“Nida” Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəllinin müğənni Mətanət Əsədovanı təhqir etməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində bir ildir aparılan araşdırma yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Elsevər Mürsəllinin yaşayış yeri Xaçmaz rayonu olub və buna görə də iddia ərizəsini Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Müğənni Mətanət Əsədova Teleqraf.com-a açıqlamasında bildirib ki, Nəsimi Rayon Məhkəməsində keçmiş NİDA-çı Elsevər Mürsəlli tərəfindən təhqir olunması ilə bağlı 1 ilə yaxındır sürən məhkəmə prosesi yekunlaşıb: “Amma gözlənilmədən Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahov Elsevər Mürsəllini xüsusi ittiham qaydasında araşdırılan cinayət təqibindən yayındırıb. İlkin araşdırma zamanı adiyyat məsələsinə baxılıb, ancaq bir ildən sonra hakim yekun qərarında adiyyat məsələsinə toxunub. Qərarda guya Elsevər Mürsəllinin məni Ölkə.Az saytında deyil, öz “feysbuk” səhifəsində təhqir etməsinə istinad edilib. Bu da xoşagəlməz tendensiyanın əsasını qoyub. Belə çıxır ki, hər kəs adamı “feysbuk” səhifəsində təhqir edə bilər, mətbuat da rahat şəkildə həmin təhqiredici ifadələri yaya bilər. Təhqir edən şəxs də məsuliyyətdən kənarda saxlanılır. Şərəf və ləyaqətimi təhqir edən şəxs barəsində xüsusi ittiham qaydasında heç bir tədbir görülmür. Əslində isə hakim Elsevər Mürsəllinin əvvəllər də məhkum olunduğunu bilirdi. Onun məsuliyyətə cəlb edilməsi üçün digər əsaslar olub. Ancaq nəyə görəsə Elsevər Mürsəllinin barəsində olan cinayət təqibinin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib”.
Mətanət Əsədova əlavə edib ki, hakimin barəsində tədbir görülməsi üçün Məhkəmə Hüquq Şürasına müraciət edəcək. O, qeyd edib ki, hüquqa istinad edərək, şərəf və ləyaqətini alçaldan şəxsin barəsində tədbir görülməsi üçün məhkəməyə müraciət etmişəm: “Elsevər Mürsəlli bu gün də nüfuzumu alçaldan hərəkətlər etməkdə davam edir. Onu da qeyd edim ki, Elsevər Mürsəlli tərəfindən barəmdə “Ölkə.Az saytında təhqiredici ifadələr işlətməsi ilə bağlı ekspertiza keçirilib. Onun Cinayət Məcəlləsinin 148-ci maddəsini pozduğu sübuta yetirilib”.
Mətanət Əsədova onu da qeyd edib ki, fevralın 10-da, saat 16.00-da məhkəmənin qərarı ilə bağlı mətbuat konfransı keçirəcək.
Mətanət Əsədovanın nümayəndəsi, tanınmış vəkil Ceyhun Yusifov Teleqraf.com-a bildirib ki, Nəsimi Rayon Məhkəməsinin hakimi təqsirləndirilən Elsevər Mürsəllinin barəsində olan cinayət təqibinin vaxtının keçməsinə çalışıb: “Məhkəmənin ilkin mərhələsində Elsevər Mürsəllinin yaşayış yeri barədə araşdırma aparılıb və nəticədə hakim cinayət işini icraatına götürüb. Buna baxmayaraq, Cinayət Pressesual Məcəlləsinin tələblərini pozaraq işi Xaçmaz Rayon Məhkəməsinə göndərib. Məqsəd isə cinayət təqibinin vaxtını uzatmaq və Elsevər Mürsəllini məsuliyyətdən kənarda saxlamaqdır”.
Qeyd edək ki, ötən ilin iyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.
Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edib. O, yazıçını məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşagəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb.
Bundan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən Mətanət Əsədova Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və onun həbs edilməsini istəyib.
Bundan əlavə, Mətanət Əsədova Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək yazar Əziz Musaoğlundan 100 min manat təzminat ödəməsini tələb edib.
Hacı Zeynalov