“Natavan Həbibi və Aygün Kazımovanın məhkəmə prosesində qəbul edilən qətnamə 2015-ci ilin iyun ayından qüvvəyə minib. Amma Aygün xanım qətnaməni qərəzli şəkildə icra etmədiyinə görə məhkəmə onun ölkədən çıxışına qadağa qoymuşdu. Keçən il dekabr ayında Aygün xanım xəstəliklə bağlı izahat verdi və bildirdi ki, xəstəyəm, ağır xəstəliyə tutulmuşam. Xəstəlik məsələsinə görə ölkədən çıxış məhdudiyyəti müvəqqəti olaraq götürüldü. Onun təqdim etdiyi sənəddə yazılıb ki, səhhətində ağır problemlər var. Məhkəmənin qoyduğu məhdudiyyət estetik əməliyyata gedirəm deməklə götürülə bilməz”.
Bunu Teleqraf.com-a müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov deyib. Vəkil həmçinin Aygün Kazımovanın onun haqqında bildirdiyi “İllərdir müdafiə etdiyi tərəfi xəyal qırıqlığına uğratmasından danışsın, mənim olmayan xəstəliyimdən deyil” fikrinə də münasibət bildirib: “Mən hüquqşünasam. Natavan Həbinin vəkili kimi Aygün Kazımovanı məhkəməyə vermişəm. Birinci instansiya məhkəməsi, Apelyasiya və Ali Məhkəmədə keçirilən prosesləri udmuşam. Natavan Həbibini necə xəyal qırıqlığına uğrada bilərəm? İş icra mərhələsindədir. Aygün xanım qərəzli şəkildə icranı yayındırırsa, o nə mənim, nə də başqasının problemidir”.
Rəqsanə