Modelyer Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir milli geyimlərə həsr edilmiş layihənin icrasını davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək. Layihədə müğənni Tünzalə Ağayeva da iştirak edib. Obrazlar üzərində stilist-vizajist, milli mükafatların qalibi Səbinə İmanova işləyib. Modelyer G. Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğ edilməsidir: “Layihədə tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri, tanınmış şəxslərin uşaqlarI iştirak edirlər. Layihənin çəkilişləri Şirvanşahlar sarayı ərazisində, İçərişəhərdə aparılıb”.
Qeyd edək ki, Norveçin “2014-cü ilin fotoqrafı” mükafatının sahibi, “Bilder Nordic School of Photography”nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.
Rəqsanə