Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın 20-də premyera tamaşası ilə yenidən teatrsevərləri bir araya gətirəcək.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, balaca tamaşaçılar bu dəfə tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyəcəklər.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.
Nərmin