“Səs Azərbaycan” layihəsinin münsiflərinin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, dünya şöhrətli layihənin münsiflər heyətində xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva yer alır. Onlar AZTV-nin efirində “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq.
Bundan sonra münsiflər iştirakçıları finalla yanaşı, komandadaxili rəqabətə də hazırlayacaqlar.
Müsabiqənin növbəti turunda iştirakçılar bir-biri ilə yarışacaq. Yekunda hər münsifin bir iştirakçısı qalacaq və onlar superfinalda üz-üzə gələcəklər.
Bu 4 ifaçıdan isə yalnız biri “Ölkənin ən yaxşı səsi” titulunu qazanacaq və müsabiqənin əsas mükafatının sahibi olacaq.
AZTV-də yayımlanacaq “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayın ikinci yarısına planlaşdırılıb.
Manana Caparidze Teleqraf.com- a açıqlamasında verilişin ciddi hazırlıq prosesi keçdiyini bildirib: “Oktyabrda Azərbaycan Dövlət Televiziyasında “Azərbaycanın səsi” layihəsi başlayacaq. Bilirsiniz ki, bu veriliş dünyanın bir çox kanallarında yayımlanır. Verilişin lisenziyası alınıb və çox ciddi hazırlıqlar gedir. Moskvadan təşkilatçı da dəvət edilib. Eləcə də yarışmaya vokal müəllimlər cəlb edilib. Bu layihə Azərbaycan incəsənəti üçün çox mühüm bir addım olacaq. Biz regionlarımızdan da yeni səs tapıb və müğənni kimi yüksək səviyyədə təqdim edəcəyik. Düşünürəm ki, bu layihə Azərbaycan musiqi mədəniyyəti üçün çox böyük uğur gətirəcək. Beləliklə, istedadlı insanları tapıb “Azərbaycan səsi” layihəsində təqdim edəcəyik”.
Xalq artisti Mübariz Tağıyev layihə barədə ətraflı məlumat verə bilməyəcəyini deyib: “Layihənin gedişatı barədə danışmağa haqqımız yoxdur. Hazırda verilişin rolik çəkilişləri davam edir. Efirə ciddi hazırlıqlar gedir”.
Nərmin