8 İyun 2018 09:05
4 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-də durğunluq illərində – 1950-cı illərin sonundan 1980-ci illərin sonunadək Moskvaya səfər edən bir sıra xarici ölkə başçılarının vaxtaşırı müttəfiq respublikalara da səfərləri təşkil olunurdu. Bu məsələdə Azərbaycan SSR də istisnalıq təşkil etməyib. O illərdə ölkəmizi Birma Prezidenti, sonralar – 1961-1972-ci illərdə BMT-nin baş katibi olmuş U Tan, Vyetnam dövlətinin qurucusu Xo Şi Min, Finlandiya Prezidenti Urxo Kaleva Kekkonen, Türkiyənin baş naziri Süleyman Dəmirəl, Bülənd Ecevit kimi tarixi şəxsiyyətlər ziyarət edib.

1980-ci ildə Bakıya Qoşulmama Hərəkatının sədri qismində Kuba Respublikasının xarici işlər naziri İsidoro Malmierka gəlib.

Bakıya 1969-1974-cü illərdə ABŞ Prezidenti olmuş Riçard Niksonun da gəlişi planlaşdırılıb. Hakimiyyətdən “Uotergeyt qalmaqalı” nəticəsində getməyə məcbur olan R.Nikson 1974-cü ildə prezident kimi birinci və sonuncu dəfə Moskvaya gəlir. Onun SSRİ-yə səfər proqramında Bakıya gəlişi də nəzərdə tutulubmuş. Prezidenti yerləşdirmək üçün layiqli qonaq evinin, ya mehmanxananın olmasını yoxlamaq üçün Moskvadan bir çox təşkilatlardan – Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizlik Komitəsindən nümayəndələr Bakıya gəliblər. Qayıdanda Moskvaya məlumat veriblər ki, Niksonun Azərbaycana getməsi üçün heç bir şərait yoxdur. Beləliklə, səfər proqramı dəyişdirilir və Nikson Bakı əvəzinə Kiyevə getməli olur.

Bakı Meksika, Bolqarıstan və Şərqi Avropanın digər sosialist ölkələrinin prezidentlərinə, İran şahı Məhəmmədrza Pəhləvinin xanımı Fərəh Pəhləviyə də mehmandarlıq edib.

Bakının məşhur qonaqlarından biri də Vyetnam Sosialist Respublikasının Prezidenti Le Zuan olub. Onu müşayiət edənlərdən biri həmin dövrdə Xarici İşlər Nazirliyində Mətbuat və informasiya idarəsinin rəisi işləmiş, hazırda Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov olub.

F.Sadıqov həmin səfərlə bağlı xatirələrini Teleqraf.com-la bölüşüb:

“Vyetnam Prezidentinin Bakıya səfəri 1981-ci ilin payızın sonlarında baş verdi. Əslində, onun vəzifəsi rəsmən prezident adlanmırdı. Ancaq ölkənin faktiki olaraq birinci şəxsi idi. Le Zuan Vyetnam Kommunist Partiyasının Baş katibi vəzifəsini daşıyırdı. O, Vyetnam Kommunist Partiyasının Xo Şi Mindən sonrakı ikinci katibi idi. 1960-cı ildən 1986-cı ilədək, yəni vəfat edənədək bu vəzifəni daşıyıb. Vyetnamın görkəmli dövlət və siyasi xadimi olmaqla beynəlxalq kommunist hərəkatının da fəallarından olub. O, Hind-Çində Kommunist Partiyasının yaradıcılarından biri hesab olunur. Ümumiyyətlə, Le Zuanın çox mürəkkəb, keşməkeşli, mübarizələrlə dolu tərcümeyi-halı var. Onun şəxsi həyatında da çətin və xoşagəlməz hadisələr baş vermişdi. Belə ki, onun qızı Le Vu An 1975-ci ildə atasının iradəsinin əleyhinə olaraq sovet riyaziyyatçısı, sonradan akademik olan Viktor Pavloviç Maslova ərə getmişdi. Le Zuanın qızı 1970-ci illərin əvvəllərində Moskva Dövlət Universitetinin fizika fakültəsində oxuyurdu. Onlar beləcə tanış olmuşdular. Onların 2 qızı dünyaya gəlmişdi. Üçüncü övlad – oğlan dünyaya gələndə Le Vu An dünyasını dəyişmiş, uşaq isə sağ qalmışdı. Bundan sonra Maslov öz uşaqlarına görə onların babası Le Zuanla mübarizə aparmalı olmuşdu. Bu mübarizə siyasi məzmun almışdı. Le Zuanın təzyiqi nəticəsində Sovet İttifaqı onun nəvəsi Antonu Vyetnama göndərməli olmuşdu. Ancaq sonda – 1985-ci ildə ata baba üzərində qələbə çaldı. Le Zuanın ölümünə bir il qalmış Anton Moskvaya – ata və bacılarının yanına qaytarıldı. Viktor Maslov öz qayınatasının üzünü bir dəfə də olsun görmədi”.

F.Sadıqov qeyd edib ki, Le Zuan “Xalqlar arasında sülhü möhkəmləndirməyə töhfəsinə görə” 1980-ci ildə SSRİ-nin ən yüksək mükafatlarından olan Beynəlxalq Lenin Mükafatının laureatı olmuşdu:

“Həmin mükafatı almaq üçün Moskvaya səfəri əsnasında Le Zuan Bakıya gəldi. Onu Bakıda yüksək səviyyədə qəbul etdilər. Moskvadan da onu müşayiət edənlər var idi. Proqrama uyğun olaraq şəhərin bütün görməli yerlərini ona göstərdilər və çox razı qaldı. Çünki azərbaycanlılar hər zaman qonaqpərvər olublar”.

F.Sadıqov Le Zuanla bağlı maraqlı bir əhvalatı danışıb:

“Fəvvarələr Meydanında XVIII ordunun muzeyi var idi. İndi onun yerində gözəllik salonu yerləşir. Həmin ordu məşhur bir ordu idi. Vaxtilə orada Sov.İKP-nin Baş katibi Leonid Brejnev xidmət etmişdi. Brejnev polkovnik rütbəsində həmin ordunun siyasi idarəsinin rəhbəri olmuşdu. Bu muzey onun xatirəsinə tikilmişdi. Ancaq bu muzey təkcə Azərbaycanda deyil, bir çox müttəfiq respublikalarda inşa olunmuşdu. Le Zuanı həmin muzeyə apardılar. Mən XİN tərəfindən onu müşayiət edirdim. Le Zuan avtomobildən düşən kimi dayandı.

Mühafizəçilər ona az qala paltosunun düymələrini açmağa kömək etdilər, paltosunu əynindən çıxardılar. Sonra qoluna girib onu muzeyə apardılar. Biz düşündük ki, yəqin o, özünü pis hiss edir. Ona görə çətinliklə yeriyir. Le Zuan muzeyə daxil oldu, bütün eksponatlara baxdı, xatirə kitabına ürək sözlərini yazdı, onu maraqlandıran məsələlərlə bağlı suallarını verdi. Bundan sonra muzeyin çıxış qapısına yaxınlaşdı, yenə qoruyucular onun qoluna girib muzeydən çıxardılar, paltosunu geyindirdilər. Bundan sonra mən bir məqama fikir verdim. O, düymələrini dərhal, cəld şəkildə özü bağladı. Başını müavininə tərəf çevirdi, ona vyetnamca nəsə dedi. Sonra ora yığışan camaata əl elədi, daha sonra gümrah, kefi kök şəkildə maşına yaxınlaşdı. Maşının qapısını özü açdı və mindi. Mən bu vəziyyətə çox təəccüb etdim. Dedim, necə oldu ki, o, birdən-birə canlandı, özü paltosunu geyindi, düyməsini özü bağladı, camaata əl elədi və maşına minib ərazidən uzaqlaşdı. Sonra fikirləşib bunu özüm üçün aydınlaşdırdım. Moskvadan onu müşayiət edən şəxslərlə söhbətdən sonra isə məsələ tam aydın oldu”.

F.Sadıqov daha sonra deyib:
“Həmin dövr Brejnevin ömrünün son illəri idi. O, xəstə idi və çətinliklə gəzirdi. Cəmi iki il sonra – 1982-ci ilin noyabrında da vəfat etdi. Brejnev də ömrünün son illərində addımlarını bu cür atırdı. Mühafizəçiləri onun qoluna girməklə gəzdirirdilər. Le Zuan Brejnevin xidmət etdiyi XVIII orduya həsr olunmuş muzeyi ziyarət edəndə özünü Brejnevə oxşatmaq, onun imicini yamsılamaq istəyib. Ondan fərqli görünmək istəməyib. Sanki, o da böyük bir dövlətin rəhbəridir, Berjnevə bənzər bir rəhbərdir. Bakıya gəlməzdən öncə o, Moskvada Brejnevlə görüşmüşdü və onun hərəkətlərini götürmüşdü. Bununla bəlkə də o, Brejnevə ehtiramını bildirirdi. Muzeydən çıxanda isə əvvəlki adamdan əsər-əlamət qalmamışdı. Sanki başqa bir insan idi. Bax, Vyetnam Prezidentinin Bakıda belə bir qəribə hərəkəti olmuşdu”.


Müəllif: Səxavət Həmid