20 Noyabr 2015 16:32
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Musiqili Teatrında noyabr ayının 23-də əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun 60 illik yubiley tədbiri keçiriləcək. Bunu Teleqraf.com-a açıqlamasında teatrın mətbuat katibi Samir Sədaqətoğlu deyib. Onun sözlərinə görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Tədbirinin quruluşçu-rejissoru teatrın gənc rejissoru Anar Sadıqov bildirib ki, tamaşaçıları maraqlı yubiley mərasimi gözləyir: “Teatrın foyesində Həsənağa Qurbanovun çəkdiyi rəsmlərdən və onun həyatının müxtəlif dövrlərini özündə əks etdirən fotolarından ibarət sərgi təşkil olunacaq. Eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə nəşr olunan “Xatirələrdə yaşayan ömür” və Meray Həsənağaqızının “Mən sənətkar qızıyam” kitablarının təqdimatı olacaq. Tədbir zamanı Həsənağa Qurbanovun həyat və yaradıcılığından bəhs edən iki videoçarxın nümayişi də nəzərdə tutulur.

Ondan başqa Zaur Rzayevin, Aygün Bayramovanın, Samir Cəfərovun, Əməkdar artistlər Ruhəngiz Musəvinin, İlqar Muradovun, Nuriyyə Hüseynovanın, “Dan ulduzu” instrumental ansamblının üzvləri Vüsalə Əsgərovanın, Rövşən Əzizin, Şəhla Həmidovanın və başqalarının ifaları yubiley mərasiminə xüsusi rəng qatacaq. Tədbirdə bir sıra mötəbər qonaqların, rəsmi şəxslərin iştirakı gözlənilir”.

1955-ci ildə Naxçıvan şəhərində anadan olan Həsənağa Qurbanov 1976-cı ildə A. Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbini, 1981-ci ildə isə Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə pianoçu kimi başlayıb. Sonralar Musiqili Teatrda aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi olub. Böyük sənətkar 2007-ci il 6 noyabr tarixində vəfat edib.

Nərmin


Müəllif: