Bu gün Səbail Rayon Məhkəməsində Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb. Mehriban Hüseynovanın həbs müddəti üç ay uzadılıb.
Onun həyat yoldaşı Tofiq Hüseynov Teleqraf.com-a bildirib ki, hazırda Səbail Rayon Məhkəməsindədir və artıq ona Mehriban Hüseynovanın həbsinin üç ay uzadılmasını bildiriblər: “Bu məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğuna və baş prokurorluğa da müraciət etmişəm. Mehriban günahsızdır. Günahsız ola-ola həbsdə olmasını başa düşə bilmirəm. Saxta sənədə qol çəkib. Əslində İlhamə Quliyevanın var-dövlətini ələ keçirmək planı oğulluğu Orxan Nadirovun və onun dostu Vüqarın planı olub. Onların planından xəbəri olduğu üçün Mehriban sənədə qol çəkib. Guya ki, Mehriban İlhamə Quliyevanın mal-mülkünü ələ keçirmək istəyib. Bu əsassızdır. Hazırda istintaq düzgün aparılmır. Saxta sənədlər təqdim edənlər çöldə gəzirlər. Amma bu adam həbsxanada yatır. İlhamə xanımdan həyat yoldaşımın heç vaxt giley-güzarı olmayıb. İlhamə Türkiyədə əməliyyat ediləndə Mehribana müvəqqəti etibarnamə verməsi oğulluğunu narahat etdi və o, bu planı qurdu”.
Qeyd edək ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında ürək çatışmamazlığından dünyasını dəyişib.
Rəqsanə