Əməkdar artist Elza Seyidcahanın mahnıları Amerikada yayımlanan "Azərbaycanın səsi" radio dalğasında səsləndiriləcək.
Əməkdar artistin Teleqraf.com-a açıqlamasına görə, bu , Amerikada yaşayan həmvətənlimizin təşəbbüsüdür. E.Seyidcahanın sözlərinə görə, Amerikada da layihə həyata keçirmək ideyası var: "Amerikadan mənə zəng etdilər ki, "Azərbaycanın səsi" radiosunda sizin mahnılarınızı səsləndirmək istəyirik. Və bu sahədə geniş təbliğat aparmağa çalışacağıq. Mən də məmuniyyətlə razılıq verdim və mahnılarım Amerikada səsləndiriləcək".
Əməkdar artist Amerikada yaşayan bacısı haqqında da danışdı: "Bacım ailəsi ilə Amerikada yaşayır. Bir oğlu var. Bakıya qızımın toyuna görə gəlmişdi və hələ ki, vətənindədir. Bacım olmaqla yanaşı mənim vokalistimdir və Amerikada xüsusi bayramlarda ölkəmizi təmsil edir.Yaxın günlərdə Amerikaya gedəcək. Onu da bildirim ki, bacımla çox maraqlı layihəmiz olacaq".
E. Seyidcahan Bəstəkarlar İttifaqı ilə Türkiyə arasında layihə olacağını da qeyd etdi: "Layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək. Bizim bəstəkarlarımız türk şairlərinin əsərlərini, türk bəstəkarlar isə Azərbaycan şairlərinin əsərlərini bəstələyəcəklər. Bu layihədə sayılıb-seçilən bəstəkarlarımız, Firəngiz Əlizadə və başqaları iştirak edir. İnşallah, Beynəlxalq Muğam Mərkəzində konsert təşkil edəcəyik".
Qeyd edək ki, E. Seyidcahan millət vəkilliyinə namizədliyini verib və seçkilərə hazırlaşır.
Rəqsanə