“5-ci element” verilişinin çəkilişləri başlayıb və sentyabrın 17-də ATV-də yayımlanacaq”.
Bunu Teleqraf.com-a aparıcı Hüsniyyə Məhərrəmova bildirib: “Verilişi canlı aparmağı düşünürdük, amma müəyyən maraqlı nüanslara görə canlı yayımlanmayacaq. Çünki düşündüyümüz ideyaları canlı yayımda etmək mümkün deyil. Çoxdandır ki, İTV-dən çıxmışam. Bu veriliş dostum Ranar Musayevindir. O, verilişin aparıcılığını mənə təklif edəndə böyük məmuniyyətlə razılaşdım və çox sevindim. ATV-nin işçisi deyiləm və ümumiyyətlə, televiziyada çalışmıram. Başqa sahədə fəaliyyət göstərirəm. Bu aləmdən tamamilə aralanmaq olmur. Televiziya aləminə daxil oldunsa, çıxmaq olmur. Özümü televiziyasız təsəvvür edə bilmərəm. Mənə elə gəlir ki, bundan sonra aparıcı kimi çalışmasam da, prodüser olaraq televiziya layihələri hazırlayacam. Televiziyanı çox sevirəm. Artıq aparıcılıqdan bir az uzaqlaşmışam”.
Əkiz uşaq anası olan aparıcı uşaqlarına vaxt ayırmasından da danışdı: “İstedadlı insan hər bir sahədə istedadlıdır. Hər bir şeyi çatdıra bilirəm. Vaxtımı elə bölməyə çalışıram ki, həm işə gedim, həm də tədbirlərdə iştirak edə bilim. Məsələn, bazar günü heç bir qüvvə məni evdən çölə çıxara bilməz. O gün uşaqlarıma, ailəmə ayrılan bir gündür. Hərdən çətin olur, amma mənə hər zaman kömək edən insanlar var. Onlar olmasa, daha çətin olardı”.
Rəqsanə Həsənova