3 Dekabr 2015 12:25
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf ki, bu gün sənətdə fəaliyyət göstərən insanlar təqdim olunan mahnılara "bu mahnını toyda ifa edib pul qazanacam" prizmasından yanaşırlar. Onlar məhz bu cür mahnılar oxuyub, populyarlaşırlar və toylarda pul qazanırlar".

Bunu Teleqraf.com-a açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib. Onun sözlərinə görə, insanların musiqi zövqünü belə korlamaq olmaz: “Bizim musiqi sənətimiz toylardan ibarət deyil. Azərbaycan musiqi mədəniyyətinə gözəl əsərlər yadigar qoymaq lazımdır. Əlbəttə, hamımız toylara, məclislərə gedirik və qazanırıq. Amma toy mahnılarını oxuyanlar onları efirlərdə oxumaqla sanki tamaşaçıya diktə edirlər. Bunu diktə etmək, insanların musiqi zövqünü korlamaq olmaz”.

Bir çox müğənnilər kimi Gülüstan xanım da sosial şəbəkə istifadəçisidir. Görəsən, o sosial şəbəkələrdə müğənnilərin özü və ifasına qarşı olan iradlara necə münasibət göstərir? “İradlarla mübarizə aparmaq lazım deyil. Onlara yanaşma tərzimizi dəyişməliyik. Hər insanın fərqli dünyagörüşü var və ona görə də bir mahnıya, əsərə hər insanın öz yanaşması, münasibəti ola bilər. O münasibətdən, yanaşma tərzindən asılı olaraq iradlar da ola bilər. Məncə, o iradlarla mübarizə aparmaq lazım deyil. Rəyi oxuyandan sonra oxuduğum mahnıya, ifaya diqqət etməlisən. Düşünməlisən, görəsən mahnının hansı yeri, nəyi dinləyicinin xoşuna gəlməyib. Zövqlər müzakirə olunmur. Amma hər bir sahədə olduğu kimi musiqidə də qaydalar var. O qaydalar çərçivəsində ifa olunan mahnıda dinləyici nöqsan tutanda mən ona adekvat cavab yazıb, fikir bildirirəm. Hər bir insanın missiyası var. Allah məni insanlara gözəl musiqilər ifa etmək üçün göndərib. Əslində belə bir deyim var: oxuyan insanlar Allahın yerdəki səsləridir. Bizim də missiyamız gözəl musiqiləri dinləyicilərimizə təqdim etməkdir. Gülüstan Əliyeva olaraq mənim bir missiyam da insanların musiqi zövqünün formalaşmasına, yüksəldilməsinə xidmət göstərməkdir. Mən dinləyicilərimi, xüsusilə gəncləri maarifləndirməliyəm. Ona görə heç vaxt rəylərə qarşı mübarizə aparmıram, onları başa salmağa çalışıram”.

Nərmin


Müəllif: