Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin ” iki hissəli “Amerikalı kürəkən musiqili komediyasını yeni quruluşda təqdim edib.
Teleqraf.com xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru xalq artisti İlham Namiq Kamaldır. Səhnə əsərində əsas qəhrəmanlardan birini – Tünzalə obrazını əməkdar artist Almaz Ələsgərli canlandırıb.
Tamaşanın süjet xəttinə görə, Tünzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tünzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Nəticədə hadisələrin axarı tamamilə dəyişir...
Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. Uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və hazırda Dövlət Musiqili Teatrının aktrisasıdır.
Tamaşada həmçinin Fatma Mahmudova, Novruz Qartal, Əkbər Əlizadə bə başqaları oynayır.
Nərmin