4 May 2018 21:42
51 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astrobioloqlar Yerə yaxın planet və onların peyklərində həyat əlamətləri axtarmağı təklif edirlər.

Teleqraf.com xarici KİV-ə istinadla Günəş sistemində hansı planetlərdə həyatın mövcud olması ilə bağlı araşdırmanı təqdim edir:

Veneranın atmosferi

Britaniya alimlərinin fikrincə, Venera atmosferinin 51-65 km yüksəkliyi həyat üçün yararlı ola bilər. Burada temperatur mənfi 20 ilə müsbət 65 dərəcə arasında dəyişir.

Atmosferin buxar halında su və kükürdlə zəngin olan bu hissəsində “Picrophilus” növlü bakteriyalar yaşaya bilər.

Maqnit sahəsinin zəif olması Veneranı qalaktik şüalar qarşısında qoruya bilmir. Günəş şuası burada Yerlə müqayisədə daha təhlükəlidir.

Marsın yeraltı okeanları

Bir çox alimlər təxmin edir ki, 3-4 milyard il öncə Yer və Mars planetlərinin hər ikisi su ehtiyatlarının zəngiliyi ilə oxşar olub.

Amerikalı geoloq Timoti Parker Marsın relyefinin araşdırdıqdan sonra belə bir qərara gəlib ki, atmosferin itməsindən sonra su ehtiyatının bir hissəsi yeraltı buzlaqlara çevrilib. Yerdən fərqli olaraq, erkən dövrdə Marsın iqlimi daha soyuq olub.

NASA alimlərinin fikrincə, okean və göllərin quruması həyatın yox olması demək deyil. Məlumdur ki, bəzi həyat formaları torpaqdan və ya atmosferdən suyu sormağa qadirdir. Bundan başqa, daha 5 milyon il əvvəl Marsda həyat üçün yararlı şərait olub. O zaman planetin orbiti 45 dərəcə bucaq altında idi. Qütblər iki dəfə çox günəş istiliyi alıb. Bu, Yerin qütblərinə düşən Günəş şüası qədərdir.

Saturnun orbitindəki buz okeanı

Saturnun böyüklüyə görə 6-cı peyki olan Entselad 40 km qalınlığında buzla əhatə olunub.

2011-ci ildə “Kassini” kosmik aparatı peykin cənub qütbündə karbon dioksid, ammonyak və natrium xlorid fantanını qeydə alıb. Alimlərin təxminlərinə görə, bu, buz qatının altında duzlu okeanın olması anlamına gəlir.

Deməli, peyk daxili istilik mənbəyinə sahibdir. Hesablamalara əsasən okeanın tempraturu 26 dərəcə ola bilər.

İsti duzlu okean həyat üçün münasib yerdir. Kosmik şüalanmadan isə qalın buz qatı sayəsində müdafiə olunur. O, həmçinin Günəş şüasını da buraxmır. Ancaq bununla belə bəzi mikrob formaları tam qaranlıqda yaşaya bilir.
Alimlərin sözlərinə görə, Entselanda şərait Antarktida buzlaqlarının altındakı həyat şərtləri ilə eynidir.


Müəllif: Ruslan