“Deyirəm ki, inciməyin, mən o verilişə gedə bilmərəm”
“Müğənnilərin aparıcılıq etməsinə yaxşı baxmıram”.
Bunu Teleqraf.com-a Azərbaycanın ilk peşəkar diktoru Natəvan Hacıyeva bildirib:
“Müğənnillərin qazancını, necə yaşamasını yaxşı bilirəm. Ona görə də öz sənətləri ilə məşğul olsalar daha yaxşıdır. Müğənnisən, get müğənniliyini et. Buna görə məndən inciyirlər, incisinlər. Elə veriliş var ki, hətta düzgün ad da qoymurlar. 55 illik fəaliyyətim var, işə 17 yaşımdan başlamışam. Və heç vaxt kimdənsə nə isə soruşmağa utanmamışam. Axı bu, efirdir və milyonlar sizi izləyir. Məsələn, “Xəzər” televiziyasından yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları Sevil və Sevinc bacılarının aparıcılıq etməklərini bəyənmirəm və deyirəm ki, inciməyin, mən o verilişə gedə bilmərəm. Hərdən elə sözlər işlədirlər ki, xoşuma gəlmir. Demirəm ki, mən yüz faiz Azərbaycan dilini bilirəm. Məktəbi rus dilində bitirmişəm. Amma öz üzərimdə elə işləmişəm ki, Azərbaycan dilinə xələl gətirməyim”.
Rəqsanə Həsənova