Mədəniyyət və Turizm İdarəsində kadr dəyişikliyi olub.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, 25 dekabr tarixindən etibarən Vüqar Zeynalov Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Təyinat Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən baş verib.
Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. 2012-ci ildən etibarən Vüsal Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.
Mədəniyyət və Turizm İdarəsinin sabiq rəisi Əlikram Əliyev öz ərizəsinə əsasən işdən azad edilib.
Nərmin