları necə seçdiniz?

- Seçməkdə çətinlik çəkmədim. Mahnıların hamısı bu coğrafiyanın fərqli bölgələrinə aiddir. Albomda Orta Anadolu, Qaradəniz bölgəsinə aid türkülər var. Həmçinin, çərkəz, kürd, erməni və Azərbaycan dilində əsərlər də səsləndirmişəm.

- Albom üçün kimlərlə əməkdaşlıq etmisiniz?

- Mənim üçün çox qiymətli olan insanlarla işləmişəm. Arif Sağ “O yar gəlir” adlı türküsünü aranjeman etdi. Ahmet Aslanla “Tanımadığım bədən” adlı mahnını, İsmail Hakkı Dəmirçioğlu ilə “Yuh Yuh” adlı mahnını duet oxuduq. Sağ olsunlar, bildikləri hər şeyi mənimlə paylaşdılar.

- Albomdakı mahnıların sayı həddən çoxdur. Düz 18 mahnı var. O mahnıları iki albomda təqdim edə bilərdiniz.

- Gözəl mahnılarımız o qədər çoxdur ki, heç birini təxirə sala bilmədim. Hələ oxumaq istədiyim çoxlu türkülər var. Ola bilsin, “Torpaq qoxusu” albomunun ikincisini də çıxaracağam.

- Bir neçə dildə mahnı oxumaq çətin deyil?

- Mahnıları ilk dəfə dinləyəndə elə bilirəm ki, oxuya bilməyəcəm. Ancaq sonra öyrəşirəm. Etiraf edim ki, ən çox çərkəz və çeçen dilində oxuyarkən çətinlik çəkdim. Bu dillərdə oxuya bilmək üçün peşəkarlardan dərs aldım.

- Hər dəfə fərqli janrda mahnılar oxuduğunuz üçün sizi özünüzü tapmamaqda ittiham edirlər. Bu iddialara veriləcək cavabınız varmı?

- Özümüzü hamıya bəyəndirmək məcburiyyətində deyilik. Onsuz da bu imkansızdır. Hər şeyi qəliblərə salmağa çalışırıq. Fərqli addımlar atan, uğur əldə edən insanlara belə reaksiyaların olması normaldır.

- Bəs, bu dedi-qodular sizi yormur?

- Yox. Əgər başqalarının fikirlərinə çox önəm versəydim, həyatda heç nə əldə edə bilməzdim. Mən musiqi ilə böyüyürəm. Həyatı musiqi sayəsində öyrənirəm. Bu çox xoşuma gəlir. Məncə, hamı içindəki hissləri azad şəkildə ifadə etməlidir. Tez-tez görüşək, daha çox mahnı oxuyub yaralarımızı sağaldaq. Musiqinin qəlbə yol tapdığı yerdə din, dil, irq, cinsiyyət fərqi qalmaz.

- Kazım Koyunçunun anım günündə ona xitabən bir məktub yazmışdınız. Sizcə, Kazım Koyunçunun xəyalında canlandırdığı dünya nə vaxtsa bərqərar olacaq?

- İnanmıram. Get-gedə onun xəyalını qurduğu ölkə formatından daha da uzaqlaşırıq. Mən yenə də ümidimi itirmək istəmirəm. Bəzilərinə insan olmağı öyrətmək elə də asan deyil. Ancaq uşaqlarımız, gələcəyimiz üçün əlimizdən gələni etməliyik.

- 40 yaşdan sonra həyatınızda nələr dəyişdi? Sizcə, yaşın dünyagörüşünə təsiri var?

- Əlbəttə, çox təsiri var. Özümdə hiss etdiyim dəyişiklikləri danışmaqla qurtara bilmərəm. Amma bir şey deyim, bir daha 20 yaşında olmaq istəmərəm.

- Doğrudanmı, niyə?

- Çünki artıq həyatı öyrənmişəm. Hər şeyə yenidən başlamaq çətin olardı.

- Kimləri dinləyirsiniz?

- Mən elə də çox musiqi dinləyən biri deyiləm. Çünki içimdə həmişə musiqi var, onu susdurmaq istəmirəm. Amma bəzən əhval-ruhiyyəmdən asılı olaraq, bir türküyə, klassik musiqiyə və ya caza qulaq asa bilərəm. Bəzən də sadəcə, səssizliyi dinləyirəm. Xüsusən də, təbiətin qoynunda olanda... Bir sözlə, mahnı dinləməkdən çox, mahnı oxumağı sevirəm. Mahnı oxuyaraq ölümə qarşı çıxırıq. Həyata olan inamımızı artırırıq, sağalırıq. Musiqi bəziləri üçün əyləncə vasitəsi ola bilər. Mənim üçün elə deyil. Anadoluda övladını itirən analar ağı deyirlər. O da mahnının bir növüdür. Biz də mahnı oxuyanda ağlayırıq, təmizlənirik. Mahnı oxumaq dua etmək kimidir.


Müəllif:

Oxşar xəbərlər