Hər bir ölkənin öz dövlət maraqları var, iri dövlətlər, güclü ölkələr bu maraqlar çərçivəsində öz oyunlarını qururlar. Amma bu o demək deyil ki, bütün problemlər məhz xarici təsirlərdən qaynaqlanır.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bu məsələ ilə bağlı Türkiyəni misal çəkib və qeyd edib ki, qardaş ölkədə gərgin, maraqlı seçki prosesi gedir, əsas mövzulardan biri iqtisadiyyatdır:
“AKP hökumətinin müstəqil iqtisadi institutları zəiflətməsi, nəzarətə almaq cəhdləri, məhkəmələtdə mülkiyyət çəkişmələri ilə bağlı ədalətsiz qərarların olması iqtisadiyyata ciddi təsir edib. Nəticə olaraq bir çox nüfuzlu beynəlxalq təşkilatlar Türkiyənin reytinqini, notunu endirib. Ən son “Moody's” ölkə banklarının reytinqini saldı, AKP hökuməti bunu Türkiyənin daxili işinə qarışmaq, seçkilərə təsir etmək üçün xarici qüvvələrin planı kimi təqdim etməyə çalışır.
Halbuki “Moody's” son illərdə, Çili, Braziliya, Argentinanın, Yunanıstanın, Fransa, İspaniya və İtaliyanın, hətta bəzi ABŞ banklarının da kredit notunu endirib. Ümumiyyətlə isə “Moody's”in notunu endirib-artırmadığı ölkə yoxdur. Amma demokratik ölkələrin hökumətləri heç vaxt bu addımlardan sonra çıxıb, “Moody's” bizim daxili işimizə qarışır", deməyiblər. Çünki bunu demək ayıb sayılır, xalqı aldatmaq olur. Halbuki “Moody's” Türkiyənin gückü inkişaf dövründə seçki illərində ölkənin notunu dəfələrlə yaxşılaşdırıb - bu məntiqlə AKP-yə kömək edib, amma indi nədənsə AKP bunu xatırlamır”.
Natiq Cəfərli qeyd edib ki, Rusiyada da eyni problem var, ölkədə daxili problemlər üst-üstə yığılıb, amma Kreml buna görə ABŞ və Avropanı ittiham edir: “Rusiyada xarici düşmən obrazı çox vacib idarəetmə elementinə çevrilib”.
Ekspertin sözlərinə görə, bir çox qeyri-demokratik ölkələrdə bütün problemləri “xarici qara qüvvələr”ə bağlamaq, hər yerdə “Avropa əli”, “ABŞ barmağı” axtarmaq adi hala çevrilib.