13 İyun 2018 09:05
4 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya liderlərinin ay ərzində nə qədər əməkhaqqı aldığı, illik qazancının nə qədər olduğu hər zaman maraq kəsb edən mövzulardandır.

Teleqraf.com-un təqdim etdiyi növbəti yazıda liderlərin rəsmi şəkildə nə qədər məvacib almasından, bunun il ərzində nə qədər vəsait təşkil etməsindən bəhs edilir. Qeyd edək ki, prezidentlər əməkhaqlarını milli valyuta ilə alsalar da, yazıda milli valyutalar ABŞ dollarına konvertasiya olunub və onların dollar ekvivalenti əsas götürülüb.

Donald Tramp, ABŞ Prezidenti
İldə 1 dollar

Donald Tramp seçkinin qalibi olandan dərhal sonra prezident maaşından imtina etdiyini açıqladı. ABŞ-da prezidentin illik əmək haqqı 400 min dollardır. Bu, ay ərzində 33 min, bir gün üçün 1095 dollar deməkdir. D.Tramp bəyan etdi ki, il ərzində cəmi 1 dollar alacaq – qanuna görə bundan az mümkün deyil. Hazırkı prezidentin sərvətinin həcmi 3 milyard dollardır. Tramp onu da bəyan etdi ki, buna görə o, əməkhaqqı almadan da işləyə bilər. Trampa qədər isə ABŞ prezidentlərindən Herbert Quver və Con Kennedi əməkhaqqı almadan işləyiblər.

ABŞ-da minimum aylıq əməkhaqqı 1160 dollardır.

Petro Poroşenko, Ukrayna Prezidenti
İldə 12 200 dollar

Ukrayna Prezidenti illik 12 200 dollara işləyir. Bu, ayda 1018, gündə 33 dollar deməkdir. “Forbes” jurnalının açıqladığı reytinqə görə, P.Poroşenko 1,3 milyard dollarla Ukraynanın 6-cı ən zəngin adamıdır.

Ukraynada minimum aylıq əməkhaqqı 133 dollardır.

Si Cinpin, Çin Xalq Respublikasının sədri
İldə 20 500 dollar

Si Cinpin təvazökar əməkhaqqı alır – ildə 20 593 dollar. Bu, ay ərzində 1716, günlük 56 dollar deməkdir. Özü də Çin liderinin bu qədər əməkhaqqı alması 2015-ci ildə onun əməkhaqqının 62 faiz artırılmasından sonra mümkün olub. ÇXR liderinin özü, həyat yoldaşı və qızı biznesə malik deyil, ancaq onun yaxın qohumlarının sərvəti 376 milyon dollar dəyərində qiymətləndirilir.

Çində minimum aylıq əməkhaqqı əyalətdən əyalətə dəyişir və 150-300 dollar aralığındadır.

Sauli Niinistö, Finlandiya Prezidenti
İldə 146 700 dollar

Dünyanın ən firavan ölkələrindən birinin prezidenti olan, bu ilin yanvar ayında ikinci dəfə dövlət başçısı seçilən Sauli iinistönün illik əməkhaqqının məbləği 146 700 dollardır (ayda 12 225, yaxud gündə 492 dollar).

Finlandiyada minimum aylıq əməkhaqqının məbləği müəyyənləşməyib, ancaq müxtəlif mənbələrə görə bu rəqəm 2000 dollara yaxındır.

Vladimir Putin, Rusiya Prezidenti
İldə 151 000 dollar

Vladimir Putin illik 151 032 dollar maaş alır. Bu, ayda 12 586, yaxud gündə 414 dollar edir.

Rusiyada minimum aylıq əməkhaqqı 140 dollardır.

Tereza Mey, Böyük Britaniyanın Baş naziri
İldə 198 min 500 dollar

Tereza Mey ölkəni sərt şəkildə idarə edir və buna görə ildə 198 509 dollar alır. Baş nazirin bir aylıq maaşı 16 542 dollardır. Onun bir gününə 544 dollar düşür. Bundan əlavə o, ayaqqabılara ehtiraslı sevgi bəsləyir – onun böyük tufli kolleksiyası var. Baş nazir onları şəffaf qutularda saxlayır ki, “vacib cütlüklərə” əlavə vaxt itirməsin.

Böyük Britaniyada minimum aylıq əməkhaqqı 1569 dollardır.

Emmanuel Makron, Fransa Prezidenti
İldə 211 500 dollar

Fransa tarixinin ən gənc prezidentinin illik əməkhaqqı 211 530 dollardır. Bu, aylıq 17 628, yaxud günlük 580 dollar deməkdir. Siyasətlə məşğul olmadan öncə Makron bank sferasında çox sürətli karyera qurub. Ona görə də “maliyyə Mosartı” ləqəbini alıb. Onun komissiyadan əldə etdiyi gəlir ildə 1 milyon dollar təşkil edib.

Fransada minimum aylıq əmək haqqı 1758 dollardır.

Cimmi Morales, Qvatemala Prezidenti
İldə 231 000 dollar

Keçmiş komediya aktyoru olan Qvatemala Prezidenti Latın Amerikası ölkələrinin dövlət başçıları arasında ən yüksək əməkhaqqı alan şəxsdir. Onun illik maaşı 231 min dollardır. Bu, ayda 19 300, yaxud gündə 634 dollar deməkdir. Səlahiyyətlərinin icrasına başlayarkən , o, seçkiqabağı dövrdə gəlirinin yarısını xeyriyyəçiliyə sərf edəcəyinə dair verdiyi vədi yerinə yetirərək birinci il üzrə hər ay aylıq maaşının 60 faizini ehtiyacı olanlara bağışlayıb.

Qvatemalada minimum aylıq əməkhaqqının məbləği 200 dollara yaxındır.

Angela Merkel, Almaniya Federativ Respublikasının kansleri
İldə 263 000 dollar

Angela Merkelin illik maaşı 263 min dollardır (ayda 22 min, bir gün üçün 720 dollar) O, xidməti mənzildən imtina edib və əri ilə Berlinin mərkəzində adi beşmərtəbəli evdə yaşayır.

Almaniyada minimum aylıq əməkhaqqının məbləği 1780 dollardır.

Castin Trüdo, Kanadanın Baş naziri
İldə 267 000 dollar

Kanada Baş nazirinin məvacibi il ərzində 267 415 (aylıq 22 285, günlük 733 dollar) dollar təşkil edir. O, ötən il məzuniyyətini Baham adalarında keçirmək üçün dostu, şahzadə Kərim Ağa xanın (Kərim Ağa-xan İsveçrədə yaşayan müsəlman din xadimi, həmçinin milyonçudur-S.Həmid) hesabına sözügedən adalara uçub. Bu hadisə Kanadada siyasi qalmaqala və Ağa xanın Kanada siyasətinə Baş nazir vasitəsilə nüfuz etməsinə dair şübhələrə səbəb olmuşdu. Trüdo bu hadisəyə görə üzr istəmiş və diqqətli olacağına dair söz vermişdi.

Kanadada minimum aylıq əməkhaqqı əyalətdən əyalətə dəyişir, ancaq orta hesabla 1400 dollar təşkil edir.

Malkolm Ternbull, Avstraliyanın Baş naziri
İldə 403 700 dollar

Avstraliyanın Baş naziri M.Ternbull ildə 403 745 dollara işləyir. Bu, aylıq 33 645, günlük 1106 dollar edir. O, multimilyonçu olsa da, D.Tramp kimi əməkhaqqından imtina etməyib. M.Ternbull keçmiş bankir və sahibkardır.

Avstraliyda minimum aylıq əməkhaqqının məbləği 1900 dollardır.

Doris Loythard, İsveçrə Prezidenti
İldə 437 000 dollar

İsveçrədə prezident vəzifəsi formal xarakter daşıyır – prezident nazirlər arasından 1 il müddətinə seçilir. Artıq ikinci dəfə prezident vəzifəsini icra edən Doris Loythardın illik maaşı digər nazirlərin maaşı ilə eynidir – 437 min dollar (ayda 36 min, gündə 1200 dollar).

İsveçrədə minimum əməkhaqqının məbləği qanunla müəyyənləşməyib, təkcə Nevşatel kantonunda onun məbləği 1 saat üçün 20 dollardır.

Li Syanlun, Sinqapurun baş naziri
İldə 2,2 milyon dollar

Li Syanlunun atası Li Kuan Yu da Sinqapurun baş naziri olub. O, ölkəni 31 il idarə edib. Atanın dövründə ölkə iqtisadiyyatı sıçrayışlı inkişaf dövrünü yaşayıb, həmin siyasət oğulun dövründə də davam etdirilir.

O, dünya liderləri arasında ən yüksək əməkhaqqı alan şəxsdir – illik 2,2 milyon dollar. Sinqapur lideri ayda 147 min dollar maaş alır ki, bu da gün ərzində 7350 dollar edir. Baş nazir özü bunu “ədalətli və reallığa uyğun” hesab edir. Ümumiyyətlə, Sinqapurda idarəetmənin yüksək pilləsində qərarlaşan 31 nəfərin illik maaşına ümumilikdə 53 milyon dollar sərf olunur. Li Syanlunun əməkhaqqı daha çox ola bilərdi. Belə ki, ictimai etirazlardan sonra onun illik məvacibi 36 faiz ixtisar olunub. Ancaq hal-hazırda da Sinqapurun Baş naziri il ərzində Kanada, Avstriya, İsveçrə, Belçika, Rusiya və Avstraliya rəhbərlərinin bir yerdə götürülmüş illik maaşından daha çox qazanır.

Sinqapurda da minimum aylıq əməkhaqqının məbləği qanunla müəyyənləşməyib, ancaq qeyri-rəsmi məlumatlara görə, onun məbləği 1000 dollara yaxındır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər