Sentyabrda ana olan Rus Dram Teatrının aktrisası Həcər Ağayeva həftəsonu bir neçə aylıq fasilədən sonra səhnəyə çıxacaq. Bunu Teleqraf.com-a açıqlamasında aktrisa özü deyib. Teatrı, işini sevdiyini deyən aktrisanın uzunmüddətli analıq məzuniyyətinə çıxmaq fikri yoxdur.
O 40 günlük körpəsini yaxınlarına əmanət edərək oktyabrın 11-də Rus Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Büllur Sarayda” pyesi əsasında hazırlanan tamaşada baş rolu oynayacaq.
Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə həyata keçirilib.
Xatırladaq ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutub. Tamaşa Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Pərvin