Müğənni İlhamə Quliyeva dindirilib. Fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.
Musavat.com-a daxil olan məlumata görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. O, çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başladığı deyilir.
Belə görünür ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanı məhbəsə göndərməsi son nəticədə özünü də çıxılmaz duruma salıb. Yada salaq ki, Mehriban Hüseynova məhbəsdən “Yeni Müsavat”a son dərəcə ilginc məlumatlarla zəngin məktub yollayıb.
Məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var.