4 Aprel 2018 13:11
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Fərhad Məmmədxanov özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş Eldar Hənifəyev ifadə verib. O, bildirib ki, Fərhad Məmmədxanovla uzun müddət tanışlığı olub: “Ailə münasibətlərimiz vardı, çox səmimi olmuşuq. Mənə təklif elədi ki, yaxşı qazanclı iş var. Dedi ki, artıq polisdə də pul çıxmır. Mən də inanaraq razılaşdım, ona 185 min verdim.

Mənə qazanc olaraq 6 ay 5 min dollar qazanc kimi verdilər. Mən də həmin puldan 2 min dollarını Fərhada vermişəm. Mən əvvəldən demişdim ki, əgər aylıq 5 min qazanc olsa, 2 minini sənə verərəm. Hələ ona sağ ol da deyirdim ki, ayda mənə 3 min qazandırır”.

Eldar Hənifəyev qeyd edib ki, Fərhad bu işi Gülməmməd adlı şəxslə görüb: “Bir neçə dəfə də pulu mən özüm gedib götürmüşəm. Amma sonra məlum oldu ki, balıq işi yoxdur. Toyuq təsərrüfatı işi görülüb. Pul şəxsi işlərinə görə xərclənib. Mən özüm Salyanda təsərrüfatla məşğul olanda pulumu tələb elədim”.

Zərərçəkmiş bildirib ki, Fərhad Məmmədxanovla dostluq münasibətləri olduğu üçün heç vaxt belə bir hadisənin olacağını ağlına gətirməyib.

Növbəti proses aprelin 18-də davam edəcək

İttihama görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Fərhad Məmmədxanov bir neçə vətəndaşdan işə düzəltmək adı ilə ümumilikdə 800 min manat alıb. O, həmçinin telefon mağazasından “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanov həbs edilməmişdən 8 ay öncə təqaüdə çıxıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər