25 Dekabr 2015 11:15
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan yaradıcılığı, şəxsi həyatı və oğlu haqqında maraqlı açıqlamalar verib.

Müğənninin Teleqraf.com-a açıqlamasına görə, o gələn il İstanbulda konsert proqramı ilə çıxış edəcək: “Bu il “Kesin bilgi” mahnısını təqdim etdik. Gələn il isə çox böyük bir sənətkarla işbirliyinə başlayacağıq. O, çox sevdiyim sənətçidir”.

Müğənni devalvasiyaya görə ölkəmizdə baş verənlərə də biganə qalmayıb: “Hazırda hamı üçün sınaq dövrü başlayıb. Ailədə bir adam deyil, bütün ailə üzvləri işləməlidir. Hazırda ailə üzvlərimizə mən baxıram. Əsgərliyə gedən, yaxud evlənən olsa birinci Röyaya zəng edirlər. Çünki ailədə yalnız mən işləyirəm. İnsan ayaq üstə durmağı bacarırsa hamıya dəstək olmalıdır. Öləndə bu dünyadan heç kim heç nə aparmayacaq. Əgər mən dostuma görə qırğın çıxarıramsa, görün valideynlərim üçün nələr edərəm? Mən onları çox sevirəm”.

R.Ayxan 2016-cı ildən gözləntilərini də dilə gətirib: “Gələn ildən çox şey gözləyirəm. Çox xoşbəxtəm. Oğlum məktəbə gedir. Planlarımı reallaşdırmışam. Bacımla, qardaşlarımla bağlı arzularımı yerinə yetirdim. 2016-cı ildə hər birimizə barış, sülh arzulayıram. 2016-cı il qırmızı meymun ilidir. Meymun çox şıltaqdır, dəlidir. Yəqin şən yaşayacağıq. Dünyada ən yaxşı dövlətlərdən birində yaşayırıq. Qədrini bilək”.

Müğənni onu da dedi ki, oğlu Hüseyn sosial şəbəkələrdə onun şəkillərinə baxıb hirslənir: “Fanatlarım “İnstagram”da mənim fotolarımı paylaşan zaman oğlum deyir ki, sənin şəkillərini niyə paylaşırlar? Bundan sonra sənin şəkillərini paylaşmasınlar. Mənim anamsan, onların anası deyilsən ki. Həyatda onun üçün yaşayıram. Hamı üçün hər şey etmişəm. İndi valideynlərimə deyirəm ki, imkan verin, oğlumu sağ-salamat böyüdüm, təhsil verim”.

Röya arıqlamağının da səbəbini açıqlayıb: “Mən İstanbula gedəndə həmişə arıqlayıram. Orada yemək yeyə bilmirəm. Ancaq mərci supu və balıq yeyirəm. Onu da nə qədər yemək olar? Demək olar ki, ağ pendirlə yaşayıram”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər