30 May 2014 19:07
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Miss Azərbaycan 2014” milli gözəllik müsabiqəsinin final öncəsi mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda müsabiqənin təşkilatçılarından əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, təsisçi Anelya Orduxanova, icraçı direktor Amil Abbasov, “Miss Azerbaijan 2013”ün qalibi Aysel Manafova, xoreoqraf Tatyana Konenko və müsabiqənin IT direktoru İnam Quliyev iştirak edib.

Tədbirdə təsisçi Analiya Orduxanova 1996-cı ildən bu yarışmanı keçirdiklərini deyib.

“Bu illər ərzində çox işlər görmüşük. Bu il keçirəcəyimiz yarışma da digərləri kimi maraqlı, uğurlu olacaq”.

Modelyer Fəxriyyə Xələfova isə Azərbaycanda gözəllik yarışmalarının keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib:

“Düşünürəm ki, Azərbaycanda gözəllik yarışmasının keçirilməsi bu sahədə öz brendimizi yaratmağa kömək edir. Nəticədə rəqabət yaranır. Bu isə gözəllik sahəsində inkişafa aparır. Gələcəkdə düşünürəm ki, “Miss Azerbaijan” məktəbi yaradaq”.

Tədbir zamanı məlum olub ki, final mərhələsinə qədərki səsvermə onlayn olaraq qəbul edilib. Final mərhələsində isə onlayn, sms və münsiflərin verdiyi səslər əsasında qaliblər seçiləcək.

Əsas nominasiyalar bunlardır: “Miss Azerbaijan”, “Miss Azerbaijan vitse 1”, “Miss Azerbaijan vitse 2”, “Miss Super model Azerbaijan”, “Miss Bakı”, “Miss Foto model Azerbaijan”, “Miss Şarm”, “Miss Press Azerbaijan”, “Miss Friendship Azerbaijan”.

Konfransda bildirilib ki, müsabiqənin final mərhələsi iyunun 7-də “Nar & Şərab” restoranında olacaq. Gecədə modellər Fəxriyyə Xələfovanın kolleksiyasına daxil olan libasları geyinəcəklər.

Aytən Həsənova


Müəllif: