Nizami Kino Mərkəzi yeni layihəyə start verir. Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, “Theatre HD”adlı layihə British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, “CoolConnections” şirkətinin birgə əməyi nəticəsində ərsəyə gəlib.
Layihə çərçivəsində kinoteatrda Britaniyanın Milli Teatrı, Qlobus Teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrların ən yeni və uğurlu tamaşaları təqdim ediləcək. “British Council Azərbaycan”nın direktoru Elizabet Vayt layihə ilə əlaqədar bunları deyib: “Mən böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəmizə start veririk. Ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq. Xüsusilə ilk tamaşanı izləmək üçün çox səbirsizlənirəm".
Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır. Yüksək keyfiyyətli çəkiliş tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradacaq.
Layihə dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı dahi Vilyam Şekspirin “Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq. Növbəti nümayiş dekabrın 15-də Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi əsasında hazırlanan tamaşa olacaq.
Nərmin