16 Noyabr 2015 12:26
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşəkarların fikrincə, şeirin gözəl olması hələ onun mahnı mətni ola biləcəyi demək deyil. Hər hansı bir mətnin musiqi üçün uyğun olub-olmamasını anlamaq üçün bəstəkarın poeziyadan anlayışı, ədəbi duyumu olmalıdır. Sözlərin vurğusu və notların üst-üstə düşməsini isə bəstəkarın musiqi savadı həll edir.

Adətən, mahnının ərsəyə gəlməsində ilk olaraq sözün, yoxsa musiqinin yazılmasında bir fərq olmadığını desələr də, bəstəkar Rauf Məmmədov belə düşünmür. Onun fikrincə, musiqi sözdən doğulmalıdır.

Rauf Məmmədov şeirdə məntiq və səmimiyyətə xüsusi fikir verir: “Şeirdə “sevirəm” sözü işlətmək lazım deyil, şeir özü o sevgini çatdırmalıdır. “Məni atdın”, “gözüm yaşlı qaldı” çeynənmiş ifadələrdir. Mənim “Mən necə bağban olaram?” mahnım var:

Gül budağın əyibdisə,

Gülə yad göz dəyibdisə,

Gülüm məndən küsübdüsə

Mən necə bağban olaram?

Baxın, artıq burda sevgi var. Sözlər özü “sevirəm” deyir. Həmçinin, Nüsrət Kəsəmənlinin sözlərinə yazılan mahnı:

Yollar yoracaq səni,
Yolda qoyacaq səni
Dəniz boğacaq səni
Gölə qayıdacaqsan.

Bugünkü mahnılarda söz yox, hay-küy var. Bəstəkarlar bu gün ritmə uyğun sözlər yazırlar. Belə olmaz. Məni bir söz tutdusa, ona mahnı yaza bilirəm. Şeirin gücü bax budur. Şeirin, sözün ruhuna uyğun musiqi yazılmasa, o mahnı mahnı deyil. Sözü dəyərdən salmaq olmaz. Musiqinin özünü də azərbaycanca yazmaq lazımdır, Azərbaycan ritmləri olmalıdır. Mahnını dinləyəndə bilməlisən ki, bunu gürcü, yox azərbaycanlı yazıb. Xarici nəfəslərdən qaçmaq lazımdır. Bizim yaxşı mahnılar muğam üstündə olduğuna görə yaxşıdır.
Bəstəkar mahnını yazanda onu oxuyacaq müğənnini də düşünməlidir. Məsələn, mən “Peşman olarsan” mahnımı İlqar Muradovu nəzərdə tutub yazmışam, o da oxuyub. Mahnılarımın çoxunu Zeynəb Xanlarova ifa edib. Elə müğənnilər olub, deyiblər ki, Zeynəb xanıma yazdığın mahnıdan yaz. Axı sən Zeynəb deyilsən. Hər kəs öz üslubuna uyğun mahnı oxumalıdır”.

Sevinc


Müəllif: