Amerika kino tənqidçiləri milli şurası ənənəyə uyğun olaraq ilin ən yaxşı filmlərini, həmçinin kino akademiyasının müxtəlif nominasiyalar üzrə laureatlarını elan edib.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, bu il ən yaxşı film adına döyüş janrında çəkilmiş futuristik "Dəlisov Maks: Qəzəb yolu" filmi layiq görülüb.
2015-ci ilin ən yaxşı filmlərinin siyahısına "Casus körpüsü", "Krid: Rokki mirası", "İyrənc səkkizlik", "Tapmaca", "Marslı", "Otaq", "Qatil", "Diqqət mərkəzində" və "Küçələrin səsi" ekran əsərləri daxildir.
ABŞ-ın kino tənqidçiləri milli şurasının mükafatlarının əksəriyyəti "Marslı" filminin hesabına yazılıb. Bu film "Ən yaxşı rejissor" (Ridli Skott), "Ən yaxşı aktyor" (Mett Deymon) və "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyalarında qalib olub.
Vestern janrında çəkilmiş "İyrənc səkkizlik" filmi iki nominasiya üzrə - "Ən yaxşı orijinal ssenari" (Kventin Tarantino) və "Ən yaxşı ikinci dərəcəli qadın rolu" (Cenifer Ceyson Li) mükafatını qazanıb. Ən yaxşı ikinci dərəcəli kişi rolu mükafatı Silvester Staloneyə ("Krid: Rokki mirası"), ən yaxşı qadın rolu mükafatı isə Bri Larsona ("Otaq") nəsib olub.
Bundan başqa, "Xarici dildə ən yaxşı film" mükafatına Macarıstanın "Saulun oğlu", "Ən yaxşı sənədli film" mükafatına "Emi", "Ən yaxşı animasiya filmi" mükafatına isə "Tapmaca" filmləri layiq görülüb.
Rüstəm