28 Avqust 2015 19:27
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin ən gözəl kəşfi

Qədim zamanlardan bəri insanların istifadə etdikləri qiymətli daşlarla bağlı yazmışıq. Ancaq bu dəfə çox yeni - XX əsrin əvvəllərində tapılan bir daşdan bəhs edəcəyik. Söhbət rəngi, parlaqlığı ilə göz oxşayan, faydaları ilə bir çox insanın dərdinə dərman olan morqanit daşından gedir.

Oxumağa davam edin. Publika.az-ın “Mücrü”sü bu dəfə də sizi təəccübləndirəcək.

“Çəhrayı zümrüd”

Morqanit daşı ilk dəfə 1910-cu ildə Cənubi Kaliforniyada kəşf edilib. Daşın adını “Tiffany & Co.” şirkətində işləyən qiymətli daş mütəxəssisi Corc Kanz qoyub. O, Amerikanın məşhur daş kolleksionerlərindən olan J.P. Morqanın şərəfinə daşı “Morqanit” adlandırıb.

Çəhrayı və şaftalı rənglərdə olan bu daş akvamarin və zümrüdlə eyni maddələrdən yaranıb. Ona görə də, morqaniti çox vaxt “çəhrayı zümrüd” adlandırırlar.

Morqanitə çəhrayı rəngi verən tərkibindəki manqandır. Şaftalı rəngini isə dəmirdən alır. Çəhrayı kvarsa da oxşayan morqanit ondan daha ucuz qiymətə satıldığı üçün olduqca məşhurdur.

Onu ancaq ağ rəngli metallarla işləyirlər

Ağ qızıl və platin kimi metallarla birlikdə istifadə edildikdə rəngini daha yaxşı əks etdirir. Ona görə də, morqanit daşlı zinət əşyalarını, adətən, ağ rəngli metallarla hazırlayırlar. Bəzən çəhrayı qızıldan da istifadə edilir. Qızılın bu növü daşın rənginin daha tünd görünməsini təmin edir. Morqanitin göz oxşayan çəhrayı və şaftalı rənginin zinət əşyasında əks olunması üçün ən az 2 karatlıq daşdan istifadə edilməlidir. Lüks zinət əşyalarında isə 5 -25 karatlıq morqanitlərdən istifadə edilir.

Dələduzların morqanit saxtakarlığı

Dünyanın bir çok bölgəsində, o cümlədən də Braziliya, İtaliya, Zimbabve, Pakistan, ABŞ (Kaliforniya ) və Madaqasqarda morqanit yataqları var. Ancaq bazarı bu daşla təmin edən əsas ölkələr Madaqaskar, Braziliya və Mozambikdir.

Hazırda Mozambikdə əvvəlki illərlə müqayisədə morqanit yataqlarının istismarı azalıb. Çünki morqanit metallarla birgə çıxarılır. Ölkədə böyük metal yataqlarının bağlanması morqanitin də istehsalına təsir göstərib. Təkcə morqanit daşını çıxarmaq iqtisadi baxımdan sərf etmir. Braziliyada da eyni vəziyyət hökm sürür. Ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi bəzi qadağalar kiçik daş yataqlarının bağlanmasına səbəb olub. Artıq ölkədə sadəcə, güclü, iri şirkətlər bu işlə məşğul ola bilir.

Bütün bunlara baxmayaraq, hazırda satışda 20 il öncəyə baxanda, daha çox morqanit var. Bunun səbəbi saxta morqanitlərin satışa çıxarılmasıdır. Ancaq saxta morqanitləri müştərilər asanlıqla müəyyənləşdirdiyindən, dələduzlar başqa üsullara əl atıblar. Bu üsullardan biri də adi morqaniti daha bahalı morqanit növünə çevirməkdir. Bunun üçün daşı lazer şüalarına və istiyə məruz qoyurlar. Beləliklə, morqanitin rəngi tündləşir.

Bir karatı 800 dollar olan daş

Tünd çəhrayı morqanitlər adi morqanitdən 20 faiz baha qiymətə satılır. Xatırladım ki, ən yaxşı növ sayılan tünd çəhrayı rəngli morqanitlərin bir karatı 600-800 dollara satılır. Üstəlik, daşın süni olaraq tündləşdirildiyini aşkarlayan heç bir üsul yoxdur. Bu da o deməkdir ki, dələduzlar bu işdən külli miqdarda pul qazanırlar.

Zərifliyi sevən Hollivud ulduzlarının seçimi

Kəşf olunduğu gündən etibarən qadınların ürəyini fəth edən morqanit həm rəngi, həm də qiyməti ilə dəbdəbəni sevən qadınları özünə cəlb edir. Qadınların ən sevdiyi rəngin çəhrayı olduğunu nəzərə alsaq, morqanitin qazandığı bu şöhrətin səbəbi izah olunur.

Zərifliyə üstünlük verən xanımların seçimi olan morqanit Hollivud ulduzlarını da bəzəyir. Aktrisalar Kira Secvik, Ceyn Fonda, Ketrin Zeta Cons, Elli Kemper, Lora Dern morqanit qaşlı zinət əşyaları ilə qırmızı xalıda göz qamaşdırıblar. Pop ulduz Rihanna da morqanit daşına heyrandır. Rihannanın düz 20 karatlıq iri morqanit daşından hazırlanan boyunbağısı geyindiyi ağ rəngli ziyafət libası ilə bütün nəzərləri sahibinin üzərində cəmləmişdi.

Min bir dərdin dərmanı “Mələk daşı”

Morqanitə “ürək daşı” və ya “mələk daşı” da deyilir. Buna səbəb onun insanı pisliklərdən qoruması və ürək xəstəliklərinə qarşı təsirli olmasıdır. Morqanit insana həm mənəvi, həm də fiziki cəhətdən yaxşı təsir edir.

Həyatımıza yeni daxil olan bu daşın faydaları hələ tam olaraq araşdırılmayıb. Buna baxmayaraq, tərkibindəki mineralları, qohum olduğu qiymətli daşları nəzərə alaraq onun aşağıdakı faydalarını sadalamaq olar:

* Bu daşın mərhəmət və empatiya qabiliyyətini artırdığına inanılır.

* Astmaya yaxşı təsir edir.

* Hüceyrələri bərpa edir.

* Bədəni gəncləşdirir.

* Tərkibindəki litium sayəsində gərginliyi aradan qaldırır, insanı sakitləşdirir.

* Ürəyi qoruyur.

* Problemləri həlletmə qabiliyyətini artırır.

* Bu daşın sevgini gücləndirdiyinə inanılır.

* Daha səbirli olmağa kömək edir.

* Tənəffüs yolları xəstəliklərindən qoruyur.

* Ünsiyyət qurmaq qabiliyyətini yaxşılaşdırır.

* Oksigenin hüceyrələrə rahat axışını təmin edir.

* Əsəbləri sakitləşdirir.

* Zehni qüvvətləndirir.

* Ayrılıqlardan doğan mənəvi ağrıları azaldır.

* Vərəmdən qoruyur.

* Boğaz, qırtlaq və zob üçün faydalıdır.

* Əzələləri gücləndirir.

* Çakraları təmizləyir.

Tərəzi bürcündən olanlar, diqqət!

Tərəzi bürcünün və oktyabr ayının daşı hesab edildiyi üçün tərəzi bürcü altında dünyaya gələnlər və oktyabr ayında doğulanlara daha tez təsir edir.

Morqanitin digər şəfalı daşlardan fərqi

Sonda onu da qeyd edim ki, morqanit daşı digər şəfalı daşlardan fərqli olaraq təmizlənməyə ehtiyac duymur. Mənfi enerjilərdən öz-özünə təmizlənir. Ona görə də, onu günəşin altında saxlamağa və ya suda yumağa ehtiyac yoxdur.


Müəllif:

Oxşar xəbərlər