8 Mart 2016 01:55
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanı İsveçin paytaxtı Stokholmda keçiriləcək “Eurovision-2016” müsabiqəsində Sanja Vuçiç “Goodbye” mahnısı ilə təmsil edəcək. Bu barədə Serbiyanın “RTS” ictimai radio və televiziya şirkəti məlumat yayıb. S.Vuçiç müsabiqəyə üzvü olduğu ZAA qrupu ilə birgə qatılacaq.

Serbiyanın “Eurovision-2016” mahnı müsabiqəsindəki nümayəndə heyətinin başçısı Draqan İliçin sözlərinə görə, müğənni daxili seçmə əsasında müəyyənləşdirilib. O deyib: “Müsabiqədə tamamilə yeni bir sima ilə təmsil olunmaq istədik. Əminəm ki, gənc və istedadlı ifaçı avropalı musiqisevərləri heyrətləndirəcək”.

23 yaşlı Sanja Vuçiç uşaq yaşlarından musiqiyə maraq göstərib və musiqi məktəbini opera janrı üzrə bitirib. Fərqli musiqi janrlarında özünü sınayan ifaçı 2012-ci ildə ZAA qrupuna qoşulub.

Qeyd edək ki, ötən il Serbiya təmsilçisi Bojana Stamenov “Eurovision” müsabiqəsinin finalında 10-cu yerdə qərarlaşıb. Bu il müsabiqənin mayın 12-də baş tutacaq ikinci yarımfinalında çıxış edəcək serb ifaçı Sanja Vuçiç isə daha yüksək nəticə əldə etməyə iddialıdır.


Müəllif:

Oxşar xəbərlər