6 Oktyabr 2015 15:11
3 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Övladlarım üçün çox yaxşı atayam”

Teleqraf.com əməkdar artist Ədalət Şükürovla müsahibəni təqdim edir.

- Ədalət bəy, 22 il Rusiyada yaşasanız da Azərbaycanda tez bir zamanda tanındınız. Adınız heç bir qalmaqalda hallanmadı və müğənnilər sizinlə qalmaqal etməkdən çəkindilər. Burda belə tez uğur qazanmağınızı necə izah edə bilərsiz?

- O qədər işim var ki, qalmaqallara ayıracaq vaxtım yoxdur. Mənə o cür reklam da lazım deyil. Müğənni kimi fəxr edirəm ki, “AzTV” kanalına 10 nəfər qonaq çağırırlarsa, onlardan biri mənəm. Mən bir çox kanallara getmirəm. Eləcə də verilişə getməmişdən əvvəl verilişin mövzusunun nə olacağı ilə maraqlanıram. Əgər dedikləri ilə verilişin məğzində uyğunsuzluq olsa, efirə çıxmaqdan imtina edirəm. Canlı yayım da olsa, iştirak etmirəm. Çünki lazımsız söhbətlər etmək istəmirəm.

- Fəaliyyətə yeni başlayarkən ifa etdiyiniz mahnılarınız bu gün də sevilir və heç vaxt aktuallığını itirmir. Bu nə ilə bağlıdır?

- Çünki o mahnılar iş görmək xatirinə yazılmayıb. Mahnıların üzərində ürəkdən çalışmışıq. Ürəkdən, sevərək görülməyən iş heç vaxt yaxşı alına bilməz. 20 il əvvəl “Dünya sənindir gözəl”, “Bir yaz axşamı”, “Mən tək qalanda”, “Əzizim” və s. bu kimi mahnılar eyni vaxtda çıxdı və onları indiyə qədər ifa edirəm. Bununla yanaşı, mahnılarım 20 dildə ifa edilib və bununla fəxr edirəm. Siz görmüsünüz ki, hansısa müğənninin mahnısını 20 dildə oxusunlar? Mən görməmişəm. Mahnılarımı yəhudi, Dağıstan dilində ifa ediblər. Hətta zənci də mənim mahnımı oxuyub.

- Bəs, xarici ölkələrdə fəaliyyət göstərmək istəməmisiniz?

- Xeyr, buna ehtiyac görmürəm. Çünki Bakıda işlərim çoxdur. Xarici ölkədə fəaliyyətə başlamaq üçün bütün həyat tərzin dəyişməlidir, buna isə çoxlu vəsait lazımdır. Şəxsən xarici ölkədə fəaliyyət göstərməyə ehtiyacım olmadığını düşünürəm. Başqa müğənnilər istəyirlərsə, gedə bilərlər.

- Ədalət Şükürovu çoxları şou-biznesin ən imkanlı müğənnilərindən hesab edirlər. Siz necə, özünüzü ən varlı müğənni hesab edirsiniz?

- Nisbətən müqayisə edəndə hər bir insan kiməsə görə varlıdır, kiməsə görə kasıb. Məsələn, insanın iki avtomobili, iki evi və bir bağ evi varsa, deməli, bu çox imkanlıdır. 8 ildir ki, biznesim yoxdur və açığını deyim, heç ehtiyacım da yoxdur. Əvvəl turizm, tikinti şirkətim vardı. Amma onlara rəhbərlik edə bilmirdim. Bu halda isə həmin şirkətin fəaliyyət göstərməsi maraqsız idi. Gərək işinlə özün məşğul olasan.

- Ədalət bəy, verilişlərin birində milyonluq villanızın olduğu barədə xəbərlər yayılmışdı. Hətta villanın şəkilləri də nümayiş etdirildi. Həqiqətən də milyonluq villanız varmı?

- Xeyr, mənim milyonluq villam yoxdur.

- Siz imkanlı şəxslərin toylarına gedirsiz. Getdiyiniz adam daha varlı olanda toyun qiymətini dəyişirsiniz?

- Yüksək səviyyəli toylara gedirəm. Amma heç vaxt qiymət dəyişmirəm və dəyişmək fikrim də yoxdur. 7 ildir eyni qiymətə gedirəm. Ümumiyyətlə, məni adi toylara da dəvət edirlər. Məsələn, dünən Novxanıda “Palatka” toyundaydım. Nə olsun ki, palatka toyudur? Ən güclü muğam ifaçıları da orada idi. Mənim üçün fərqi yoxdur, hamı insandır. Amma təbii, fəxr edirəm ki, məni yüksək səviyyəli toylara çağırırlar. Və getdiyim toylara başqa müğənnilər düşə bilmir. Getmək istəsələr də, gedə bilmirlər.

- Toylara tam, yoxsa yarım saatlıq gedirsiniz?

- Lazım olanda Dağıstanda bütöv toya da gedirəm və bütöv toya getmək imkanımız da var. Toylarda repertuarım ilə yanaşı, xalq mahnılarını da ifa edirəm. Amma toy məclisinə hər bir müğənnini öz repertuarına görə dəvət edirlər. Orada başqa mahnı ifa etsəm, deyərlər ki, səni öz mahnılarına görə dəvət etmişik. Röyanı Röyaya, Aygünü Aygünə görə çağırırlar. Yaxın günlərdə Aygün Kazımova ilə Dağıstanda tədbirə getmişdik. Onu özünə və məni də özümə görə dəvət etdilər.

- Toy qiymətinizi açıqlaya bilərsiniz?

- Əslində qiymət haqqında danışmağı sevmirəm. Amma 7 ildir ki, təxminən 2500-3000 AZN-ə gedirəm.

- Bahalı, lüks avtomobilləri sevdiyiniz hiss olunur. Yüksək sürətə münasibətiniz necədir?

- Ümumiyyətlə, hər bir insan avtomobilinin yaxşı olmasını istəyir. Sürəti sevsəm də, maşını yüksək sürətlə idarə etmirəm. Bu maşının çarpayısı, stolu, masajı var. Bu sürücü maşınıdır, o idarə etməlidir. Mən arxa hissədə oturmalıyam. Amma maşınımın sürücü tərəfindən idarə edilməsini sevmirəm. Heç mühafizəçi ilə gəzmək də xoşuma gəlmir.

- Tanınmış insansınız və nə vaxtsa yol-hərəkət qaydalarını pozduğunuza görə polislər sizə hörmət ediblər?

- Polislər hörmət etdikləri üçün sağ olsunlar. Amma hörmət edirlərsə, biz qanunu pozmalı deyilik. Yol-hərəkət qaydasını pozan zaman cəriməmi ödəmişəm. Hər şey kompyuter vasitəsilədir və həmin sistem üçün qaydanı pozanın kimliyinin fərqi yoxdur. Yol-hərəkət qaydasını pozan zaman kamera maşının nömrəsini çəkir, istər nazir olsun, istər adi adam, hamı cəriməni ödəməlidir.

- Qeyd etmisiniz ki, iqtisadiyyat üzrə elmlər namizədisiniz. Bir müddət əvvəl doktorluğu da müdafiə edəcəyinizi bildirmisiniz. Nəhayət, müdafiə edə bildiniz?

- Bəli, 2007-ci ildən iqtisadiyyat üzrə elmlər namizədiyəm. 2002-2007-ci illərdə Sankt- Peterburqda magistraturada təhsil almışam. Elmlər namizədi olduğum haqqında internetdə bütün məlumatlar var. Onu da deyim ki, internetdə hər elmlər namizədinin adı yoxdur. Amma Azərbaycana gələndən sonra dedilər ki, burada yenidən attestasiyadan keçməli və 22 sənəd gətirməlisən. O diplom burada qəbul edilmir və yenidən müdafiə etməlisən. Yadıma saldığınız üçün çox sağ olun. Bununla maraqlanacam.

- Ədalət müəllim, bir sıra müğənnilər millət vəkili olmağa iddialıdır. Bəs sizin millət vəkilliyinə namizədliyinizi vermək fikriniz olubmu?

- Millət vəkili seçilmək üçün insanın potensialı olmalıdır. Şəxsən mənim potensialım, ad-sanım və ali savadım var. Ədalət Şükürov millət vəkili olmaq üçün xalqına səslənsə, təbii ki, səs verərlər. Amma millət vəkilliyinə namizədliyimi vermək fikrim yoxdur. Hər insanın öz işi var və yerimdə özümü yaxşı hiss edirəm. Namizədliyimi irəli sürmürəm və əgər incəsənət dostlarımdan kimsə namizədliyini veribsə, onun şəxsi işidir. Hər bir Azərbaycan vətəndaşının namizədliyini vermək hüququ var və seçilib seçilməməsi isə xalqım ixtiyarındadır.

- Millət vəkili olsaydınız, mədəniyyət sahəsində nələri dəyişərdiniz?

- Bütün mədəniyyət evlərinin təmir olunmasını istəyirəm. Dövlətimiz bir çox işlər görür. Regionlarda olan bəzi mədəniyyət evləri də təmir edilsə, yaxşı olar. Bunlarla yanaşı, televiziya məkanında intellektual verilişlərin sayının çoxalması vacibdir. Təəssüflər olsun ki, televiziya məkanında yayımlanan bəzi verilişlər insanların ağlını yayındırır. O tipli verilişlərin yerinə intellektual verilişlər yayımlansa, yaxşı olar.

- Bir az da ailəniz haqqında danışaq. Ailənizi mətbuatdan uzaq tutmağınızın səbəbi nədir?

- Ailəmin mətbuata çıxmasını sevmirəm və onlar da mediada görünməyi sevmirlər. Onu da deyim ki, övladlarım üçün çox yaxşı atayam. Və uşaqlarımın yaxşı təhsil alması üçün əlimdən gələni edirəm. Qızım Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin sonuncu kurs tələbəsidir. Rus, ingilis, ispan dilində mükəmməl danışır. Oğlum isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. Nə lazımdırsa, valideyn kimi onu etmişəm.

- Mətbəxlə münasibətiniz necədir, yoldaşınıza kömək edirsinizmi?

- Vaxt var idi ki, Ədalət Şükürov özünə yemək bişirirdi. Sankt- Peterburqda tələbə vaxtı yataqxanada yaşayırdım. Özümə yemək bişirməyə və paltarımı yumağa məcbur idim. Bunun normal hal olduğunu düşünürəm. Maşallah, yoldaşım da yaxşı yeməklər bişirir. Evdə qulluqçu da var. Amma evdə nə vaxt tək olsam, yemək hazırlaya bilərəm.

- Müsahibənizin birində qeyd etmisiniz ki, boş vaxtlarınızda xarici dillər öyrənirsiniz. Hansı dilləri bilirsiniz?

- Hansısa xarici dil bilmək insanın qazancıdır. Xarici ölkəyə gedəndə danışa və özünü ifadə etməyi bacarırsan. Həmişə rəhmətlik atam deyirdi ki, neçə dil bilsən, daxilində o qədər adam var. Dil öyrənmək mənim üçün çox rahatdır. Bəzi insanlar dil öyrənə bilmirlər və deyirlər ki, sözlər yadımızda qalmır. Mən gənclik vaxtlarımdan ingilis və ispan dilində sərbəst danışırdım. Təəssüflər olsun ki, Azərbaycana gələndə dillər bir az unudulur. Artıq 15 ildir ki, Azərbaycandayam. Burada ispan dilində danışan yoxdur. Hardasa xarici insanla rastlaşan kimi danışıram. Yaxın günlərdə Kolumbiyadan qonaqlar gəlmişdi. 20 dəqiqə onlarla danışdım. İngilis, ispan və rus dilini bilirəm. Onu da deyim ki, rus dilini ruslardan yaxşı bilirəm. 22 il Sankt- Peterburqda yaşamışam.

- Xarici ölkələrə səyahəti çox sevirsiniz. Vasif Məhərrəmli və başqa qrup insanlarla səyahətə gedirsiniz...

- Bəli, istirahət etməyi çox sevirəm. Amma istirahət etməyin də bir neçə növü var. Gərək dincəlməyə getməyi də bacarasan. Kiminlə getdiyini də bilmək önəmlidir. Bəzi adamlar hansısa ölkələrə gedirlər və elə bilirlər ki, istirahət edirlər. İstirahətə qrupla getmək problemlidir. Məsələn, Vasif deyir, yatmaq istəyir, biri deyir, kitab oxumaq istəyir və s. Ümumiyyətlə, ekzotik ölkələrə getməyi sevirəm. Avropada hansısa binalara baxmaq mənə ləzzət etmir. Mənimki meşəlik, çəmənlik, dəniz, okeana və s. baxmaqdır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər